Ümumilli Lider Çin-Azərbaycan dostluğunun təməlini qoyan insan olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.Müsahibəyə görə minnətdarıq. Biz yalnız üç gündür Bakıdayıq. Ölkənizin və şəhərin nə dərəcədə müasir olması bizdə dərin təəssürat yaratdı və getdiyimiz hər yerdə bir Azərbaycan elementi var.Düzdür. İlk öncə, Azərbaycana xoş gəlmisiniz. Gəldiyinizə və ölkəmizə diqqət yetirdiyinizə görə sağ olun. Çox şadam ki, siz Azərbaycanda bir neçə gün olacaqsınız və bu, ölkəmizi və xalqımızı daha yaxından tanımaq üçün yaxşı fürsət olacaqdır. Tamamilə haqlısınız ki, biz şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, biz ölkəmizi müasirləşdiririk. Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz. Zənnimcə, bu, həqiqətən mühüm nailiyyətdir və bunu qeyd etdiyinizə görə sağ olun.

Cənab Prezident, müsahibəmizin əvvəlində bildirmək istəyirəm ki, bu il mərhum atanız Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, təkcə Ulu Öndər və müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olub. Ona görə bir daha onun xatirəsinə ehtiramımızı ifadə edirik.

Çox təşəkkür edirəm. Tamamilə haqlısınız ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.

Tamamilə haqlısınız ki, o, Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

 

Əslində, Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.

Sıravi insanlarla görüşlər isə onun təbiəti ilə bağlı idi. O, burada – Azərbaycanda da hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Təbii ki, o, Çində, həmçinin sadə insanların həyat tərzi ilə maraqlanırdı.

Beləliklə, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.

Xüsusilə Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam.

Xüsusilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, o, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən bəlkə də yeganə şəxs idi. O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.

Bununla yanaşı, o, sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. O, bunları nəzərə almalı idi, lakin onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi.

Eyni vəziyyət Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.

Elmar Abbasov

Suraxanı RİHB-nın Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti