Metro və avtobuslarda kondisionerlərlə bağlı narazılığa REAKSİYA - RƏSMİ


Havaların istiləşməsi ilə Bakıda ictimai nəqliyyatda kondisionerlərin işləməsi məsələsi geniş müzakirə olunur.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Trend”ə açıqlamasında bildirib ki, ümumən 115 yeni nəsil kondisionerli vaqon var. Bu isə toplamda 23 qatar edir və hər qatar beş vaqondan ibarətdir.

“Kondisioner söndürülmür. Vaqonlardakı kondisionerlər sistemə qoşulu olur. Havanın temperaturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Hazırda vaqonlarda kondisionerlər işləyir”, - deyə B.Məmmədov qeyd edib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür.

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

Eyni zamanda, qeyd edək ki, prosedura uyğun olaraq, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”, - deyə məlumatda qeyd olunub.



Oxşar Xəbərlər

Xəbər lenti