İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

Artıq günlərlə yox saatlarla dəyişən dünya təkcə inkişafın deyil, həm də konfliktlər və münaqişələrin çoxalması və mövcud olan fikir ayrılıqlarının daha da sərtləşməsi nəticəsində münasibətlərin mənfi məcralara yönəlməsi ilə xarakterizə olunur. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi dövlətimizin gələcəyi baxımından böyük önəm daşıyır. Nəzərə alsaq ki, Azərbaycan belə qarışıq bir siyasi şəraitdə özünün uzun illərdən bəri davam edən ən böyük problemini, ərazi bütövlüyünün bərpası məsələsini həll etməyə nail olmuşdur o zaman dünya səviyyəsində etibarlı tərəfdaş kimi nüfuz qazanmasının səbəbini və gələcəyə yönəlmiş planlarının icrası istiqamətində aparılan işlərin hansı qətiyyətə söykəndiyini başa düşmək çətin deyil. Bu gün işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri qeyd olunanların ən bariz nümunəsidir. Bütün bunlarla yanaşı xarici siyasətdə qarşılıqlı əməkdaşlığa və irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə böyük önəm verən ölkəmiz bir çox dövlətlərlə işgüzar münasibətləri inkişaf etdirməkdə maraq göstərməyə davam edir. 
Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərini də bu mənada növbəti addım hesab etmək olar. Belarus və Azərbaycan arasında dinamik inkiaf edən münasibətlərin növbəti mərhələyə adlaması hər iki dövlətin rifahına öz töhfəsini verməkdədir. Görüşün gündəliyində olan məsələlərin kifayət qədər konkret xarakter daşıması onun səmərəliliyinin yüksək olmasına əsas verir. Birgə istehsalın artırılması xüsusi olaraq diqqət mərkəzində saxlanılan istiqamət kimi görüşün məqsədləri arasında yer almışdır. Maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat kimi sahələr də Belarusla Azərbaycanın əməkdaşlıq etməsi üçün uğurlu sahələr hesab oluna bilər. Nəzərə alsaq ki, Belarusun yaxşı şəhərsalma təcrübəsi vardır o zaman Qarabağda gedən sürətli quruculuq işlərində Belarus şirkətlərinin iştirakı hər iki tərəf üçün mənfəətli ola bilər. Elə bu səbəbdən də bir çox Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa işlərində fəaliyyət üçün dəvət olunublar.Belarus şirkətlərinin  müasir texnologiyalara malik olmasıvə aqroşəhərciklərin tikintisi sahəsində uğurlu göstəriciləri Azərbaycan ərazilərində də lazımi nəticələrin əldə olunacağına inam yaradır. Azərbaycanın yaxın dövrə planlaşdırdığı hədəfləri içində ön sıralarda  keçmiş məcburi köçkünlərin qısa zaman kəsiyində öz doğma yurdlarına qayıtmalarına şərait yaratmaq  dayandığı üçün bu istiqamət böyük önəm kəsb edir. Ümumiyyətlə istənilən işguzar münasibət bərabərində dostluq və səmimiyyəti gətirir. Bu baxımdan Belarusla Azərbaycan arasında mövcud olan çoxillik dostluq münasibətlərinin növbəti dövr ərzində də inkişaf edəcəyinə və yeni, daha uğurlu mərhləyə çatacağına inam böyükdür. Bütün dünyada özünü sülhün və əmin-amanlığın tərəfdarı, inkişaf və rifahın əzmkarı kimi nümayiş etdirən dövlətimiz qarşıdurmalarla sarsılan bəşəriyyətin ünsiyyət və birgə fəaliyyətlə daha firavan bir dövrə çata biləcəyini müdafiə edən siyasəti ilə hər kəsə nümunədir. 

Səadət Məmmədova

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti