Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsi keçib

İyulun 15-də ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə müzakirə edilən məsələlər bir daha göstərdi ki, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir, ölkəmiz sürətlə inkişaf edir. Bu gün bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini görür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik.
Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elekrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir. Ən əsası bütün bunlar bu ərazilərin yenidənqurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Ölkə başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur.
Prezident cənab İlham Əliyev eyni zamanda müşavirədə ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu, ölkəmizin beynəlxalq nüfuzunun, imkanlarının, gəlirlərinin artdığını açıqlayıb: “Energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir”.
Azərbaycanın xarici siyasətində də müsbət irəliləyişlər davam etməkdədir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı tərəflər arasında danışıqlar davam edir: “Rəqəmlərə diqqət etsək, Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında Avropa İttifaqının xüsusi yeri var. Avropa ölkələri ilə aparılan iqtisadi əlaqələrin həcmi Azərbaycanın ümumi ixracının 40 faizini təşkil edir. Siyasi məsələlərə gəlincə Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqlarında yeni format olaraq ortaya qoyduğu işlər təqdirəlayiqdir. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu 28 il heç bir faydalı işlə məşğul ola, münaqişənin həlli ilə bağlı addımlar ata bilmədi. Haqlı olaraq Cənab Prezident İlham Əliyev də Minsk qrupunun tarixin arxivinə atıldığını qeyd edir və bütün görüşlərdə də bunu açıq şəkildə bildirir. Avropa İttifaqının münaqişənin həlli, iki ölkə arasında danışıqların məhsuldar aparılması üçün atdığı addımlar öz nəticələrini verməkdədir. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər həyata keçirir. Onun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında 3 dəfə Brüsseldə görüşüblər.
Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində dövlət bu məsələləri həll edir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolunun güclənməsi, qeyri-neft sektorunun rekord addımlarla irəliləməsi dünya enerji siyasətində rolunu artırır. Bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda müşahidə olunan inkişaf proseslərini yüksək qiymətləndirirlər. Ölkəmizin dinamik inkişafı istər yerli, istərsə də beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur və təqdir edilir. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar konkret nəticələrə hesablanıb və yürüdülən sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının rihafının daha da yaxşılaşdırılmasına yönəldilib.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Ötən illər ərzində ölkə iqtisadiyyatının sürətli inkişafı yoxsulluq səviyyəsinin minimum səviyyəyə düşməsinə şərait yaradıb və yeni iş yerləri açılıb. Dövlətimizin maliyyə imkanları yüksəldikcə bu istiqamətdə ayrılan vəsaitlərin həcmi də artacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli prioritet etdiyi işğaldan azad olunan bölgələrimizin bərpası prosesi ən yüksək səviyyədə başa çatacaq, neçə-neçə əzəmətli layihələr reallaşacaq.
Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir. Hazırda dünyada baş verən ziddiyyətli proseslər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərməkdədir, dünya bazarlarında başlıca əmtəələr üzrə qiymətlər artır. Bunun fonunda ölkəmizdə süni qiymət artımının qarşısının alınması istiqamətində müvafiq qurumlar tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Həmçinin müşavirədə qeyd olunduğu kimi, antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icra edilir. Aydın görürük ki, bütün bu məsələlərə dövlətimiz tərəfindən ciddi nəzarət olunur və nəticələr də müsbətdir.

Ruslan Fərzəliyev Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi



Oxşar Xəbərlər

Xəbər lenti