Separatçılığın kökünün kəsildiyi tarix

Vətən müharibəsinə Qarabağda 23 sentyabrda keçirilən antiterror əməliyyatı ilə son qoyuldu. Buna qədər isə Qarabağda hüquqi dövlət olmamışdı və bölgə işğalçılar, xunta rejimi tərəfindən idarə olunurdu. Bu rejim terrorçu mahiyyət daşıyırdı və mərkəzi hakimiyyətə qarşı idi. Onlar Qarabağda Azərbaycanın qanunları ilə yaşamırdılar və ikinci “erməni dövləti” elan etmişdilər.
Buna baxmayaraq uydurma respublika müstəqil subyekt kimi tanınmadı. Hətta Ermənistan da beynəlxalq hüquqdan kənara çıxa bilmədi və “artsax” adlı oyuncaq rejimin müstəqilliyini tanımadı. Bununla belə, de-yure olmasa da, de-fakto “Dağlıq Qarabağ respublikası” 30 il bölgədə mövcud idi.

Artıq bu şeytan yuvasını söküb atmağın zamanı çatmışdı. Bütün xəbərdarlıqlara baxmayaraq, qondarma rejim və onun “rəhbərləri” Azərbaycana meydan oxumağa çalışırdılar. 
Bir il öncə bu günlər Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsində Rusiya hərbi kontingentinə arxayın olan erməni separatçı-quldurların qalıqları dövlətimizə əməlli-başlı meydan sulamaqda idi. Azərbaycana, onun müstəqilliyinə, geri qayıtmaqda olan keçmiş köçkünlərin təhlükəsizliyinə təhdidlər yaratmağa davam edən bu silahlı ünsürlər vətəndaşlarımıza qarşı vaxtaşırı terror aktları törədirdilər. 
Qeyd edim ki, 2023-cü il aprelin 23-də artıq Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr sənədinə zidd olaraq Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” nəzarət-buraxılış məntəqəsi qurulmuşdu. Buna rəğmən, separatçıların cinayətləri davam edirdi.

Son olaraq 2023-cü il sentyabrın 19-da növbəti terror olayı, Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində 2 mülki şəxsimiz həlak oldu. Onlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşları idi. Rəsmi məlumatda deyilirdi ki, “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması nəticəsində agentliyin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviç həyatlarını itirib. Dərhal faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdı. Lakin artıq gün kimi aydın idi ki, Azərbaycan dövləti təcili və sərt tədbirlər görməzsə, erməni terrorçuları daha da azğınlaşacaq, canlı itkilərimiz artacaq.
Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə 23 sentyabr 2023-cü ildə Qarabağın separatçıların əlində olan hissəsində lokal tipli antiterror əməliyyatları keçirliməsinə qərar verildi. Bu əməliyyat dünya hərb tarixinə qızıl hərflərlə yazıldı və Vətən Müharibəsindən sonra yenidən Azərbaycan ordusunun gücünü bütün dünya yenidən gördü. 23 saat çəkən əməliyyatlar nəticəsində düşmənə elə bir zərbə vuruldu ki, çətin ki, onlar bundan sonra bir daha ayağa qalxıb, revanşizm xəyalları qura bilsinlər. Əməliyyatlarda yüksək dəqiqlikli silahlardan istifadə etməklə, bir çox düşmən texnikaları, seperatçı yuvaları və canlı qüvvə məhv edildi. Bu əməliyyatda bir nəfər də olsun mülki vətəndaşa zərər gəlmədi. Çünki ordumuz olduqca peşəkar və sərrast idi. Necə deyərlər “quşu gözündən vuran” silahlardan istifadə etməklə tarixi ədalət bərba edildi.
Əməliyyatlardan sonra Qarabağda Azərbaycan Respublikasının qanunları tam şəkildə bərpa edildi. Belə ki, “boz zona” kimi saxlanmış Xankəndi və ətraf ərazilərdə xuntaçılar təmizləndikdən sonra orada Azərbaycanın dövlət orqanları fəaliyyət göstərməyə başladı.            Artıq ölkənin suverenliyi tam təmin olunub. Bununla da regionda güc strukturları, o cümlədən müxtəlif kommunal və sosial təyinatlı qurumların fəaliyyəti həyata keçirilir. İndi Xankəndi, Xocalı və digər ərazilərdə Azərbaycan polisi, Azərbaycan pasportu, Azərbaycan qanunları işləyir. Buna qədər isə heç zaman Xankəndidə və separatçıların olduğu digər bölgələrdə Azərbaycan pasportu, Azərbaycan manatı, atributlar, simvollar işləməyib, üçrəngli bayrağımız dalğalanmayıb. Sözsüz ki, bugünkü nəticə məhz antiterror əməliyyatının qazandırdığı reallıqdır. Əgər separatçı ünsürlər torpaqlardan qovulmasaydı, hələ də Araik Arutyunyan, David Babayan, Ruben Vardanyan və digər terrorçubaşılar meydan sulayır, Azərbaycan dövlətinə tabe olmadan Qarabağda xunta rejimini saxlayacaqdılar. Həmçinin burada qondarma administrasiya, oyuncaq parlament və onun üzvləri, “artsax” polisi, prokurorluğu və s. separatçı strukturlar fəaliyyətdə idi. Onların heç biri legitim deyildi və 23 sentyabrdan sonra hamısı ləğv olundu, separatçılar ağ bayraq qaldırdı, qondarma qurumun sonuncu başçısı Samvel Şahramanyan bu orqanların buraxılması ilə bağlı qərar verdi.
Beləliklə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edildi44 günlük Vətən Müharibəsindən sonra yarımçıq qalmış müqəddəs vəzifə öz məntiqi sonluğuna çatdı. İndi üç rəngli müqəddəs bayrağımız ölkəmizin bütün ərazilərində, hər bir kəndində, dağında, təpəsində dalğalanır. Tarixi ədaləti bərpa edən, milli qürurumuzu geri qaytaran oğullarımıza dünya durduqca minnətdarıq. Bu torpaq uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır

Abbasova Nüşabə

Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti