Generalın icra başçısı olan qardaşı problemlə üzləşib

Generalın icra başçısı olan qardaşı problemlə üzləşib

 


Tovuzda korrupsiya faktları araşdırılır

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun icra başçısı olan qardaşı Tofiq Zeynalov ciddi problemlə üzləşib . Tovuz rayonundan  "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri bəzi korrupsiya faktlarını araşdırırlar. Təsdiqlənməmiş məlumata görə, hələlik müstəntiqlər Tovuz Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mahir Həsənovun imzası ilə həyata keçirilmiş maliyyə əməliyyatlarını araşdırırlar. Ancaq istintaqçıların təhqiqatının daha da genişlənəcəyi istisna deyil. Hətta bu aqibət qaçılmaz da ola bilər. Bunun üçün kifayət qədər əsas var. Belə ki, Tofiq Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dövrdə İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən böyük məbləğli əksər tenderləri "Qovlar Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. Məsələn, 2015-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tenderi məhz "Qovlar Təmir-Tikinti” MMC-i qazanıb. Bu tenderin həyata keçirilməsi isə dövlət büdcəsinə 4.5 milyon manata başa gəlib. Ancaq bu "Qovlar Təmir-Tikinti” MMC-nin büdcə pullarına sahib çıxdığı yeganə tender deyil. Həmin 2015-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən Düz Qırıqlı kənd tam orta məktəb binasının əsaslı təmir işləri ilə bağlı tenderi də "Qovlar Təmir-Tikinti” MMC-i qazanıb. Hörmətli oxucular bir kənd məktəb binasının təmirinə 2.8 milyon manat sərf edilə bilərmi? Əlbətdə, deyəcəksiniz ki bu pula yeni məktəb binası, hətta iki məktəb binası tikmək olar. Haqlısınız, həmin 2015-ci ildə respublikada həyata keçirilən məktəb binası tikintilərinə bir qayda olaraq 1.4-1.5 milyon manat sərf olunub. Tovuz Rayon Düz Qırıqlı kənd tam orta məktəb binasının əsaslı təmiri isə Azərbaycan dövlətinə 2.8 milyon manata başa gəlib. Ancaq bu bahalı tender də "Qovlar Təmir-Tikinti” MMC-nin qazandığı son tender deyil. Tovuz Rayon İcra hakimiyyətinin sifarişi ilə həyata keçirilə 550 min manatdan artıq smetaya malik abadlıq işləri ilə bağlı tenderi də, 830 min manatlıq smetaya malik yolların əsaslı təmiri ilə bağlı tendei və ən nəhayətdə 160 min manatdan artıq smetaya malik mənzil fondunun əsaslı təmiri işləri ilə bağlı tenderi də "Qovlar Təmir-Tikinti” MMC-i qazanıb. Redaksiyamıza təqdim olunan və mötəbərliyi şübhə doğurmayan bu məlumatlardan da göründüyü kimi yalnız 2015-ci ildə keçirilmiş tenderlər nəticəsində "Qovlar Təmir-Tikinti” MMC-i təxminən 9 milyon manatlıq büdcə vəsaitinə sahib çıxıb. Ötən il iqtisadi böhran təmir-tikinti işlərinə ayrılan büdcə vəsaitlərinin miqyasını kəskin azaltsa da, "Qovlar Təmir-Tikinti” MMC-i Tofiq Zeynalovun himayəsi sayəsində pulsuz və sifarişsiz qalmayıb. Redaksiyamıza təqdim olunan və doğruluğuna şübhə etmədiyimiz məlumata görə, 2016-cı ildə Tovuz Rayon İcra Hakimiyyətinin sifarşi ilə həyata keçirilən bütün bahalı işlərə yenə də "Qovlar Təmir-Tikinti” MMC-i sahib çıxıb. Belə ki, Tovuz Rayon İcra Hakimiyyətinin sifarşi ilə həyata keçirilən yolların təmiri işləri ilə bağlı 610 min manatlıq tenderi məhz "Qovlar Təmir-Tikinti” MMC-i qazanıb. Eləcə də Tovuz Rayon İcra Hakimiyyətinin sifarşi ilə həyata keçirilən 330 min manatlqı smetaya malik abadlıq işləri ilə bağlı tenderi və ən nəhaytdə 120 min manat büdcə vəsaitinin sərf edildiyi mənzil fondunun təmiri işləri ilə bağlı tenderi də "Qovlar Təmir-Tikinti” MMC-i qazanıb. Göründüyü kimi iqtisadi böhranın kəskin olduğu 2016-cı ildə "Qovlar Təmir-Tikinti” MMC-i dövlət büdcəsinin təxminən 1.2 milyon manatına sahib çıxa bilib. Son iki ildə 10 milyon manatdan artıq büdcə vəsaitinin sərf edildiyi tenderləri respublika səviyyəsində tanınmayan, hüquqi ünvanı Tovuz rayon, Qovlar şəhəri Nərimanov küçəsi 16-da yerləşən 20 manat nizamnamə kapitalı olan "Qovlar Təmir-Tikinti” MMC-nin qazanması Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqlərinin diqqətini çəkməli, ciddi araşdırma mövzusu olmalıdır. Biz isə araşdırmalarımız nəticəsində müəyyən edə bildik ki, son iki ildə 10 milyon manatdan artıq büdcə vəsaitinə sahib çıxan "Qovlar Təmir-Tikinti” MMC-nin rəhbəri Vaqif Cahangir oğlu Əsgərov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla qohumluq əlaqələrinə malik şəxsdir. Tovuz rayonundakı mənbələrimizdən aldığımız məlumata görə, "Qovlar Təmir-Tikinti” MMC-nin rəhbəri Vaqif Əsgərov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun bacısnın qaynı oğludur. Tovuz rayonundakı mənbəmizdən aldığımız məlumatda isə "Qovlar Təmir-Tikinti” MMC-nin əslində icra başçısının bacısı oğlanları olan Vüqar və Xəqani Əsgərovlara məxsus olduğu, MMC-yə rəhbərlik edən Vaqif Əsgərovun isə Vüqar və Xəqani Əsgərov qardaşlarının əmisi olduğu deyilir. Vüqar Əsgərov hal-hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti 6-ci tağımının komandiridir. Məlumatlara görə, Vqar Əsgərov bu vəzifəyə ötən ilin sonlarında dayısı Ramiz Zeynalovun əmri ilə təyin edilib. Onun qardaşı Xəqani Əsgərov isə uzun ilərdir ki, Tovuz rayonunda yerləşən və bu rayondan başqa Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını əhatə edən 10 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisidir. İcra başçısının bacısı oğlanlarının əmisinin rəhbərlik etdiyi 20 manatlıq bir şirkətin Tovuz rayonunda yalnız son iki ildə 10 milyon manatdan artıq büdcə vəsaitinin sərf edildiyi tenderləri qazanması faktrının özü çoxsaylı suallar doğurur və cəmiyyəti narahat edəcək bu suallara cavab vermək aidiyyatı orqanların vəzifəsidir. Çünki, məhz bu suallara aydınlıq gətirilməsi Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin marketinq şöbəsinin rəisi olmuş Rahib Hüseynova verdiyi iddia olunan 2011-ci ilin noyabr ayında 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə 2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat məbləğində, ümumilikdə isə 5 milyon 900 min ABŞ dollarını, 1 milyon 750 min manatının gənc polis zabitinin əlinə haradn keçməsi ilə suallara da aydınlıq gətirə bilər. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqlərinin Tovuz rayonundakı bəzi korrupsiya faktları ilə bağlı apardıqları təhqiqatı diqqətdə saxlamaqla yanaşı, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalovun rəhbərlik etdiyi rayonda büdcə vəsaitlərindən necə istifadə olunması, kənd təsərrüfatı yönümlü subsidiyaların kimlərə verilməsi ilə bağlı araşdırmalarımızı da davam etdirəcəyik. Bu istiqamıtdə apardığımız araşdırma ilə yaxın saylarımızın birində tanış ola bilcəksiniz. Araşdırmada adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti