8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cahid Ərmağan Dilək
Yeni Çağ (Türkiyə), 15.05.2019
ABŞ prezidenti Corc kiçik Buş 2003-cü ildə İraqın işğalını dəyərləndirərək belə deyib: "İraq öz durumu və energetik resursları üzündən nüfuz uğrunda kürəsəl mübarizənin ortasında yerləşir. Biz Səddamın sahib olduğu kütləvi qırğın silahına görə önləyici işğal aparırıq”.
İraqda işğalın qızğın vaxtında Amerika hərbçilərinin sayı 150 min təşkil edib. Koalisiya üzrə başqa tərəfdaşlarla birgə 170 minə çatıb. Eyni zamanda kontraktçıların özəl silahlı güclərinin sayı 180 min səviyyəsində səsləndirilib.
ABŞ 2011-ci ilin sonunda özündən sonra milyonlarla həlak olan və yaralı, dağıdılmış və tükənmiş bir ölkə buraxaraq İraqdan gedib. Amma tam getməyib .
Deməli, ABŞ bəlada buraxılan İraqın dağılmış dövlət siteminin zəmin hazırladığı Mosulun 2014-cü ilin iyununda İŞİD tərəfindən işğalıyla başlanmış proseslə yenidən bölgəyə qayıdıb. O, indi nisbətən az güclə iştirak edir, amma hərbçilərini İraqda özünün vadar etdiyi şərtlərlə yerləşdirib.
ABŞ bu dəfə İŞİD bəhanəsilə Suriyanın üçdə birini işğal edib və bu bölgələri Kürdüstan Fəhlə Partiyası (PKK)/Xalq Özünümüdafiə Dəstələrinə (YPG) verib.
Tramp 2018-ci ilin dekabrında Amerika hərbçilərinin Suriyadan çıxarılacağını bildirərkən, görünür, ona ancaq Türkiyə hökuməti inanıb, qalanları isə bu bəyanata təmkinlə yanaşıb və hətta deyiblər ki, ABŞ getməyəcək. Belə də oldu. Axı Tramp hərbçiləri çıxarmaq üçün bir sıra şərtlər sadalayıb. İsrailin təhlükəsizliyi, İranın hər şeydən qabaq Suriyadan, habelə İraq və Yəməndən gedişi.
Bizm burada ilk günlərdən dəfələrlə xəbərdarlıq etdiyimiz kimi, ABŞ təkcə bölgədən getməyib, həm də yenidən yerləşməyə başlayıb. Hətta guya qoşunu çıxarmaq bəhanəsilə bölgəyə əlavə hərbçilər göndərib. O, PKK/YPG güclərinə silah və hərbi texnika tədarükünü daha yüksək templə sürdürür. Tramp bu gedişlə Türkiyənin Suriyada yeni transsərhəd əməliyyatının da qabağını alıb.
ABŞ və İran arasında son günlərdə mahiyyətcə nəzarət edilən gərginlik qızışır. Həqiqətdə, bu, ABŞ-ın psixoloji əməliyyatının başlanğıc mərhələsidir. Çünki ABŞ Yaxın Şərqdə özünün fəaliyyət zonasını yenidən biçimləyir.
Məlumat verilməyə başlayıb ki, ABŞ "İran istənilən an basqın edə bilər” bəhanəsilə bölgəyə hərbi güc (aviadaşıyıcı, ağır B-52 bombardmançıları, "Petriot” sistemləri və s.) göndərir. Əslində, bunun böyük hissəsi psixoloji savaşın gündəlik vəzifəsidir. İran da bildirib ki, bu belədir. Fars körfəzində BƏƏ-nin liman sularında dörd tankerə hücum və İran izi barədə ABŞ-ın açıqlaması da Amerikanın psixoloji əməliyyatının göstəricisidir.
Amerika KİV-ləri dünən isə məlumat verib ki, ABŞ İrana qarşı bölgəyə guya tam 120 min hərbçi göndərməyə hazırlaşır! Trampın "Biz altı trilyon dollar itirmişik və heç nə udmamışıq, biz hərbçilərimizi çıxardırırq”deyən və Suriyadan üç min, Əfqanıstandan 15 min hərbçinin çıxarılacağı haqda qərarı elan edən və indi Yaxın Şərqə 120 min hərbçi göndərən şəxs olduğunu gözləmək mümkünsüzdür.
