Siyasi səhnədə dəyişikliklər başlayıb

 


 

                           Qarşıdan ciddi siyasi proseslər dövrü gəlir

 


Son on ildə ilk dəfə olaraq siyasi səhnədə kəmiyyət dəyişikliyi müşahidə olunmağa başlayıb. Bu fikirlə razılaşmamaq da olar. Ancaq bu məsələnin mahiyyətini dəyişmir.

Azərbaycan Xalq Cümuhiyyətinin yaranmasının 100 illiyi münasibəti ilə 28 mayda, eləcə də Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, REAL-ın hərəkatdan partiyaya çevrilməsi, İlqar Məmmədovun həbsdən çıxması, ölkə daxilində və xaricində yeni-yeni təşkilatların yaranması, mövcud təşkilatların güclənməsi, internet resurslar üzərindən yayımlanan televiziya kanallarının sayının sürətlə artması siyasi səhnədə baş verən kəmiyyət dəyişikliyinin siyasi səhnədə görünən tərəfidir.  Ancaq birbaşa siyasi səhnədə görünməyən tərəfi də var. Məsələn, Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin Yunis Səfərov tərəfdən güllələnməsinin doğurdu reaksiya, qətlə cəhd hadisəsi olsa belə bir yüksək vəzifəli məmurun başına gələnlərə müsbət münasibət, hakim partiyanın ən böyük yerli təşkilatlarından olan deputat Naqif Həmzəyevin "terrora yox deyək” kampaniyasının cəmiyyət tərəfindən dəstəklənməməsi, sosial şəbəkələrdə müxalif fikirin bir mənalı üstünlüyünün yaranması siyasi səhnədə baş verən kəmiyyət dəyişikliklərin sübutudur. İndi politoloqları və sosioloqları kəmiyyət dəyişiklikliyinin keyfiyyət dəyişikliyinə keçidin nə zaman baş verəcəyi və ya ümumiyyətlə bu prosesin baş verib-verməyəcəyidir.

Fəlsəfinin qanunlarına görə kəmiyyət dəyişikiyi keyfiyyət dəyişikliyinə keçidlə nəticələnməlidir. Ancaq cəmiyyətdə bu bir faktordan, həm də daxili faktordan asılı olmadığı üçün birmənalı fikir söyləmək bir qədər çətindir. Ancaq Azərbaycanın yerləşdiyi postsovet məkanında baş verən ciddi dəyişikliklər fərqli mənzərə yaradır. Ukraynanın Rusiyadan birmənalı və belə görünür ki həmişəlik "qopması”, Moldovanın Qərblə yaxınlaşmada davam etməsi, Gürcüstanda Avroatlantik məkana intiqrasiyasının yenidən vüsət alması, Ermənistanda hakimiyyət dəyişikliyi, Rusiyanın daxilində baş verənlər Azərbaycanın daxili siyasətinə təsir edə biləcək xarici faktorun elementləridir.

Buna görə hakimiyyətin növbədənkənar parlament seçkiləri keçirməsi ehtimalı daha da artır. Hətta bəzi təhlilçilər ehtimal edir ki, növbədənkənar parlament seçkiləri ilə bağlı hakimiyyətin sas hazırlıqları başa çatıb. Yəni, hakimiyyət 125 dairə üzrə yeni deputatların siyahısını tərtib edib. Təhlilçilər hesab edir ki, növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq artıq yekunlaşıb, indi hakimiyyət özü üçün ən əlverişli məqamda müvafiq sərəncamı imzalayacaq.

Bizim fikirimizcə, hakimiyyət bu seçkiləri Ermənistandakı parlament seçkilərindən əvvəl keçirməyə çalışacaq. Məlum olduğu kimi Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və İrəvan yenidən beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə cəlb edə bilib. Əgər, Ermənistanda keçiriləcək parlament seçkiləri Qərbin regiona diqqətini daha da artıracaq. Ermənistanda yeni hakimiyyətin inqilabi əhval-ruhiyyədə keçirəcəyi parlament seçkilərindən sonra Azərbaycanda ənənəvi qaydada parlament seçkisi keçirmək rəsmi Bakı üçün uyğunsuz vəziyyət yarada bilər. Buna görə də çox böyük ehtimalla demək olar ki, Azərbaycanda parlament seçkiləri Ermənistanda keçirilməsi gözlənilən parlament seçkilərindən əvvələ təsadüf edəcək. Bu ehtimal ancaq Qarabağda hərbi əməliyyatların başlaması nəticəsində təxrə düşə bilər. Əgər Qarabağda hərbi əməliyyatlar yenidən başlasa hər iki ölkə parlament seçkilərin təxirə salmalı olacaq. Həm rəsmi İrəvan, həm də rəsmi Bakı bu hərbi əməliyyatlardan qalib çıxmaqla öz ictimaiyyətinin daha çox dəstəyini qazanmağa ümid edə bilər. Məlumdur ki, Azərbaycan və Ermənistanda ictimai rəyə ən çox təsir edən məsələ Qarabağ məsələsi ilə bağlıdır. 30 il əvvəl həm Ermənistanda, həm də Azərbaycanda başlayan xalq hərəkatının əsas təkan verici məsələsi Qarabağ məsələsi idi. 30 il sonra çox şey dəyişməyib.

Azərbaycan hakimiyyətinin daxilində baş verən mövqe dəyişiklikləri də cəmiyyətdəki siyasi dəyişiklikləri tezləşdirə bilər. Bir çox təhlilçilər hakimiyyət daxilində baş verən kadr dəyişikliklərinin önəmini azaltsalar da, fikirimizcə bu məsələ nəzərə alınmayacaq qədər əhəmiyyətsiz deyil. Məsələ ondan ibarətdir ki, burada sadəcə kadr dəyişikliyindən söhbət getmir. İdarəetmədə dəyişikliklər baş verir. Belə ki, müəyyən sosial bazası olan oliqarxların yerinə heç bir sosial bazası olamayan texnokratlar və ya bacarıqlı menecerlər gətirilir. Əgər bu proses 10 il əvvəl həyata keçirilsəydi, hakimiyyət üçün ancaq müsbət  nəticə vəd edə bilərdi. İndi isə bu prosesin hansı nəticə verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ancaq hakimiyyətin başqa yolunun olmadığı da məlumdur. Buna görə də hakimiyyətin məntiqini anlamaq mümkündür. Siyasi proseslər bəzən əhəmiyyətsiz və ya təsadüfi hadisə üzündən tamamilə fərqli yön ala bilir. Ancaq bu heç zaman zərərsiz ötüşmür. Görünür, hakimiyyət də bunun fərqindədir və qarşıdan gələn proseslərə hazır olmağa çalışır. Bu proseslərin nədən ibarət olacağını ancaq baş verən zaman görmək olar. Ancaq birmənalı demək olar ki, postsovet məkanında təxminən 15 ildən artıq davam edən "dinc dövr” başa çatmaq ərəfəsindədir. Qarşıdan ciddi siyasi proseslər zamanı, təlatümlü dövr gəlir. 

Azad Aydın,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti