Zəlzələdə valideynlərini itirən uşaqları övladlığa götürə bilərik? - Rəsmi cavab


Türkiyədə baş vermiş zəlzələdən ən çox zərər görənlər məhz körpələr və azyaşlılardır. 

Türkiyə mediası 160-dan çox uşağın yetim qaldığını bildirir. 

Zəlzədə valideynlərini itirən həmin uşaqları övladlığa götürmək və ya çətin vəziyyətdə olan ailələr üçün qoruyucu ailə olmaq istəyənlərin sayı durmadan artır. Azərbaycanlılar arasında da bu uşaqlara valideyn olmaq istəyənlər kifayət qədərdir. 

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xaricdən övladlığa uşaq götürmə prosesi uşağın vətəndaşı olduğu ölkənin daxili qanunvericiliyinə uyğun olaraq tənzimlənir: 

“Azərbaycan vətəndaşları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsi "Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" HAAQA Konvensiyasına və uşağın vətəndaşı olduğu ölkənin daxili qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 

Konvensiyanın 14-cü maddəsinə əsasən razılığa gələn bir dövlətdə daimi yaşayan şəxslər razılığa gələn digər dövlətdə daimi yaşayan uşağı övladlığa götürmək istədikdə öz daimi yaşadıqları dövlətdə aidiyyatı Mərkəzi orqana müraciət etməlidirlər. 

Konvensiyaya əsasən, qəbul edən Dövlətin Mərkəzi orqanı, müraciət edən şəxslərin övladlığa götürmək hüququnun olub-olmamasını yoxlayır, onların tərcümeyi-halını, ev şəraitinin müayinəsini və tibbi müayinəsini, sosial mühitini, övladlığa götürmənin səbəblərini, ölkələrarası övladlığa götürməni həyata keçirmək imkanına malik olduğunu, habelə onların övladlığa götürmək istədikləri uşağın səciyyəvi xüsusiyyətlərini əks etdirən məlumatı mənşə Dövlətin Mərkəzi orqanına göndərir. Daha sonra övladlığagötürmə prosesi həmin dövlətin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir”. 



Oxşar Xəbərlər

Xəbər lenti