8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyevin xarici siyasətdə əsas məqsədlərindən biri Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmək, beynəlxalq birliyin üzvləri ilə əməkdaşlığı inkişaf etdirmək idi. Həm Heydər Əliyevin, həm də onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilmişdir. Bunu dövlət başçımızın xarici səfərləri və ölkəmizə səfərə gələn dövlət başçılarının fikirləri də təsdiqləyir. Azərbaycan Respublikasının Slovakiya ilə əlaqələri də bu baxımdan önəmlidir. Azərbaycan-Slovakiya münasibətləri hər iki respublikanın müstəqillik əldə etməsindən sonra, 1993-cü il, noyabrın 23-də qurulub. Bu iki ölkə arasında mütəmadi olaraq diplomatik görüşlər keçirilmiş,iqtisadi, siyasi və mədəni əməkdaşlığa dair sənədlər imzalanmışdır. İki ölkə arasında yüksələn xətlə davam edən əməkdaşlıq münasibətlərində Slovakiya Respublikasının baş naziri Robert Fitsonun 7 may tarixində Azərbaycana rəsmi səfəri ilə yeni mərhələ başlamışdır. Səfər çərçivəsində imzalanan sənəd gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir. Prezident İlham Əliyev görüşdən sonra mətbuata verdiyi bəyanatda bir çox sahələrdə önəmli razılaşmalar əldə olunduğunu qeyd etmişdir. O, bildirmişdir ki, imzalanan sənədlər içərisində müdafiə və müdafiə sənayesinə aid sənədlər də var. Bəyanatda Azərbaycanın Avropa ölkələrinə təbii qaz ixracından da söhbət açıldığı qeyd olunur. Bildirilir ki, respublikamız hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Bunun üçün Azərbaycanın zəngin resursları və siyasi iradəsi mövcuddur. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan –Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda bərpa-quruculuq ilə bağlıdır. Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə İlham Əliyev bildirib.Slovakiya Respublikasının baş naziri Robert Fitso isə Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazır olduqlarını qeyd etmişdir.
Mələk Məmmədova
Suraxanı rayonu, 154 saylı tam orta məktəbin tarix müəllimi
Sozcu.info