8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərişıq” Açıq Səhmdar Cəmiyyəti İsmayıllı rayonunda istehlakçıları keyfiyyətli, etibarlı və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə dəfələrlə yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirdiyi haqqında məlumat yayıb. İsmayıllı rayonunda istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0.4 kV-luq şəbəkələrin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi külli miqdarda büdcə vəsaiti sərf edilib. O cümlədən də İsmayıllı rayon Talıstan kəndində elektrik xətlərin və dayaqların dəyişdirilməsi ilə bağlı işlər görüldüyü qeyd edilib. Ancaq “Yeni Sözçü” qəzetinin redaksiyasına İsmayıllı rayon Talıstan kəndindən daxil olan məlumat vəziyyətin fərqli olduğunu göstərir. İsmayıllı rayon Talıstan kəndində çəkilən fotolarda elektrik xətlərin və dayaqların dəyişdirilmədiyi aydın görünür. Aydın görünür ki, bu hələ ötən əsrdə çəkilmiş elektrik xətləri və dayaqlarıdır. Vətəndaşdan elektrik enerjisinin pulunu almaq üçün müasir sayğac qoymağı bacaran “Azərişıq” ASC-i elektrik xətlərini yeniləməyi “unudur”.
Elektrik xətlərinin köhnə və bərbad şəkildə olması Talıstan kəndinin sakinlərinin elektrik enerjisinin keyfiyyətinin çox aşağı olmasına səbəb olur. Eyni zamanda bu yanğınların baş vermə ehtimalın artırır.
Buna görə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi İsmayıllı rayon Talıstan kəndində elektrik xətlərin və dayaqların dəyişdirilməsinin zərurəti ilə bağlı “Azərişıq” ASC-yə məktub göndərib. Lakin bu da vəziyyəti dəyişməyib. İsmayıllı rayon İcra Hakimiyyətində isə elektrik xətlərin və dayaqların dəyişdirilməsini tələb edən vətəndaşlara “Azərişıq” ASC-yə müraciət etməyi məsləhət görürlər. Məlumata görə, keçmiş icra başçısı Mirdamət Sadıqov kənd sakinlərinə elektrik xətlərin və dayaqların dəyişdirilməsinə yardım edəcəyi ilə bağlı söz veribmiş. Lakin Mirdamət Sadıqov həmin vədindən az sonra vəzifəsindən azad edilib. İsmayıllı rayonunun hazırkı icra başçısı Nahid Bağırov isə Mirdamət Sadıqovun vədini həyata keçirmək istəmir.
İsmayıllı rayon Talıstan kənd sakinləri isə prezident İlham Əliyevin gəlişini gözləyirlər. İsmayıllı rayon Talıstan kəndində tikintisi dəfələrlə dayandırılan məktəbin inşaası son zaman sürətlənib. Talıstan kənd sakinləri arasında şaiyə yayılıb ki, məktəbin tikinitisi payızda hazır olacaq. Məktəbin açılışında isə prezident İlham Əliyev iştirak edəcək. Kənd sakinləri elektrik xətlərin və dayaqların dəyişdirilməsi ilə bağlı şikayətlərini prezidentə çatdırmaq üçün məktəbin tikintisinin başa çatmasını gözləyirlər.
İsmayıllı rayon Talıstan kəndində inşaası dəfələrlə dayandırılan məktəb tikintisi ilə bağlı redaksiyamıza daxil olan məlumatı araşdırmağa çalışırıq. Məlumatı tam araşdırandan sonra oxuculara təqdim edəcəyik.
Sozcu.info