Paşinyanın Azərbaycanla sərhəddə 3.5 saatlı qapalı görüşü


Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də ölkənin şimalında, Azərbaycanla sərhəddə yerləşən iki kəndin sakinləri ilə görüş keçirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə müxalifət və hökumətin başqa opponentləri onun bu səfərini Bakının tələb etdiyi dörd kəndin Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndiriblər.

Paşinyan ötən həftə bildirmişdi ki, sözü gedən kəndlər – Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Almatı bəyannaməsinə uyğun olaraq de jure Ermənistanın yox, Azərbaycanın ərazisidir. Baş nazir habelə bu kəndlərin Azərbaycana qaytarılması üçün Azərbaycanın 1990-cı illərin əvvəllərində və 2021-2022-ci illərdə tutduğu Ermənistan ərazilərinin qaytarılmasını ön şərt kimi irəli sürdüyünü deməmişdi.

Xəbər verilir ki, Paşinyan Azərbaycanla sərhəddə iki kəndə Voskepar və Kirantsa baş çəkərək buranın sakinləri ilə 3.5 saatlıq qapalı görüş keçirib.

Azatutyunun yazdığına görə Paşinyan deyib ki, Yerevanın rəsmi siyasəti müharibəyə yol verilməməsidir:

“Və bu səbəbdən də biz qərara gəldik ki, Ermənistanın bu bölgədəki sərhədlərinə düzəliş edək”.

Paşinyanın sözlərinə görə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası praktik mərhələyə daxil olur: "Biz görürük ki, sərhədin bu sektorunda – Bağanis-Berkaber sektorunda delimitasiya və demarkasiya prosesinə başlanması üçün real imkanlar var. Bizim siyasətimiz müharibəyə yol verilməməsidir, biz müharibənin başlanmasına imkan verməməliyik. Və ona görə də Ermənistanın bu ərazidəki sərhədlərinə düzəliş etmək qərarına gəldik...”

O bu görüşdən sonra AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna deyib ki, kənd sakinlərinə ötən həftə verdiyi bəyanatı, sözügedən ərazilərin Ermənistan əraziləri olmadığını izah etməyə çalışıb.

Ermənistan müxalifəti və Tavuşun həmsərhəd kəndlərinin sakinləri 4 kəndin Azərbaycana verilməsi perspektivindən narahatdırlar. Kəndlilər deyirlər ki, 4 kənd Azərbaycana qaytarıldıqdan sonra Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçəcək.

Onlar bildirirlər ki, Azərbaycana bitişik ərazilərdə torpaq sahələri var və Azərbaycan ordusunun qayıdışı ilə bu torpaqlarda iş görmək çətinləşəcək. Kəndlilər bunu da deyirlər ki, uşaqlarını rahatlıqla məktəbə göndərə bilməyəcəklər, ölkənin qalan hissəsi ilə kommunikasiyaları etibarsız olacaq.

Azatutyun yazır ki, bəzi iclas iştirakçılarının fikrincə Paşinyan kəndlilərin narahatlığına son qoya bilməyib. 

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan baş nazir Nikol Paşinyanın Azərbaycanın tələb etdiyi kəndlərə dair dediklərini şərh edib. O deyib ki, mübahisəli ərazilər barəsində məsələyə aydınlığı Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyaları gətirəcək:

“Baş nazirin bəyanatı hamı üçün aydın və başa düşülən idi. Delimitasiya komissiyaları var. Bunlar delimitasiya üçün hüquqi baza kimi hansısa xəritəni müəyyən edəcəklər. Bundan sonra hansı ərazilərin Ermənistana, hansılarının Azərbaycana aid olduğu bəlli olacaq”.

Bu arada xəbər verilir ki, Tavuş vilayəti Voskepar kəndinin sakinləri Nikol Paşinyana müraciət məktubu yazaraq sözü gedən kəndlərin Azərbaycana qaytarılmasına qarşı olduqlarını bildiriblər. Bu barədə özünün Facebook səhifəsində jurnalist Voskan Sarkisyan yazıb.

Onun məlumatına görə Voskeparda Tavuş və Şirak yeparxiyalarının başçıları - arxiyepiskoplar Baqrat Qalstyan və Mikael Acapaxyan arasında görüş olub. Bu görüşdə habelə Ermənistan silahlı qüvvələrinin keçmiş korpus komandiri Miqran Maxsudyan, Yerkrapa könüllü ittifaqının Tavuş vilayət bölməsinin başçısı Yura Arutyunyan da iştirak ediblər.

Ermənistan müxalifəti və Erməni kilsəsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar. Belə görünür ki, bu müraciətdən sonra Nikol Paşinyan yubanmadan bölgəyə səfər edib.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti