Zəlzələ turistlərin Türkiyədən ayağını kəsəcək? - “Azərbaycan sərhədləri açsa...”


“Zəlzələdən sonra turistlərin Türkiyəyə axınının dayanması qısa perspektivdə öz təsirini göstərəcək. Çünki turistlər gedəcəkləri yerlərin təhlükəsiz olmasına böyük önəm verirlər. Zəlzələ zonası isə cənub-şərqi Anadolunun 10 vilayətidir. Yəni Türkiyənin əsas turizm potensialı olan Antalya istiqaməti deyil”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib.

O, Türkiyədə baş verən zəlzələdən sonra bunun qardaş ölkənin turizm sektoruna olan təsirindən, habelə Azərbaycana turistlərin cəlb edilməsi məsələsindən söz açıb. 

C.Dövlətzadə deyib ki, cənub-şərqi Anadolunun 10 bölgəsində baş verən bu zəlzələdə Antakya və Malatya kimi turistik şəhərlər də var ki, təbii, zəlzələdən sonra oraya gedən turistlərin sayında ciddi bir azalma olacaq, hətta yox dərəcəsinə düşəcək. 

O, əlavə edib ki, bununla əlaqədar da həmin zonaya turizm axının azalması artıq görünəcək, yəni ki, bu, regional bir azalmaya səbəb olacaq:

“Lakin bu, həm də böyük tur operatorlarının Türkiyəyə olan erkən rezervlərinə ciddi təsir göstərəcək. Çünki Türkiyə rezervləri yay fəsli üçün indidən başlayıb. Ümid edirik ki, bu, yay ayları üçün ciddi təsir göstərməz, yaralar tez sağalar və sadəcə cənub-şərqi Anadolunun 10 vilayətində qismi bir turizm azalmasına səbəb olar. Ən yaxşı halda biz bu cür fikirləşə bilərik”. 

“Turistlərin təhlükəsiz zonalara səfər etmək istəmələrinə görə, bu, Türkiyədə təhlükəsiz bina sertifikatı amilini ortaya çıxaracaq. - hansı ki, bu, Azərbaycanda da tətbiq olunmalıdır. Bu isə odur ki, bina istismara veriləndə onun zəlzələyə davamlılıq sertifikatı tələb olunmalıdır. Yəni insanlar bu sertifikatları Türkiyədə bəzi qurumlardan ala bilərlər, amma bu işi Azərbaycanda həyata keçirə biləcək yeganə qurum FHN-dir. Qısası, bu sertifikatlar mütləq turistlər tərəfindən tələb olunacaq ki, onlar gedəcəkləri otellərdə rahat gecələsinlər”, - vurğulayıb. 

Mütəxəssis bildirib ki, irəli vaxtlarda bu, çox ciddi bir problem kimi ortaya çıxacaq və bunun Azərbaycanda da tətbiqi çox vacib bir məsələdir:

“Əgər Azərbaycan təhlükəsiz bina sertifikatının turizm müəssisələrində tətbiqini istəsələr, yaxud ekspertlər həmin o təhlükəsiz bina sertifikatları yoxlanışını ədalətli şəkildə keçirsələr, çox yaxşı olar. Çünki qonşunun başına gəlibsə, bizim də başımıza gəlməyəcək deyə bir qarantiya ortada yoxdur. Sadəcə bunun indidən aparılması çox vacib olardı”. 

Həmin turistlərin Azərbaycana cəlb edilməsi amilindən söz açan müsahibimiz söyləyib:

“O ki qaldı həmin turistlərin Azərbaycana cəlb edilməsinə, mənə elə gəlir ki, onlar daha böyük turizm ölkələri olan Yunanıstan və İspaniyaya yönələcəklər. Çünki Azərbaycan kiçik bir ölkədir, o turistlərin ölkəyə cəlb edilməsi üçün uzun müddət qabaqdan iri layihələrin həyata keçirilməsi lazımdır ki, onlar buraya gəlsin. Yəni Azərbaycanın böyük dünya sərgilərində tanıdılması, turizm şirkətlərinin, yaxud otellərin turizm sərgilərində iştirakı və turizm məhsullarının növünün çox olması lazımdır. Çünki Türkiyə çoxnövlü turizm məhsullarını turistlərə verir. Orada müştərilər pansionatlarda qalanda belə hər şey daxil xidmətlərdən istifadə edirlər, lakin Azərbaycanda bu, az tətbiq olunan, ya da heç tətbiq olunmayan bir sahə kimi ortadadır. Bunun irəli vaxtlarda tətbiq olunması laızmdır”. 

C.Dövlətzadə qeyd edib ki, turizm çeşidliyini deyəndə isə burada dağ və çimərlik turizminin inkişafı da çox vacib bir məsələdir:

“Eləcə dənizaltı və çay turizmini də buraya aid edə bilərik. Ona görə də Azərbaycana turistlərin cəlb edilməsi məsələsində sözün yox, əməlin öndə olması və bunun üçün savadlı mütəxəssislərdən istifadə etmək şərtdir. 

Hazırda zəif sezon turizmi gedir və ölkəmizin quru sərhədləri bağlı olduğu üçün bizdə turizmin təbii inkişafı çox çətindir. Bu, ancaq yüksək sezonda mümkündür, lakin yüksək sezonda Türkiyə, Gürcüstan və Rusiya ilə sərhədlərin açılmaması irəli vaxtlarda turizmin inkişafına əngəl törədəcək ki, hazırda da bu, göstərir. Hətta Türkiyədə olan 25 min azərbaycanlı tələbinin ölkəyə qayıtması üçün Gürcüstan sərhədinin müvəqqəti belə olsa açılması çox vacib olardı”. 



Oxşar Xəbərlər

Xəbər lenti