25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qərbin əlindən “erməni silahı”nı necə almalı? politoloq: “Minsk Qrupu formatında daha 30 il danışıq aparıla bilər, amma...”
Ötən həftə Ermənistan və ABŞ-ın üzdəniraq Minsk Qrupunu (MQ) dirçəltməyə yönəlik yeni cəhdlərinin şahidi olduq. Əslində rəsmi İrəvanın MQ ilə bağlı israrı bilavasitə Qərbin analoji mövqeyinə bağlıdır. Hətta MQ-nin üzvü olmayan Almaniyanın Ermənistandakı səfiri keçən həftə İrəvanda baş nazir Nikol Paşinyanla görüşdə “münaqişənin həlli üçün Minsk Qrupu formatının vacibliyini” vurğuladı.
Aydındır ki, özəlliklə ABŞ İrəvana “bəlkə də qaytardılar” yönündə boş ümidlər verməsə, sonuncu 44 günlük savaşdakı darmadağından sonra da özünü qalib ədası ilə aparmaz. Əksinə, Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq haqda düşünər. Çünki sülh anlaşmasının gecikməsi yeni müharibə deməkdir - hansı ki, Ermənistan adlı süni və simvolik dövlətin öz varlığını böyük sual altına qoyacaq...
*****
Əlbəttə, kollektiv Qərbin MQ ilə bağlı davam edən spekulyativ çağırışları heç də bölgədə ədalətli sülhü bərqərar eləmək məramından və yaxud Azərbaycana sayğı-sevgidən qaynaqlanmır. Hədəf konfliktin davam etdiyi görüntüsünü yaradıb, regionda özünə yer eləməkdir.
Söhbət xüsusən də ABŞ-dan gedir. Yəqin hesab edirlər ki, 44 günlük müharibə və onun nəticələri, 10 noyabr üçtərəfli kapitulyasiya sənədi Qərbi “ofsayt” duruma saldığı, Rusiya hərbi cəhətcə Qarabağda peyda olduğu üçün yeni reallığa qarşı nəsə eləmək lazımdır. Bunu da ənənəvi “erməni kartı” sayəsində həyata keçirməyi düşünürlər.
Amma bir şeyi unudurlar ki, qondarma “soyqırımı”ndan Türkiyəyə qarşı on illərlə istifadə hansı nəticəni verdisə, ölkəmizə qarşı bu qəbildən cəhdlər də təxminən eyni cür - uğursuzluqla yekunlaşacaq. Azərbaycan hansısa xarici gücə və ya (ermənipərəst) dövlətlər qrupuna öz daxili işlərinə müdaxilə üçün, ələlxüsus daxili inzibati-ərazi bölgüsü məsələsinə qarışmaq üçün bir daha mandat verməyəcək. Bu məsələ qapanıb.
Bəs bu qəbildən mümkün təhdidləri zərərsiz hala gətirmək üçün rəsmi Bakı başqa nələr eləməlidir?
Politoloq Zərdüşt Əlizadənin fikrincə, yollardan biri erməni tərəfi ilə qısa zamanda sülhə nail olmaqdır (Teleqraf.com). “Bununla da prosesi yekunlaşdırmaq olar. Bunun ardınca Azərbaycanla Ermənistan birgə mövqe ortaya qoya bilər ki, bizim aramızda vasitəçilərə ehtiyac yoxdur. Eyni zamanda diplomatik yolla da buna nail olmaq mümkündür. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə məktub ünvanlayıb onlara nəcib səylərinə görə təşəkkür edə bilər. Həmin məktubda qeyd olunar ki, bundan sonra Azərbaycan keçmiş münaqişə tərəfi kimi hər hansı bir vasitəçinin, təşkilatın,
qrupun xidmətinə ehtiyac duymur. Bununla da rəsmi olaraq Minsk Qrupundan imtina edilmiş olar. Eyni zamanda üç ölkənin Rusiya, Fransa və ABŞ-ın xarici işlər nazirlərinə də məktub ünvanlanaraq qeyd edilər ki, Azərbaycan artıq münaqişəni bitmiş hesab edir, vasitəçiyə də ehtiyac duymur. Bu, sözsüz ki, diplomatik bir yanaşmadır”, - deyə o qeyd edib.
Lakin politoloqa görə, bu addımın fəsadları mümkündür: “Azərbaycan belə bir addım atarsa, ondan incik düşmüş Fransa, Rusiya və ABŞ birgə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatda bu məsələni qaldıra bilər. Amma bunun qarşısını ala biləcək 2 güc var - Böyük Britaniya və Çin. Azərbaycanın da bu məsələdə zəmanəti olmalıdır ki, heç olmasa onlardan biri bu üç dövlətin birləşib bizə qarşı düşmənçilik layihəsinə veto qoysun. Azərbaycanın buna əminliyi var, ya yox, bunu demək olmaz”.
Z.Əlizadənin sözlərinə görə, Azərbaycanın bu məsələdə atacağı növbəti addım o ola bilər ki, biz də bu oyuna qoşulaq və vasitəçilərlə “rəqs etməyə” başlayaq. “Beləliklə, bir 30 il də onlarla ”oyun" oynayaq. Minsk Qrupunu təzədən “tanıyaq”, danışıqlar oyununu davam etdirək. Təbii ki, növbəti 30 il ərzində heç bir hərbi əməliyyat olmayacaq. Amma bu 30 il ərzində Qarabağda elə bir demoqrafik vəziyyət yaratmalıyıq ki, artıq məsələ tam həllini tapsın. Orada olan ermənilər tədricən Azərbaycanın ictimai-siyasi həyatına qoşulsunlar. Gərginlik aradan qalxsın, Ermənistanla münasibətlər tənzimlənsin. Paralel şəkildə ATƏT-də formal “danışıqlar” getsin. Amma elə bir reallıq yaransın ki, daha hansısa “status” söhbəti mənasız görünsün", - politoloq əlavə edib...
Təəssüf ki, Ermənistan rəhbərliyi, Nikol Paşinyan Azərbaycanla birbaşa yox, hələ də hansısa vasitəçilər hesabına danışıqlara can atır. Bilə-bilə ki, vasitəçi dövlətlər ən əvvəl öz maraqlarını güdür, nəinki kapitulyant ölkənin. Onu da bilə-bilə ki, vasitəçilərin arasında ən betəri, ən yararsızı elə “Minsk üçlüyüdür”.
“Hansı Minsk Qrupundan dəm vurulur?! Adamda elə təəssürat yaranır ki, Ermənistan hökumətinin başçısı dünyada baş verənlərdən, Rusiya ilə ATƏT-in Minsk Qrupunun üzvü olan digər dövlətlər arasında baş verənlərdən xəbərsizdir”.
“Yeni Müsavat”ın məlumtaına görə, belə bir haqlı iradı rusiyalı politoloq, “İnoSMI” portalının siyasi icmalçısı Dmitri Babiç Caliber.az-a açıqlamasında Paşinyanln sülh oyunlarını şərh edərkən bildirib.
Onun qənaətincə, aydındır ki, Paşinyan fəaliyyət göstərməyən quruma, fəaliyyət mexanizmi olmayan Minsk Qrupuna ümid bağlamaqla hansısa pis niyyətlər güdür: “Ciddi siyasətçi və ümumiyyətlə, normal insan fəaliyyətsiz quruma üz tutmaz. Düşünürəm ki, 44 günlük müharibədəki məğlubiyyətdən, müharibəni uduzduqdan sonra Paşinyanb sadəcə, döyüş meydanında itirdiklərini, xüsusən də nüfuzunu diplomatik meydanda geri qaytarmağa çalışır. Bunun üçün də o, Qərb dövlətlərini nizamlanma prosesinə cəlb
etməyə çalışır. Ermənistanın baş nazirinə elə gəlir ki, bu işdə Qərb ona kömək edə bilər”.
Analitik bunu mümkünsüz sayır. “Azərbaycan öz torpaqlarını azad edib və bu gün sülhə çağırır. Qərb isə zaman-zaman 44 günlük müharibənin nəticəsinin ədalətli olmasını şübhə altına alır. ”Danışan başların" köməyi ilə 10 noyabr 2020-ci il bəyanatının ədalətsiz olduğunu və s. bildirir. Bəs konkret olaraq onları nə qane eləmir sualını verəndə deyirlər ki, Rusiyanın regionda təsiri artıb", - deyə o vurğulayıb və əlavə edib ki, əgər Qərb dövlətləri Ermənistan-Azərbaycan məsələsinin həllinə qarışsa, o zaman müharibənin nəticələrinə Ermənistanın xeyrinə yenidən baxmağa çalışacaqlar.
Əlbəttə, Qərbin “süddən çıxmış ağ qaşıq” olmadığını kim bilməsə də, Azərbaycan yaxşı bilir. Rusiyanın özünün də bölgədə hansı maraqları güddüyü aşağı-yuxarı bizə məlum. Odur ki, hərbi, iqtisadi, siyasi-diplomatik gücümüzü daim artırmalı, qardaş Türkiyə ilə strateji müttəfiqliyimizi daha da gücləndirməli və BMT TŞ-də həlledici söz sahibi olan Böyük Britaniya kimi tərəfdaş dövlətlərlə sıx əlaqələr qurmalıyıq. Çünki güclə, güclü ilə hamı hesablaşır - o cümlədən kollektiv Qərb...
“Yeni Müsavat”