Yeni icra başçılarının təyinatı nə vəd edir?

 


Keçmiş icra başçılarının fəaliyyətinin təftişi başlayıb

 

Ötən  həftə prezident İlham Əliyev bir neçə aydan bəri vakant olan Ağdam və Gədəbəy rayon icra hakimiyyətlərinin başçısı postuna təyinatı həyata keçirdi. Dövlət başçısı eyni zamanda həmin gün Elmar Vəliyevi Gəncə şəhər icra hakimiyyətinin başçısı postundan azad etdi. Prezident İlham Əliyev eyni zamanda Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovu vəzifəsindən azad edərək Elmar Vəliyevin əvəzinə Gəncəyə rəhbər təyin etdi. Bu təyinatlar cəmiyyətdə geniş müzakirələr doğurub. Bu da təsadüfi deyil. Ağdam və Gədəbəy rayonlarının sabiq icra başçıları Raquf Məmmədov və Ramiz Yediyarov bir neçə ay əvvəl istefaya göndərilmişdilər və ötən müddət ərzində həmin vəzifələrə təyinat olmaması hakimiyyətin yeni kadrların təyinatında səhv etmək istəməməsi kimi dəyərləndirilirdi.

Çox maraqlıdır ki, Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yeni icra başçılarını rəhbərlik edəcəkləri kollektivə təqdim edərkən, əvvəlki icra başçılarının fəaliyyətini kəskin tənqid edib ki, belə vəziyyətə əvvələr rast gəlinmirdi. Məsələn, Gədəbəy rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunan İbrahim Mustafayevi kollektivə təqdim edərkən prezidentin köməkçisi Zeynal Nağdəliyev bəyan edib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev bundan daha ağır ifadələri Ağdam rayonunda yeni icra başçısı Vaqif Həsənovu təqdim edərkən sabiq icra başçısı Raquf Məmmədovun ünvanına səsləndirib. Prezidentin köməkçisi Zeynal Nağdəliyev sabiq icra başçısı Raquf Məmmədovu kəskin tənqid edib, bir dəfə xəbərdarlıq edilməsinə baxmayaraq onun bu tənqiddən nəticə çıxarmadığını və nəticədə vəzifəsindən azad edildiyini bəyan edib.

Məlumatalara görə, prezidentin köməkçisi Zeynal Nağdəliyev Mingəçevir icra hakimiyyətinin sabiq icra başçısı Niyazi Bayramovu Gəncə şəhər icra hakimiyyətinin kollektivinə təqdim edərkən sabiq icra başçısı Elmar Vəliyevi də tənqid edib.

Göründüyü kimi faktiki olaraq hər üç icra başçısının təqdimatı zamanı əvvəlki icra başçılarının fəaliyyəti tənqid olunub və bu ilk dəfədir ki, baş verir. Hakimiyyətin kadr siyasətində baş verən kiçik də olsa bu dəyişikliyin yeni icra başçılarının fəaliyyətində dəyişikliyə səbəb olub-olmayacağını yaxın zamanlarda görəcəyik. Hələlik isə qeyd edək ki, yeni icra başçıları icra strukturunda yeni sima deyillər. Gəncənin yeni icra başçısı Niyazi Bayramov 2012-ci ildən Mingəçevir şəhər icra hakimiyyətinə başçılıq edir. Gədəbəy rayonuna yeni təyin olunan icra başçısı İbrahim Mustafayev bu təyinata kimi Prezident Adminstrasiaysında məsul vəzifə tutub. Niyazi Bayramovun təyinatının Gəncə şəhərində hansısa dəyişikliklərə

səbəb olub-olmayacağına növbəti saylarımızın birində aydınlıq gətirəcəyik. Gədəbəy rayonunun yeni icra başçısı İbrahim Mustafayevin nəyə qadir olduğunu bilmək üçün müəyy

ən zamana ehtiyac var. Çünki, bu adam haqqında geniş məlumat yoxdur.

Yeni icra başçıları isə dərhal kadr dəyişiklikliyinə başladılar. Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov ilk olaraq Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin "sağ əli” kimi tanınan Məharət Mustafayevlə yollarını ayırdı. İddialara görə, icra başçısı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib. Eyni zamanda Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını ilə bağlı komissiyaya göstəriş verib. Məlumatı mənbə bildirir ki, bu iki qurumda şəffaf araşdırmalar keçirilsə, çox ciddi maliyyə fırıldaqlarının üstü açıla bilər. "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu da Elmar Vəliyevin rəhbərliyi dövründə Gəncəyə ayrılan büdcə vəsaitləri ilə bağlı araşdırma aparır. Həmin araşdırmanı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Hələlik isə qeyd edək ki, Niyazi Bayramov kimi Ağdam rayon icra hakimiyyətinin yeni başçısı Vaqif Həsənov da kadr dəyişikliyinə başlayıb. Belə ki, Vaqif Həsənov artıq Ağdam rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirovu  vəzifəsindən azad edib. Ağdam rayonundakı mənbənin verdiyi məlumata görə, icra başçısı köməkçisi Eldəniz Abdullayevlə yolalrını ayırıb. Ancaq bunlar yalnız başlanğacdır.

Yeni təyin olunan icra başçılarının kadr dəyişiklikləri nə qədər məntiqli olsa da, Ağdam rayonundakı mənbə bunun əks effekt verə biləcəyini qeyd edir. Bu arada isə Ağdam rayon icra hakimiyyətinin başçısı təyin edilən Vaqif Həsənov haqqında ilginc məlumatlar yayılmağa başlayıb. Bu məlumatlarla bağlı araşdırmamızı növbəti saylarımızın birində oxuya biləcəksiniz.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti