Qarabağda vəziyyət partlayış həddinə! - “Bir neçə günə...


Antiterror əməliyyatı artıq konkret zaman söhbətidir; Ermənistana xarici sərmayə yatırımı 65% azalıb, ölkədən kütləvi köç sürətlənib, Paşinyan komandası isə "sehrbazlıq"la məşğuldur...

Ermənistanın Azərbaycanla ədalətli sülhə maraqlı olduğuna dair hər hansı ciddi dəlil-sübut hələlik gözə dəymir. Nikol Paşinyan və komandası iki ildir sülhpərvər çuxası geysə də, faktiki "müharibə partiyası"ndan fərqli özəlliyi yoxdur. Görünən habelə budur ki, məğlub ölkə Ukraynadakı müharibədən dolayı müəyyən dividentlərə ümidlidir. Guya İrəvan üçün Bakı ilə danışıqlarda daha məqbul şərait yetişə bilər. O səbəbə yalançı "sülh gündəmi" ilə vaxtı uzatmağa çalışırlar. Ancaq unudurlar ki, zaman ermənilərə işləmir.

Bu arada məlum olub ki, 2022-ci ilin 1-ci rübündə ötən illə müqayisədə Ermənistana xarici sərmayə yatırımı 65% (1.1 milyon dollar) azalıb. Erməni iqtisadçılar həyəcanla onu da bildirirlər ki, investisiyaların azalması ən çox iqtisadiyyat üçün mühüm sahələrdə özünü göstərib.

Əlbəttə ki, xarici sərmayə yatırımı və biznes üçün vacib şərtlərdən biri ölkədə iqtisadi münasibətlər, investisiyalar üçün perspektiv baxımından təhlükəsiz şərtlərin və zəmanətin mövcudluğu, qonşu ölkələrlə normal ticari-iqtisadi, logistik əlaqələrin qurulmasıdır. Ermənistan isə öz günahı üzündən hələ də blokada şəraitində, qonşulara qarşı düşmən münasibətdədir. Üstəgəl, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaması ilə o, özünün də ərazi bütövlüyünü şübhə altına qoyub. Bundan əlavə, Ermənistan potensial olaraq, yeni müharibə ocağı olaraq qalır.

*****

Həm də bu səbəbə, yəni sabaha olan inamsızlıq üzündən Ermənistandan kütləvi köç davam edir.

"Ermənistan vətəndaşları üçün son üç onillikdə siyasi mübarizənin ən yaxşı forması - "ayaqları ilə səs vermək", başqa sözlə, mühacirət olub. Ona görə də vətəndaşların əksəriyyəti siyasi aksiyalarda iştirakdan yayınır".

"Yeni Musavat"ın məlumatına görə, bu fikri yerli mediaya müsahibəsində erməni siyasi texnoloq Armen Bədəlyan söyləyib.

"Şübhəsiz ki, bu gün xalqın müəyyən hissəsinin etiraz aksiyalarında iştirakının səbəbləri var. Problem ondadır ki, milli ideyalar və şüarları yalnız Ermənistan əhalisinin cüzi bir hissəsi dəstəkləyir", - deyə Bədəlyan qeyd edib.

Nəticədə, siyasi texnoloqun fikrincə, Ermənistan vətəndaşları bu və ya digər problemlə üzləşdikdə öz hüquqları uğrunda mübarizə aparmağa deyil, mühacirətə üstünlük verirlər. "Beləcə, Ermənistan cəmiyyətinin hakimiyyətə, ədalətsizliyə və bununla bağlı digər problemlərə qarşı mübarizə aparmasının əsas yolu məhz mühacirətdir", - Bədəlyan vurğulayıb.

*****

Şübhəsiz ki, bu prosesi "demokrat" Paşinyan da durdura bilməyəcək. Necə ki, 4 ildir bacarmır. Ona görə ki, əsas şərt təmin edilməyib - nə barədə ki, az yuxarıda yazdıq. Başqa sözlə, rəsmi İrəvan nə qədər gec deyil, ilk növbədə öz qonşuları ilə normal əlaqələr qurulmasına nail olmalıdır. Bunsuz Ermənistana Avropa İttifaqının vəd elədiyi 2 milyard avroluq maliyyə yardımının da faydası olmayacaq - qum təpəsinə tökülmüş bir vedrə su kimi.

