Kılıçdaroğlu İmamoğluna belə badalaq vurur - ŞOK DETALLAR


Türkiyədə ötən ay keçirilən prezident və parlament seçkilərinin müxalifətin biabırçı məğlubiyyəti ilə başa çatması hakimiyyət əleyhdarları arasında qarşıdurma yaradıb. Müxalifətin iki əsas siyasi təşkilatında - CHP və İYİ Partiyasında daxili qarşıdurma yenidən güclənib. 

Sozcu.info xəbər verir ki, həm prezidentliyə keçmiş nazmizəd Kemal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP-də, həm də  "Millət" İttifaqının aparıcı üzvlərindən olan və sabiq Daxili işlər naziri Meral Akşenerin sədri olduğu İYİ Partiyasında dəyişiklik ruzigarları əsməyə başlayıb. Xüsusilə CHP-də narazıların sırasının sürətlə genişlənməsi bu partiyada dəyişiklikləri qaçılmaz edib. K.Kılıçdaroğlunun sədrlikdən getməsinin və partiyada islahatların aparılmasının vacibliyini dilə gətirənlərin arasında İstanbulun bələdiyyə başqanı Ekrem İmamoğlunun da olması partiyadaxili müxalifətin mövqelərini bir qədər də gücləndirib. 

Sədr postunda uzun müddət qala bilməyəcəyini artıq K.Kılıçdaroğlu və yaxın ətrafı anlamağa başlayıb. Məlumatlara görə, 74 yaşlı Kılıçdaroğlu məcburiyyət qarşısında qalıb sədrlikdən getsə belə, partiya üzərindəki nəzarətini itirmək istəmir. Kılıçdaroğlunun bu arzusunu reallaşdırmaq üçün ağlasığmaz plan hazırladığı bildirilir. 

"Yeni Sabah" türkiyəli analitiklərə istinadla xəbər verir ki, hazırda Kemal Kılıçdaroğlunun qarşısında dayanan bir nömrəli vəzifə təkcə CHP və müxalif düşərgədə deyil, həm də Türkiyə cəmiyyətində böyük nüfuz sahibi olan İstanbulun bələdiyyə başqanı Ekrem İmamoğlunun sədrliyə gedən yolunu kəsməkdir. Türkiyə KİV-lərinin yazdığına görə, CHP sədri özünün varis planını reallaşdırmağa hazırlaşır. Kemal Kılıçdaroğlunun CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özeli sədr postuna gətirmək istədiyi deyilir. 

CHP sədrinin bu planını payızda keçiriləcək qurultayda reallaşdıracağına dair məlumatlar var. Qurultayın keçirilməsi bu ilin noyabr ayında nəzərdə tutulsa da, hazırlıq prosesinə artıq start verilib. Yaxın günlərdə CHP-nin şəhər, rayon, qəsəbə və kənd təşkilatlarında ümumi yığıncaqların keçirilməsinə və qurultayda iştirak edəcək nümayəndələrin seçilməsinə başlanəlacaq. CHP-nin yüksək strukturlarındakı şəxslərin mətbuata sızdırdığına görə, Kemal Kılıçdaroğlu qurultay nümayəndələrinin özünə sadiq olan partiya üzvlərinin arasından seçilməsinə göstəriş verib.

Bunda məqsəd sədrliyə namizəd olacağı təqdirdə E.İmamoğlunun daha az səs yığmasını təmin etməkdir. K.Kılıçdaroğlu və yaxın ətrafı hər vəchlə Ekrem İmamoğluna simpatiya bəsləyən CHP-lilərin qurultay nümayəndəsi olmasının qarşısını almağa çalışır. 

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti