90 qəpiyə evi isitmək, 3 manata aylıq məktəb xərci... Milli Məclis minimum "yaşayış"ı müəyyən edib


Ölkədə əhalinin sosial vəziyyətinin pisləşməsini daha gizlətmək olmur. Hökumətin əlindən təkcə o gəlir ki, inflyasiyanın səviyyəsinin yüksək olduğunu etiraf etməsin. Buna baxmayaraq, qiymətlərin çox artdığını ayrı-ayrı təmsilçilər dilə gətirir. Məvaciblər yetərli deyil. Ölkədə iş qabiliyyəti olan şəxslərin yarıdan çoxu ayda heç 500 manat maaş almır.

Sozcu.info xəbər verir ki, Azərbaycanda ölkə üzrə yaşayış minimumu 270 manat müəyyən edilib. Milli Məclis bununla bağlı qərar verib. Yaşayış minimumu haqqında qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycanda 14 ildir minimum istehlak səbətinin tərkibi dəyişmir. Siyahıya baxanda ən azı təəccüblənməli olursan. Guya, bir nəfər ayda 90 qəpik ödəməklə mənzilini qızdıra bilir...

Harada belə imkan var?

Ölkə əhalisinin böyük hissəsi mərkəzi istilik sistemi görmədən payızı, qışı başa vurur. Mənzilini bu sistem sayəsində qızdıranlar da o məbləğdən xeyli çox ödəməli olur. Kəndlərdə, hətta rayon mərkəzlərində, Abşeron yarımadasında yaşayan müəyyən təbəqə də qışda təbii qaza görə 200 manat civarında xərcə düşür. Minimum istehlak səbətində isə hər şəxsin təxminən 5 manata bir ay qaz dərdini həll etdiyi yazılıb. Təsəvvür edin, siyahının nəqliyyat xidmətindən istifadə hissəsində 58 gediş əksini tapıb. Belə çıxır ki, vətəndaşın yalnız bir ictimai nəqliyyat növündən istifadə etməklə işə gedib-gəldiyi nəzərdə tutulub. Bəs gün ərzində həm avtobusun, həm də metronun xidmətindən istifadə edənlər? Gün ərzində bir ictimai nəqliyyat dəyişəndə təkcə işə gedib-gəlmək 90-a yaxın gediş edir.

Söhbət nədən gedir?! İnsanlar şənbə-bazar günləri nəqliyyat istifadə etməməlidir? Başqa qayğıları yoxdur? Hər şəxsin orta hesabla 100-dən artıq gediş etdiyi dəqiqdir. Deməli, təkcə nəqliyyat xərcləri 40 manatı keçir. Məktəb-yazı ləvazimatlarının aylıq normasının 3 manat civarında olduğu qeyd edilib. Kim uşağının aylıq məktəb xərclərini 3 manatla yola verə bilir? Əmək qabiliyyətli əhali təbəqəsini təmsil edən vətəndaş 213 günə bir cüt ayaqqabı ilə necə keçinsin? Ümumdünya Səhiyyə Təşkilatı il ərzində adambaşı ət normasını 78 kiloqram müəyyən edib. Bizim siyahıda heç bunun yarısını da rəva görməyiblər.

Yazılanlar heç gülməli də deyil. Həqiqətən də, bu ölkədə insanın dəyəri yoxdur... Qərar qəbul edənlər özləri bu şərtlərlə yaşaya bilərlər?

Bizimyol.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}