Amma ABŞ mühit yaradır. İranla əməkdaşlıq edə biləcəyini hələ də düşünən Avropaya siqnal verir, təəssürat yaradır ki, istənilən an İrana zərbə vura, hətta İranı işğal edə bilər.
ABŞ mühit yaradaraq habelə mümkün antiiran koalisiyasının özülünü qoyur. Ehtimal ki, ABŞ bundan sonra böyük güc cəlb etməklə okeanarxası əməliyyatlar keçirməyəcək. O, 2001-ci ildən bəri keçirdiyi əməliyyatlardan məhz bu ibrəti alıb. İŞİD bəhanəsilə İraq və Suriyaya müdaxilə forması bunu göstərir.
İranın imkanları nəzərə alınsa, onda böyük sayda gəmini Fars körfəzinə dartmaq, Fars körfəzi ölkələrində İranın yaxınlığında yerləşdirmək İranın açıq hədəfi olmaq deməkdir.
Amma ABŞ xeyli böyük dəniz və hava gücləri ilə Yaxın Şərqdə rotasiyalı vəzifə icra edə bilər. Və İraq torpağında da hərbi iştirakını bir az da artıra bilər. İraq İranla mübarizədə ABŞ üçün kritik önəmli mövqe tutur. İraq İranın Ərəbistan yarımadası və Suriya-Livan ilə əlaqələrini kəsmək baxımından önəmlidir.
ABŞ bu qayda ilə bölgədə İraq üzərindən psixoloji təsirə söykənən yeni önləyici işğala hazırlaşır. Eynilə Buş kimi.
Bölgədə koalisiya üçün mühit və infrastruktur yaradarkən ABŞ-ın sıx iş görəcəyi ölkələrdən biri Türkiyə olacaq.
Son günlərin yenilikləri göstərir ki, Türkiyə Suriyada ABŞ-ın planlarına qoşulub. Türkiyənin "Suriya Demokratik Qüvvələri” (SDQ) ilə danışıqlarını təmin edən ABŞ dolayısı ilə olsa da, təhlükəsizlik zonası qurmaq yollarını axtarmağa, S-400 məsələsində də, görünür, istədiyinə nail olub. Önəmlidir ki, bununla yanaşı Öcalanın (PKK lideri-tərc.) Suriyaya – SDQ-yə vurğu ilə məktubu meydana çıxıb.
Türkiyə Suriyada əməliyyat haqda daha danışmır. S-400 haqda xarici KİV-lərdə çıxan dərcləri təkzib etmir. İddia olunduğu kimi, S-400 Türkiyəyə iyulda gələcək, heyət isə indiyədək onun istismarını öyrənməyə göndərilməyib.
Alqısı tələsik siyasi qərar olan, ABŞ-a qarşı kozır kimi qəbul edilən S-400 layihəsini yanlış yönəltmək Türkiyəyə qarşı silaha dönüb və Türkiyə uduzub. Tədarükün guya 2020-ci ilə keçirildiyi haqda ritorikaya və s.-yə fikir verməyin. Təcili tələbat varsa, onda niyə başqa vaxta keçirilir?
Bir sözlə, S-400 gəlməyəcək.
Gəlməyəcək S-400-lər, ola bilsin, ABŞ-Türkiyə böhranını həll edir, amma Türkiyədə təşəbbüsü əldə buraxan hökumətin xarici siyasəti hər şeydən qabaq Fəratdan şərqdə, İdlibdə və Şərqi Aralıq dənizində daha böyük problemlər doğurur.
Rusiya ilə pisləşən münasibətlər haqda hətta soruşmayın da. Trampın sanki Damokl qılıncı kimi havadan asılı qalmaqla bütün bunlara təsirə malik olan tvitinin təsirini də yaddan çıxarmayın: "Sizin iqtisadiyyatınızı dağıdarıq”.
Tərcümə Strateq.az-ındır.