Formula 1-ə görə bu yollar bağlanıb - TAM SİYAHI


Bu gün gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sozcu.info Trend-ə istinadən bildirir ki, nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunur. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerina Giriş İcazəsi" əsasında təmin olunur.

Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Piyadalar halqa ətrafında yerləşən Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində quraşdırılan müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Bundan əlavə, yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

Qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq.



Oxşar Xəbərlər

Xəbər lenti