4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
15 iyun 2021-ci il – bu tarix Azərbaycan və Türkiyə üçün sadəcə bir təqvim günü deyil. Bu tarix Şuşanın qürurla ayağa qalxdığı, iki qardaş ölkənin min illik iradəsini tək bir imzada cəmlədiyi gündür. Şuşanın səmasında dalğalanan iki bayraq – Azərbaycan və Türkiyə bayraqları sanki min illərin səssizliyini pozaraq tarixə yeni nəfəs verdi. Prezident cənab İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi, yalnız diplomatik sənəd deyil, həm də bir millətin yenidən doğuluşunun, bir ruhun və bir amalın bərpa olunmasının rəmzidir. Bu sənəd, Qarabağın dağlarında səslənən “Qarabağ Azərbaycandır!” nidasının Türk dünyası səviyyəsində əks-sədasıdır.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə keçidini rəsmiləşdirən mühüm hüquqi sənəddir. Bu Bəyannamə ilə iki ölkə arasında strateji müttəfiqlik statusu təsbit edilmiş, qarşılıqlı müdafiə və hərbi əməkdaşlıq məsələləri hüquqi çərçivəyə salınmışdır. Sənədin hüquqi əsası, beynəlxalq hüquq normalarına və iki ölkənin müvafiq konstitusiyalarına uyğun şəkildə hazırlanaraq ikili münasibətləri institusional səviyyədə möhkəmləndirmişdir.
Bəyannamənin əhatə dairəsi yalnız siyasi və hərbi sahələrlə məhdudlaşmır. Sənəd iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət kimi sahələrdə də qarşılıqlı əməkdaşlıq mexanizmlərinin qurulmasını təşviq edir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi bu sənədin strateji nəticələrindən biridir. Bu dəhliz, yalnız regional deyil, həm də Avrasiya məkanında Şərq-Qərb istiqamətində yeni nəqliyyat və enerji bağlantılarının formalaşmasına səbəb olacaq, Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcəkdir.
Hərbi sahədə Bəyannamə, birgə təlimlərin keçirilməsi, müdafiə sənayesində əməkdaşlıq və ortaq istehsal təşəbbüsləri vasitəsilə regionda təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edir. Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazda geostrateji balansın formalaşması baxımından əhəmiyyətlidir.
Beynəlxalq münasibətlər sistemində isə Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müstəqil və milli maraqlara əsaslanan xarici siyasət yürütməkdə qərarlı olduqlarını göstərir. Tərəflər, beynəlxalq informasiya mühitində və diaspor fəaliyyətində koordinasiyalı mövqe sərgiləməklə qlobal diplomatik təsir imkanlarını genişləndirməkdə maraqlı olduqlarını bəyan edirlər.
Sənədin Şuşa şəhərində imzalanması xüsusi simvolik məna daşıyır. Qarabağın tacı sayılan bu şəhər, 30 illik işğaldan sonra azad edilərək Azərbaycan dövlətçiliyinin və milli qürurun dirçəliş nöqtəsinə çevrilmişdir. Üstəlik, 15 iyun tarixi ilə 100 il əvvəl – 1921-ci ildə imzalanmış Qars Müqaviləsinə edilən istinad, tarixi ardıcıllığın və Türkiyə-Azərbaycan müttəfiqliyinin geohüquqi davamlılığını göstərir. Beləliklə, Qars Müqaviləsi keçmişin hüquqi bazası kimi çıxış edirdisə, Şuşa Bəyannaməsi gələcəyin strateji yol xəritəsi funksiyasını daşıyır.
2022, 2023 və 2024-cü illərdə Şuşa Bəyannaməsinin ildönümündə keçirilmiş beynəlxalq konfranslar bu sənədin təkcə ikitərəfli deyil, regional və qlobal miqyasda yaratdığı təsirin göstəricisidir. Bu tədbirlər çərçivəsində müxtəlif ölkələrin siyasətçiləri, ekspertləri və diplomatları sənədin geosiyasi, iqtisadi və mədəni əhəmiyyətini analiz etmiş, Türk dünyasının inteqrasiya perspektivlərini dəyərləndirmişlər.
Şuşa Bəyannaməsi XXI əsrdə Türkiyə və Azərbaycanın müttəfiqliyinin hüquqi və siyasi sütununa çevrilmiş, regional sabitlik və əməkdaşlığın ən mühüm təməl daşlarından biri olmuşdur. Bu sənəd, yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də strateji istiqamət göstərən mühüm yol xəritəsidir. Türk dünyasının birliyi və gücü bu sənədlə yeni bir mərhələyə qədəm qoymuş, tarixi dostluq geosiyasi reallığa çevrilmişdir.
Hacıbala Abdulla
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info