Azərbaycan və Türkiyə ilə barışığın şərtləri isə çoxdan masada. İrəvan davakar ritorikadan, fantastik arzulardan və tələblərdən əl çəkib realist siyasətə keçməlidir. Xaricdəki bəzi məkrli çevrələrin şirnikləndirici və təhrikedici mövqeyinə aldanıb köhnə qeyri-konstruktiv siyasəti təkrarlamamalıdır. Bunu da unutmamalıdır ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bugünlərdə söylədiyi kimi, İrəvanla münasibətlərdə qardaş ölkə üçün "qırmızı xətt" məhz Azərbaycandır.

Yəni Azərbaycanla sülh müqaviləsinin imzalanması, qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması kifayət edəcək ki, Ermənistanın Türkiyə ilə əlaqələri avtomatik qaydaya düşsün. Əks halda, kapitulyant ölkə hələ uzun müddət blokada şəraitində, Ermənistanın simvolik dövlətçiliyi isə yox olmaq riski ilə üz-üzə qalacaq.

*****

Təəssüf ki, xırda istisnalarla erməni siyasi elitasının bu gerçəyi gördüyünü müşahidə eləmirik. İrəvanın hələ də köhnə, heç vaxt reallaşmayacaq iddialarla yaşadığını Ermənistan xarici işlər naziri Ararat Mirzoyan srağagün bir daha ortaya qoyub. Belə ki, iki gün qabaq çexiyalı həmkarı ilə görüşdə o, sırtıqcasına deyib: "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinə nail olunmasında əsas rol oynayır. Bu baxımdan, Minsk Qrupu həmsədrliyinin səylərinə və roluna davamlı yardıma görə Çexiya tərəfinə minnətdarlığımı bildirirəm".

Görəsən, ölü bir qurum hansısa məsələdə necə əsas rol oynaya bilər, üstəlik, belə bir məsələ heç mövcud deyilsə? Və yaxud Çexiya Minsk Qrupu həmsədrliyinin "işinə" hansı "töhfələri" verib, o da yəqin yalnız fantazyor və siyasi "sehrbaz" Mirzoyanın özünə bəllidir.

Bunlar azmış kimi, kapitulyant ölkə 10 noyabr sənədinin əsas bəndlərini yerinə yetirməkdən israrla yayınır, sərhədlərimizdə mütəmadi təxribatlar törədir. Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri qalır. Hətta vaxtaşırı silahlı separatçılar hərbçilərimizə atəş açır, səngərlər qazıyıb təzə cəbhə xətti yaratmağa cəhd edirlər. Əfsus ki, çox vaxt da Rusiya "sülhməramlılar"nın gözü qarşısında.

O zaman Azərbaycan və onun müzəffər ordusu üçün hansı çıxış yolu qalır, bunu da gərək qarşı tərəf(lər) yaxşı hesablasın...

*****

"Son olaylar bir daha göstərir ki, Ermənistan rəhbərliyindəki şəxslər 10 noyabr sazişinə əməl etmək niyyətində deyil. İnsidentlərin çoxalması Azərbaycanın qəti addımlar atması ilə nəticələnəcək".

Bunu mətbuata açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, ordumuz çox tezliklə əməliyyatlara başlaya bilər: "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması ölkəmizi qəti addımlar atmağa məcbur edir. Bu təxribatlar cavabsız qalmayacaq. Biz yaxın günlərdə və ya saatlarda Azərbaycan tərəfinin adekvat cavablarını müşahidə edəcəyik. Yəni antiterror əməliyyatının başlaması elə də uzaqda deyil. Bir gündə 9 dəfə atəşkəsin pozulması Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması mənasına gəlir".

Ekspertə görə, təxribatların çoxalması həm də orada xidmət edən əsgərlərimizin həyatına təhlükə yaratdığı üçün Azərbaycan düşmənin atəş nöqtələrini darmadağın etməli və həmin ərazilərdə bayrağımızı qaldırmalıdır. "Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində Rusiya tərəfinə ciddi iradlarını bildirmişdi. Görünür, general Volkov ona ünvanlanan bəyanatlardan düzgün nəticə çıxarmayıb. Belə təxribatların çoxalması növbəti Fərrux zəfərinin təkrarlanması ilə nəticələnək", - deyə o əlavə edib.

*****

Sözsüz ki, vəziyyətin partlayış həddinə çatdığının ən çox Rusiya fərqində olmalıdır. Erməni tərəfini təcili ağla gətirməyin zamanıdır. Yoxsa bunu necə keyfiyyətli eləməyi Azərbaycan çox yaxşı bilir...




Oxşar Xəbərlər

Xəbər lenti