"Əhalidə qalan özəlləşdirmə çeklərinin taleyi çox qaranlıq görünür"

"Əhalidə qalan özəlləşdirmə çeklərinin taleyi çox qaranlıq görünür"

 

Dövlət özəlləşdirmə paylarının dövriyyəyə buraxılması haqqında Fərmanda çeklərin istifadə müddəti ilə bağlı hər hansı müddəa yoxdur

Natiq Cəfərli: "Mövcud şəraitdə, yəni indiki iqtisadi münasibətlərdə köhnə özəlləşdirmə çeklərinin gələcəkdə hər hansı bir formada istifadə olunması real görünmür"

"Əgər ikinci özəlləşdirmə paketi qəbul olunacaqsa və bu, daha dərindən düşünülmüş şəkildə həyata keçiriləcəksə, o zaman əhalinin əlində qalan vauçerlərin yenidən dövriyyəyə qaytarılması, yaxud yeni özəlləşdirmə çekləri ilə dəyişdirilməsi mümkün ola bilər"

Son zamanlar sosial şəbəkələrdə, eləcə də sadə vətəndaşlar arasında özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən gündəmə gəlib və bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Mövzu ilə bağlı apardığımız araşdırma zamanı isə bəlli oldu ki, bir sıra millət vəkilləri özəlləşdirmə paylarının yenidən tədavülə cəlb edilməsinin tərəfdarı olduqlarını bəyan edirlər. Məsələn, bu mövqedən çıxış edən deputat Zahid Oruc hələ ötən ilin fevral ayında Milli Məclisin plenar iclasında bildirib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır və buna görə də keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmaq lazımdır. Belə ki, o, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasının məqsədəuyğun olduğunu bəyan edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, mərhum prezident Heydər Əliyev 25 mart 1996-cı il tarixdə Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında Fərman imzalayıb. Həmin Fərmanda isə deyilir: "Özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə təsdiq edilsin (əlavə edilir).

2. Müəyyən edilsin ki, dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. Bu fərman qüvvəyə minən günədək qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşı 4 (dörd) çekdən ibarət 1 (bir) dövlət özəlləşdirmə payı almaq hüququna malikdir. Qanunvericilikdə müəyyən edilmiş şəxslərə əlavə bir dövlət özəlləşdirmə payı verilir.

3. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi 1996-cı il avqustun 1-dən başlansın və 1996-cı il oktyabrın 1-dək başa çatdırılsın.

4. Dövlət əmlakının vətəndaşların və onların birliklərinin mülkiyyətinə əvəzsiz olaraq verilməsi üçün başqa dövlət orqanları tərəfindən qiymətli kağızların buraxılmasına və digər sistemlərin yaradılmasına yol verilmir.

5. Dövlət özəlləşdirmə payları (çekləri) əsasında dövlət mülkiyyətinin özəlləşdirilməsinə hazırlıq işlərini yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1 (bir) ay ərzində «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında» Əsasnamədə ona həvalə edilmiş normativ sənədlərin hazırlanıb təsdiq olunmasını təmin etsin;

1 (bir) ay ərzində Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) saxlanılması və qorunması qaydalarını təsdiq etsin.

6. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi dövlət özəlləşdirmə payı alacaq Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən müvəqqəti Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayanların siyahılarını tərtib edib 1996-cı il iyun ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi:

dövlət özəlləşdirmə paylarının (çeklərinin) hazırlanmasını, dövriyyəyə buraxılmasını təmin etmək üçün lazım olan bütün təşkilati tədbirləri həyata keçirsin;

dövlət özəlləşdirmə paylarının (çeklərinin) vətəndaşlara verilməsi və istifadəsi qaydaları ilə bağlı radio, televiziya və mətbuat vasitəsi ilə əhali arasında geniş izahat işlərinin aparılmasını təmin etsin.

8. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin rayon şöbələrinin yaradılması ilə əlaqədar olaraq yerli icra hakimiyyəti orqanları bu şöbələrin iş otaqları ilə təmin olunması məsələsini 1 (bir) ay ərzində həll etsin.

9. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir".

Gördüyünüz kimi, Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında Fərmanda çeklərin istifadə müddəti ilə bağlı hər hansı müddəa yoxdur. Sadəcə, dövlət özəlləşdirmə paylarının vətəndaşlara verilməsi ilə əlaqədar müddət qeyd olunub. Yəni Fərmanda vauçerlərin vətəndaşlara verilməsi prosesinə 1996-cı il avqustun 1-dən başlanması və 1996-cı il oktyabrın 1-dək başa çatdırılması əks olunub. Lakin buna baxmayaraq, ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilən dövlət özəlləşdirmə çeklərindən bu gün tədavüldə istifadə olunmur. Halbuki bu gün Azərbaycanda 6 milyondan artıq özəlləşdirmə çekindən istifadə olunmayıb. Məhz elə buna görə də özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məsələsi yenidən gündəmə gəlib.

"Dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir, yəni 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb"

Qeyd edək ki, dövriyyəyə buraxılmış çeklərin 20 faizinin hələ də əllərdə olduğunu deyən iqtisadçı alim Vüqar Bayramov bir müddət əvvəl sözügedən mövzu ilə bağlı açıqlama verərkən, vauçerlərin istifadə müddətinin başa çatdığını vurğulayıb: "Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin sərəncamında da müəyyən sayda çeklər var". Ekspertin fikrincə, qanunvericiliyə əsasən, çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var: "Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə istifadə olunacağı halda, çeklərə dolayı tələb yarada bilərdi. Təbii ki, 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin təhlükəsizlik elementlərinin həmin dövrün tələblərinə uyğun olması da problemin başqa tərəfidir. Bu, onların saxtasının hazırlanması risklərini artırır. Bununla belə, özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Bu zaman çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər. Amma bütün hallarda belə imkan olsa da, bu saxta çeklərin dövriyyəyə daxil olmasına şərait yaratmamalıdır".

Vauçerlərin yenidən tədavülə buraxılması üçün prezident fərmanı olmalıdır

Digər iqtisadçı ekspert Qubad İbadoğlu da qeyd edib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması üçün prezident fərmanı olmalıdır: "Çeklərin əsas funksiyası ondan ibarət idi ki, dövlət əmlakının ümumxalq mülkiyyəti olduğunu nəzərə alaraq onun vətəndaşlar arasında bölgüsü təmin edilsin. Vauçerlər, özəlləşdirmə çekləri müxtəlif ölkələrdə fərqli qaydalarda tətbiq olunur. Azərbaycanda da bu çeklər ona görə paylanmışdı. Sadəcə olaraq bu çekləri alan vətəndaşların bir çoxu gözləyirdi ki, ölkədə elə müəssisələrin özəlləşdirilməsi baş versin ki, daha rentabelli və gəlirli olsun. Səhmdar olaraq oradan daha çox mənfəət əldə etsin. Lakin həmin vətəndaşların gözləntiləri baş vermədi. Ona görə də onlar hələ də o çekləri istifadə etməyiblər. İndiki halda o çeklər üzərində bitmə tarixi olan bir sənəd deyil, qiymətli kağızdır. Onun başa çatması prezidentin fərmanı ilə müəyyənləşdirilir. Çeklərin tədavül müddəti başa çatıb. Ancaq əhalidə çeklər qalıb. Xidmət sektorundakı bir çox müəssisələrin özəlləşdirilməsi gözlənilir. Ancaq bu özəlləşdirmə formaları fərqlidir. Əgər həmin şirkətlərin birbaşa alıcıya satılması baş verərsə, burada çeklərdən sitifadə oluna bilər. Yox, əgər o şirkətlər idarəçiliyə verilərsə, bu formada özəlləşdirmədən istifadə imkanları demək olar ki, məhduddur. O baxımdan özəlləşdirmənin hansı formasının seçilməsindən çox şey asılıdır. Eyni zamanda bununla bağlı prezident fərmanı olmalıdır. Çünki bu daha öncəki fərmanla tədavül müddəti bitmiş qiymətli kağızdır".

Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert Natiq Cəfərli isə özəlləşdirmə layihəsinin uğursuz alındığını qeyd etməklə yanaşı, yaradılan müxtəlif fondlar vasitəsi ilə vauçerlərin vətəndaşlardan çox ucuz qiymətə alındığını bildirdi: "Əslində, həmin dönəm ölkədə sovetdən qalma infrastrukturun özəlləşdirilməsi proqramı həyata keçirilməli idi. Yəni bu proqramda xalqın iştirakı özəlləşdirmə payları vasitəsi ilə təmin olunmalıydı. Lakin həmin təcrübə o qədər də uğurlu alınmadı. Belə ki, nə ciddi özəlləşdirmə proqramı həyata keçirildi, nə də dövlətin əsas aktivlərində özəlləşdirmə proqramlarının həyata keçirilməsinə cəhdlər oldu. Yəni enerji sektorunda, dövlətin əsas hegemon olduğu infrastruktur layihələrində, kommunal təsərrüfatlarda belə bir özəlləşdirmə həyata keçirilmədi. Ümumiyyətlə, özəlləşdirmə paylarının böyük bir hissəsi 90-cı illərin sonlarında dövriyyədən çıxdı. Bununla da vətəndaşların özəlləşdirmə proqramında iştirakı mümkünsüz hala gəldi. Bir müddət müxtəlif fondlar yaradıldı və həmin vauçerləri vtəndaşlardan çox ucuz qiymətə aldılar. Sonra isə həmin özəlləşdirmə payları müxtəlif kiçik ölçülü özəlləşdirmədə istifadə olundu. Qeyd edim ki, bu zaman özəlləşdirilən obyektləri alanlar ona maraq göstərirdilər ki, sonradan həmin obyektlərin yerləşdiyi ərazidə yeni binalar tiksinlər. Elə bu cür də oldu. Belə ki, özəlləşdirilən obyektlər dağıdıldı, onların yerində isə çoxlu sayda bina tikildi. Bir sözlə, bu özəlləşdirmə layihəsi çox uğursuz alındı".

Sözügedən proqram zamanı xalqın sovet dönəmindən qalan infrastrukturun özəlləşdirilməsi prosesində iştirakının təmin olunmadığını vurğulayan ekspert hesab edir ki, bundan sonra özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması və ya ondan hər hansı bir formada istifadə etmək mümkün deyil: "Çünki çeklərin bir çoxu ümumiyyətlə dövriyyədən çıxarılıb. Odur ki, əgər ikinci özəlləşdirmə paketi qəbul olunacaqsa və bu, daha dərindən düşünülmüş şəkildə həyata keçiriləcəksə, iqtisadi dividentləri öncədən hesablamaq mümkün olacaqsa, o zaman əhalinin əlində qalan vauçerlərin yenidən dövriyyəyə qaytarılması, yaxud yeni özəlləşdirmə çekləri ilə dəyişdirilməsi mümkün ola bilər. Yalnız bu, baş verərsə effektiv nəticə əldə oluna bilər. Lakin köhnə vauçerlərlə özəlləşdirmə layihəsi tamamilə uğursuz oldu və heç bir nəticə vermədi. Mövcud şəraitdə, yəni indiki iqtisadi münasibətlərdə isə köhnə özəlləşdirmə çeklərinin gələcəkdə hər hansı bir formada istifadə olunması real görünmür. Çünki bu gün keçirilən özəlləşdirmə hərraclarında ancaq nağd puldan istifadə olunur. Eyni zamanda, çox kiçik həcmli obyektlərin hərraca çıxarıldığını görürük. Məsələn, rəsmi xəbərlərdə qeyd olunur ki, 100-120 obyekt özəlləşdirməyə çıxarılır, lakin bu zaman dövlət büdcəsinə daxilolmalar 3-4 milyon manat civarında olur. Yəni hər obyektin qiyməti çox aşağı - 20-30 min manat civarında olur. Bir sözlə, bu gün keçirilən özəlləşdirmə hərraclarında çox kiçik obyektlər nağd pulla satışa çıxarılır. Yəni hazırda özəlləşdirmə çeklərinin bu prosesdə hər hansı bir formada iştirak mexanizmi yoxdur. Bu səbəbdən də əhalinin əlində qalan vauçerlərin taleyi çox qaranlıq görünür".



Oxşar Xəbərlər

Xəbər lenti