Badamdar yolunu kim bağlayıb?


Formula-1" yarışı ilə bağlı Bakının mərkəzinə istiqamətlənən küçə və prospektlər bir-birinin ardınca bağlanır. Ötən həftənin sonundan başlayaraq nəqliyyatın hərəkəti məhdudlaşdırılmağa başlanıb.

Bu həftənin əvvəlindən cənubdan - Bayıl istiqamətindən paytaxtın mərkəzinə daxil olmaq qadağan edilib. Bayıl dairəsinin yaxınlığında, Su İdman Sarayının qarşısında dəmir şitlərlə 4 zolaqlı magistral yol bağlanılıb. Avtomobil axını buradan əks yolu kəsməklə Bayıl bazarının içərisinə, oradan isə dar, ensiz Ziya Yusifzadə küçəsinə yönləndirilir.

Qeyd edək ki, bu yoldan mütəmadi olaraq həm rayonlardan Bakıya gələnlər, həm ətraf ərazilərdə yaşayanlar, habelə Qaradağ rayonundakı sənaye müəssisələrində, şəhərin ən böyük ticarət mərkəzləri sayılan "Binə" və "Sədərək"də yerləşən ticarət obyektlərində çalışanların əhəmiyyətli hissəsi istifadə edir. Məhdudiyyətlərdən sonra nəhəng avtomobil axını şəhərin digər hissəsinə keçmək üçün Ziya Yusifzadə küçəsi ilə Parlament prospektinə doğru hərəkət etməlidir. Hansı ki, bu küçədən eyni vaxta iki avtomobil yanaşı hərəkət edə bilmir.

Onu da nəzərə alaq ki, ətrafda yaşayan sakinlər və obyekt sahibləri avtomobillərini yolun sağ və sol hissələrinə park edirlər. Bundan başqa yolun sonunda çoxmərtəbəli yaşayış kompleksləri tikilir, orada çalışan yük avtomobilləri də tez-tez yolu bağlayırlar. Bütün bunlar isə avtomobillərin hərəkətində ciddi problemlər yaradır, insanlar saatlarla tıxaclarda qalır.

Bəs yol polisi sürücüləri Ziya Yusifzadə küçəsinə yönəltməkdən başqa hansısa tənzimləyici fəaliyyət həyata keçirirlərmi?

Bir həftəlik müşahidələr göstərir ki, yox! Halbuki sözügedən küçədə park edilən avtomobillərin yığışdırılması, yol ayrıclarında hərəkətin tənzimlənməsi son dərəcə vacibdir. Maraqlıdır ki, ən qaynar nöqtədə xidmət aparmayan yol polisi əməkdaşlarını şəhərin başqa nöqtələrində addımbaşı görmək olur.

Şübhəszi ki, qarşıdakı günlərdə sözügedən ərazidə vəziyyət daha dramatik hal alacaq. Ona görə də polisin Ziya Yüusifzadə küçəsində hərəkəti tənzimləməsi, habelə müəmmalı səbəblərdən bağlanmış Badamdar yolunun yenidən nəqliyyatın istifadəsinə açılması zəruridir.

(AzPolitika.info)



Oxşar Xəbərlər

Xəbər lenti