8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hərbi xunta rejiminin üsul-idarəsi nəticəsində əhalinin sayı günbəgün azalmaqdadır
1989-cu il 1 dekabr tarixində Dağlıq Qarabağın Xankəndi rayonunda erməni deputatlar bir araya gələrək, Azərbaycan Respublikasının tərkibindən çıxmaq barəsində müraciət qəbul etmişlər. 2 sentyabr 1991-ci ildə qondarma rejim dövlət müstəqilliyini elan etmişdir. 6 yanvar 1992-ci il tarixində isə Ermənistan parlamenti qondarma "Dağlıq Qarabağ” muxtar respublikasının müstəqilliyini tanımamaq barədə qərar qəbul etmişdir.
Xankəndində yaradılan "Miatsum” (Birlik) hərəkatının bütün təşəbbüsləri bu qərardan sonra havadan asılı qalmışdır. Bununla yanaşı, BMT başda olmaqla bütün beynəlxalq birlik də qondarma Dağlıq Qarabağ rejimini tanınmamaqda isararlıdır. Belə olduğu təqdirdə Azərbaycan bir dövlət olaraq konstitutsion hüquqlarından istənilən an istifadə edərək, ölkənin ərazi bötüvlüyünü bərpa etmək üçün hərəkətə keçmək, qəti addımlar atmaq statusunu özündə saxlayır.
Bölücü bölgədəki sosial durum və ermənilər nədən qaçırlar
1991-ci ilə kimi Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətində 145 min 500 nəfər erməni vətəndaşı yaşayırdı. Bu gün Ermənistan Dövlət Statistika Xidməti İdarəsi açıqlama verərək bildirmişdir ki, ötən müddətdə 70 min nəfər erməni vətəndaşı vilayətdən xarici ölkələrə köçüb getmişlər. Ermənistanın qaynaqlarının verdiyi açıqlamaya görə, hal-hazırda qondarma Dağlıq Qarabağda 70 min nəfərə qədər erməni vətəndaşı yaşayır. Onlardan 3 min nəfər Şuşada azərbaycanlılara məxsus evlərdə məskunlaşıblar. 70 minlik əhalinin orta hesabla 30 min nəfəri yaşlılar və uşaqlardır. Bölgədə süni şəkildə əhalinin sayını artırmaq üçün Suriya, Livan, Liviya və İraqda son illərdə yaşanılan vətəndaş müharibələrinin sonucu olaraq bölgəyə 2004-cü ildə 5 min 300 ailənin məskunlaşdırılması (23 min nəfər) siyasətini aparmışdır. Qondarma Dağlıq Qarabağ rejiminin bu istiqamətdəki addımları BMT səviyyəsində kəskin şəkildə tənqid edilmişdir. İrəvan üzərindən beynəlxalq erməni lobbisinin humanitar yardımları sayəsində Dağlıq Qarabağda əhalinin məskunlaşdırılması siyasətinin aparılmasının sonucu olaraq 2005-ci ildən etibarən xeyli vəsait ayrılmışdır. Ancaq aparılan araşdırmalardan sonra bəlli olmuşdur ki, qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi həmin vəsaiti dolayı yolla mənimsəmişdir. Yerli əhalinin bu məsələlərdən xəbəri olduğun üçün artıq "rəhbərliyə” kimsə inanmaq istəmir. Kasıb ermənilər varlılar üçün adi çobandırlar
İrəvanda fəaliyyət göstərən "aravot.am” internet qəzetinin araşdırmasına görə, Dağlıq Qarabağda guya "120 min nəfər əhali yaşayır”. Sadə və kasıb ermənilər bölgənin lideri statusu ilə öyünən eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan, eləcə də Bako Saakyan və Arkadi Qukasyana məxsus donuzçuluq, maldarlıq və qoyunçuluq, eləcə də digər istehsal və biznes strukturlarında gecə-gündüz bilmədən heyvan kimi işləməyə məcbur edilirlər. Onların aldıqları aylıq maaş heç 100 dollardan çox deyil. "Lukagir.am” internet qəzetinin etiraf etdiyinə görə, heyvandarlıq sahəsinin inkişaf etdirilməsi üçün bu qədər çabalar göstərilməsində maraqlı tərəf qonşu İrandır. Geniş otlaqları və yaylaqları olan Qarabağda bəslənilən heyvanlar qonşu İrana satılır. Donuzçuluq təssərrüfatı ilə əldə olunan gəlirlər Rusiya bazarları sayəsində mümkündür. İrəvandakı müşahidəçilərin fikrincə, Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra bölgədə durum bir qədər fərqlidir. Gömrük xidməti, vergi siyasəti və digər sahələrdə qanunsuz gəlirlər üzərində nəzarət bir qədər sərtləşib. Xankəndindən İrəvana və oradan Gürcüstan üzərindən Rusiyaya kənd təsərrüfatı məhsulları (meyvə- tərəvəz) və heyvan ətlərinin ixracı məsələsində vergi ödənilməsi məsələsində ödəmələr da artmışdır. Əvvəlki illərdən fərqli olaraq, vergilərə cəlb olunma Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Arkadi Qukasyanın şəxsi gəlirlərinə ciddi zərbə vurub.
"DQ”-nin hərbi durumunda problemlər yaranıb
İngiltərənin xarici işlər nazirliyinə bağlı "Beynəlxalq Krizis Qrupu” tərəfindən Dağlıq Qarabağda aparılan araşdırmalar nəticəsində gündəmə gələn hesabatda qeyd olunur: "Xankəndi və onun ətrafında yerli hərbi birləşmələrdə toplam 18 500 nəfər hərbçi xidmət edir. ABŞ-da yaşayan və "Dağlıq Qarabağ” üzrə hərbi ekspert Riçard Kirakosyan tərəfindən verilən məlumatda isə bildirilir: "Bölgədə rəsmi hərbi birliklərdən əlavə, 20-30 min nəfər ehtiyatda olan və döyüş qabiliyyətli vətəndaşları istənilən an çağırışa cəlb etmək mümkündür. Dağlıq Qarabağ ordusunda xidmət edən əsgərlərin 8 min 500 nəfəri yerli əhalidən və 10 min nəfəri isə Ermənistan vətəndaşlarından ibarətdir. Bölgədə yaşayan əhalinin sayına görə 1000 nəfərə 67 hərbçi düşür. Dağlıq Qarabğda xidmət edən Ermənistan vətəndaşlarının çoxu könüllülərdən ibarətdir. Bölğə tamamilə hərbi qanunlar çərçivəsində idarə olunur”. 1998-2018-ci illərdə Ermənistanda hakimiyyətdə olmuş "HƏRBi XUNTA”nın devrilməsi sayəsində 20 ildir İrəvanı idarə edən "Qarabağ klanı”nın mövqeləri tamamilə daralıb. Hərbi xunta tərəfdarlarının çoxu ötən bir il ərzində Rusiya, Ukrayna, Belorus, Moldova, Qazaxstan və digər xarici ölkələrə mühacirət ediblər. Bundan əlavə, istər Ermənistan, istərsə də Dağlıq Qarabağ ordusunda xidmət edənlərin müxtəlif təriqət və məzhəblərə mənsub olması da əlavə problemlər yaradıb. Xüsusilə dağlıq Qarabağda "Eçmiədzin Kilsəsi”nə mənsub olmayan, xristianlığın digər təriqət və məzhəblərinə inanclı əsgərlər daim komandanlıq tərəfindən təqiblərə məruz qalır, incidilir və onlara əzablar verilir. Bu da öz Ermənistandan Dağlıq Qarabağda xidmətə getmək istəyənlərin sayının azalması deməkdir. Hərbi "manyak” Arkadi Qukasyanın aqibəti necə olacaq İrəvanda dərc olunan "İragir” həftəlik analitik qəzetinin son saylarında qeyd olunur ki, Ermənistanda hakimiyyət dəyişikliklərindən sonra bir çox zəngin ermənilər ölkəni tərk etdikləri üçün əhalinin gəlirləri xeyli dərəcədə azalıb. Bu problem Dağlıq Qarabağda daha dözülməz həddə çatıb. Ona görə də əhali arasında qondarma rejimin prezidenti Arkadi Qukasyanın mövqeləri də sarsılıb. Belə ki, onun nəzarətində olan hərbçilər artıq əvvəlki kimi əhali üzərində "qorxu sisyasəti”ni idarə edə bilmirlər. Ötən il İrəvandakı "məxməri inqilab”dan sonra, yerli əhali tamamilə başsız qalıb. Çünki əvəvlki qaydada Robert Köçəryan, Serj Sərkisyan və Bako Saakyanın bölgəyə təsiri və sosial baxımdan verilən dəstək çökmüş durumdadır. Bölgənin hərbi qayda-qanunlarla deyil, İrəvandakı kimi mülki cəmiyyət qaydaları ilə idarəetməni müdafiə edənlərin sayı artmaqdadır. Bu da 1991-ci ildən mövcud olan hərbi xunta idarəetmə sisteminin psixoloji baxımdan çöküşü deməkdir. Xankəndində fəaliyyət göstərən "Demokratik Artsax”, "Daşnaksütyun”, "Azad Vətən” və "88 Hərəkatı” siyasi partiyaları da çökmüş durumdadır. Bunun səbəblərindən biri də İrəvandakı hərbi xuntaçıların hakimiyyətdən devrilməsidir. "Halo Trast” beynəlxalq təşkilatının apardığı araşdırmalara görə, Dağlıq Qarabağda və xüsusilə də Xankəndində fəaliyyət göstərən 80-dən çox QHT təşkilatı da tamamilə iflasa uğrayıb. Məlumatda o da bildirilir ki, QHT sektoru əvvəllər bəzi humanitar yardım ala bilirdilərsə, indi bu qurumların mövcudluğundan heç bir iz qalmayıb. Yerli televiziya isə gündə bir neçə saat müddətinə efirə çıxa bilir. Xankəndindəki yerli televiziya kanalı başdan-başa darıxdırıcı olduğuna görə, əhali sadəcə rəsmi xəbərlərə baxır. Əvvəllər həftədə bir dəfə nəşr olunan "Azat Artsax”, "Demo” və "Martik” qəzetləri son ildə ayda bir dəfə, bəzən də iki ayda bir dəfə dərc olunurlar. İnternet resursları isə faktiki olaraq ölgün durumdadır. Bölgənin dağlıq olması və dərəli-təpəli landşatfta görə internetdən istifadə çoxlu problemlər yaradır. Korrupsiya siyasətinin tüğyan etməsi prezident Arkadi Qukasyana olan etimadın tamamilə yoxa çıxmasına səbəb olub.
"Ermənistan istehsalı” və Dağlıq Qarabağ
Qondarma Dağlıq Qarabağ rejiminin iqtisadiyyatı əsasən üzərində yazılmış "Ermənistan ishehsalı” brendlə formalaşdırılmışdı. Ötən 20 illik hərbi xunta rejimi bölgənin iqtisadi həyatını asanlıqla idarə edə bilirdi. Ermənistanın rəsmi statistikasına görə, ölkənin milli gəlirinin 18.2 faizini Dağlıq Qarabağın iqtisadi göstəriləri müəyyənləşdirirdi. Son bir ildə isə bütün bunlar aradan qaldırılıb. Ona görə ki, Nikol Paşinyan hakimiyyəti və Arkadi Qukasyan iqtidarı arasında dərin ixtilaflar düz bir ildir davam edir. İrəvanla Xankəndinin arasında yaşanılan "soyuq duş” savaşının nə vaxta kimi davam edəcəyi də bəlli deyildir. Ötən bir ilə qədər başda ABŞ olmaqla, erməni diaspor təşkilatlarının və eləcə də digər beynəlxalq humanitar təşkilatlarının dəstəyi ilə qondarma Dağlıq Qarabağ rejiminin illik büdcəsi 58 milyon dollar təşkil edirdisə, bu gün həmin rəqəmlər xeyli dərəcədə aşağı enib. "Ayastan” Beynəlxalq Erməni Fondu 2015-ci ilə qədər hər il Dağlıq Qarabağa humanitar yardım adı altında orta hesabla 15-20 milyon dollar vəsait toplayırdısa, son bir ildə bu rəqəm 4 milyon dollara enib. Ermənistan və qondarma Dağlıq Dağlıq Qarabağda həyat şəraitinin ucuz olması, iqtisadi baxımdan istehsal üçün müəyyən dərəcədə ucuz başa gəlməsinin əsil səbəbi qonşu İran İslam Respublikasından verilən və dünya bazarı qiymətindən qat-qat ucuz başa gələn neft məhsullarıdır (benzin, kerosin, dizel yanacaqları və sürtkü yağları). Ona görə də hər iki bölgənin malları Azərbaycan və Gürcüstana nisbətdə çox ucuzdur. İndiki məqamda İrəvan və Xankəndi arasındakı gərginliyə görə qondarma Dağlıq Qarabağ rejimi demək olar ki, iflas durumundadır. Erməni siyasi analitiklərin çoxu etiraf edirlər ki, İrəvanda olduğu kimi, Xankəndində də mülki cəmiyyət idarəetmə düzəni yaradılmalıdır. Yoxsa, hərbi xunta rejimi üsul-idarəsi nəticəsində bölgədə yaxın illərdə əhalinin sayı daha da azalacaqdır: "30 ildir hərbi vəziyyət şəraitində yaşamaq ermənilərin tamamilə Qafqazdan köçüb getmək siyasətini qaçılmaz edəcəkdir”.