Sumqayıt şəhidləri “Mənim oğlum qəhrəmandır” layihəsi ilə yad edildi - VİDEO, FOTOLAR

Cəlal Qurbanov: “Cənab Prezidentin Xankəndiyə sancdığı bayrağımız, inşallah, Zəngəzurda da ucalacaq. Və bu tədbirlərimizin davamı məhz o torpaqlarda olacaq”

Tarixi Zəfərimizdən keçən 4 il ərzində “Mənim oğlum qəhrəmandır”“Mənim atam qəhrəmandır” layihələri çərçivəsində 50-yə yaxın tədbirlə 2900-a yaxın şəhid ailə üzvünü biraraya cəm edən “Fire Land Group” 14 Oktyabr 2024-cü ildə 100-dən çox şəhid ana və atası ilə Sumqayıt şəhidlərinin ziyarətinə toplaşdı. Tarixi Zəfər yolumuzun ən uca rütbəsini daşıyanların adının çəkildiyi Sumqayıt Şəhidlər Xiyabanı 1 dəqiqəlik sükuta, sonsuz qürura həkk olundu.

Sumqayıt Şəhidlər Xiyabanının ziyarəti ilə başlanan tədbir şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsinin hər gününə və saatına öz ölümsüzlükləri və vətənpərvərlikləri ilə imza atan şəhidlərimizin qəhrəmanlığına, uğurlu siyasətimizə, milli birliyimizə və qələbəmizə dair çıxışlarla Sumqayıt Dövlət Universitetində davam etdirildi.

Yaşından, vəzifəsindən, sosial mənşəyindən asılı olmayaraq şəhidlərimizin adı anılanda minnətdarlıq hissi keçirən sıravi azərbaycanlı kimi Sumqayıt Dövlət Universitetinin rektoru cənab Rüfət Əzizov da çıxışı ilə qəhrəmanlarımızın mənən hər zaman bizimlə olduğunu, şəhid ailələrinin isə hər kəsə nümunə olduğunu vurğuladı.

Rüfət Əzizov: Şəhid ailələri cəmiyyətimizdə istər dövlətimiz, istərsə də, hər bir vətəndaşımız tərəfindən ən böyük diqqətə və hörmətə layiq insanlardır. Çünki ölkəmiz ölkə rəhbərliyinin qüdrətli siyasəti, şəhidlərimizin fədakarlığı ilə bu gün dövrünün ən çiçəkli tarixini yaşamaqdadır.

Vətən adı gələndə ümumiləşən amallar 44 Günlük Vətən Müharibəsindəki birliyin təcəssümü idi. Qələbəni bizə yaşadanları yetişdirənlər isə qabarlı əlləri, əzabkeş surətləri ilə ali duyğularında qəhrəman övlad sevgisi daşıyan analardır. Gözlərindəki və çiyinlərindəki yükün ağırlığına rəğmən əzəməti və vüqarı ilə hər kəsə nümunə olan şəhid anaları hərzamankı kimi bu tədbirin də ən əsas qonaqları idi. Hər şəhid bir Vətən daşıdır və gələcək nəsillər o daşların üzərində yenilməzlik ruhu daşıyacaq. Heç təsadüfi deyil ki, bugünkü tədbirdə həm cəmiyyətimizə insan, həm də məhz Vətənə şəhidlər kimi qəhrəmanlar yetişdirən 23 müəllim şəhid anası da yer alırdı. Gec də olsa, müəllim və şəhid anası kimi iki böyük şərəfli adı daşıyan müəllim şəhid analarına da gül dəstələri bağışlanaraq ən yüksək səviyyədə hörmət və ehtiram bildirildi. Ömrünü övladı şəhid Elmar Nəsirovlar kimi qəhrəmanlar yetişdirməyə adayan Sürəyya müəllimə istər müəllim, istərsə də, bir şəhid anası kimi onlara göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, şəxsən Mehriban xanım Əliyevaya öz təşəkkürünü ünvanladı:

“Mehriban xanım bir ana kimi hər daim diqqət və qayğısını bizə ən incə şəkildə hiss etdirmiş, yanımızda olduğunu öz dəstəyi ilə nümayiş etdirmişdir”

Şəhid anaları adından çıxış edən şəhid generalımız Polad Həşimovun anası Səmayə ana Azərbaycanımızı qəhrəmanlar yetişdirən ölkə adlandıraraq, həm gəncliyimizə, həm də onları yetişdirən müəlllimlərə səsləndi:

“Gələcəyimiz bugünkü gəncliyimizin çiyinlərindədir. Onların oxuması bizim parlaq gələcəyimiz deməkdir. Eləcə də muəllimlərimiz. Çünki bu günün qəhrəmanlarını da yetişdirən siz analar və siz müəllimlər olmusunuz. Polad Həşimovun qisasını alacağıq deyib döyüşə yollanan bütün şəhidlər mənim balalarım, siz analar isə mənim bacılarımsınız.”

4 il ərzində 50-dən çox tədbirlə şəhid əmanətlərinə öz sevgisini bəyan edən “Fire Land Group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov Xızı, Şəki, Oğuz, Sumqayıt kimi ölkəmizin bütün bölgələrində zaman-zaman belə tədbirlərin keçirləcəyini vurğuladı:

“Siz mənim üçün ən dəyərli əmanətsiniz. Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin siz şəhid ailələrinə olan özəl diqqət və qayğısının, hər çıxışında vurğuladığı dəstəyin önəmindən biz də öz nəsibimizi alaraq sizə yaşada bildiyimiz kiçik sevinc və gülüşlə öz mənəvi yükümüzü yüngülləşdiririk. Bu qəbildən Vitse-prezidentimiz, birinci xanım Mehriban Əliyevanın da sizə olan xüsusi diqqəti, Heydər Əliyev Fondunun rəhbərliyinin də tədbirlərimizə göstərdiyi həssaslıq bizə qürur verir.

Üzərindən 4 il yox, 4 əsir də keçsə, Vətən, Qarabağ, şəhid, şəhid əmanəti deyildiyi an  hər kəs bir olub, birgə dəstək  göstərəcək. Elə “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihələrinin təşkil olunmasında da 4 il boyunca göstərdikləri mənəvi dəstəklərinə görə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Daxili İşlər Nazirliyinin əməkşdaşlarına, xüsusilə Vilayət Eyvazova, Müdafiə Nazirliyinə, Ədliyyə Nazirliyinə, millət vəkillərimizə, Mədəniyyət Nazirliyinə, eyni zamanda Dövlət Turizm Agentliyinə, İcra hakimiyyətlərinə, ictimai şəxslərə,  yalnız əllərindən deyil, səslərindən, avazlarından gəldiyi qədər könlünüzü xoş etməyə çalışan incəsənət nümayəndələrinə, Sumqayıt Dövlət Universitetinin başda Rüfət müəllim olmaqla bütün kollektivinə və bugünkü tədbirimizdə ehsan süfrəsinin təşkil edilməsində  yalnız süfrələrini deyil, könüllərini açdığına görə Nur restoranının əməkdaşlarına xüsusi təşəkkürümüzü çatdırırıq. Bu mənzərənin bir adı var – Fədakarlıq. Milyon kəlmə töksək, o ağaran saçlarınızdan da öpsək, sizi sizdən daha gözəl anladacaq heç kim olmaz. “Mənim oğlum qəhrəmandır” layihəsi də məhz siz şəhid əmanətləri üçün var və olacaq. Çünki Cənab Prezidentin Xankəndiyə sancdığı bayrağımız inşAllah Zəngəzurda da ucalacaq”. Və bu tədbirlərimizin davamı məhz o torpaqlarda olacaq.”

Anım tədbirinin ardınca Sumqayıt şəhər Nur restoranında şəhidlərimizin adına ehsan süfrəsi açıldı. İfaları ilə Zamiq Hüseynov, Könül Xasıyeva, Şuşam Dövlət Xoru da həm şəhidlərimizi yad etdi, həm də könülləri riqqətə gətirdi.

Hurriyyet.az





Oxşar Xəbərlər

Xəbər lenti