Türkiyə və İran İsrailə qarşı birləşir? – Tehranla Ankaranın maraqları


İsrailin Fələstindən sonra Livana hücum etməsi Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirib. Türkiyə son günlər İsrailə qarşı təzyiqlərini artırıb. Belə bir fikir də səslənib ki, Türkiyə lazım gəlsə İsrailə hərbi müdaxilə edə bilər. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışında açıq şəkildə ifadə etdi.

İsraillə konfrontasiya İranla Türkiyəni Təl-Əvivə qarşı müttəfiqə çevirə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Türkiyə və İranın müttəfiqə çevrilmə ehtimalı yoxdur:

“Bu iki dövlətin həm xarici, həm də daxili anlayışları tamamilə fərqlidir. İsraillə qarşıdurma prosesində belə kifayət qədər ciddi fərqlər müşahidə olunur. Çünki İran İsrailə qarşıdurmanı imitasiya edir. Müəyyən manipulyasiyalara cəhd göstərir. Reallıqda konkret addımlar atmır.


Elçin Xalidbəyli

Türkiyə və İsrail arasındakı qarşıdurma tamamilə fərqli məzmun daşıyır. Bu tamamilə real gərginlikdir. Türkiyə İsraili bu günə qədər heç vaxt İranın ittiham edə bilmədiyi məsələlərdə beynəlxalq hüquqla ittiham edir. Mövcud gərginliyin hərbi qarşıdurmaya çevrilməsinə qədər inkişaf edib”.

Politoloqun fikrincə, Türkiyə və İsrail arasında illər öncədən qarşıdurma mövcud idi:

“Vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail Prezidenti Şimon Peres ilə Davosda baş tutan görüşdə yaşanan gərginlikdən sonra iki ölkə arasında ciddi problemlər müşahidə edildi. Hətta diplomatik münasibətlər də pozulmuşdu. Bu zaman belə İsrailə qarşı Türkiyə-İran müttəfiqliyi baş tutmamışdı. Rəsmi Tehran İsrailə qarşı mübarizəni təkbaşına aparmaq istəyir”.

Safura Bənnayeva



Oxşar Xəbərlər

Xəbər lenti