Qarabağ Universitetinin tələbələri Vətənə layiq şəxsiyyət kimi formalaşacaqlarına əminik

Universitet - müxtəlif ixtisas və peşə sahələrini birləşdirən bir müəssisədir. Bir xalqın mədəni mühiti nə qədər yüksək olarsa, həmin xalqın inkişaf səviyyəsi də o dərəcədə yüksək olar. Universitet mühiti hər bir dövlətin ziyalı təbəqəsinin formalaşdığı yerdir. Əgər burada lazımı şərait olarsa, orada təhsil alan gənclər də həyatlarının ən vacib dövrlərində əsil şəxsiyyət kimi formalaşarlar.Belə sağlam mühitin formalaşmasında isə dövlətin üzərinə çox vacib vəzifə düşür. Əvvəla, təhsilverənlər mənəvi cəhətdən yüksək, savad cəhətdən isə maksimum mükəmməl olmalıdırlar. Burada beynəlxalq əlaqələri də unutmaq olmaz. Universitetin diplomunun digər ölkələrdə tanınması daha bir üstünlükdür. Ali məktəb mühiti tələbəni sosial və infrastruktur cəhətdən yüksək səviyədə təmin etməlidir. Tələbəyə lazım olan elmi bilikləri əldə etmək üçün kitabxana, təcrübə aparmaq üçün avadanlıqlar çox yüksək səviyədə olmalıdır.

        Bu qeyd etdiyimiz xüsusiyyətlər və bunlardan daha da əlavələri 2024-cü il sentyabr ayında fəaliyyətə başlamış olan Qarabağ Universitetində mövcuddur. Qarabağ Universitetinin fəaliyyətə başlaması yalnız pedaqoji işçilərin yox, ümumi Azərbaycan xalqının milli qürur hadisəsidir. 44 günlük vətən müharibəsində öz qanları, canları bahasına bizə azadlığımızı bəxş edən şəhidlərimizin ruhu  belə inkişafa əsas verən hadisələrlə dinclik tapar, rahatlıq qazanar. Onların məqsədləri də elə bu idi.İşğaldan azad olunmuş torpaqlarımızda gələcək nəslin yüksək səviyyədə yetişməsi üçün yaradılan şərait.Vətənə əsil vətəndaş qazandırmaq. Mədəni, təhsilli, vətənsevər.

Cənab prezidentimiz İlham Əliyevin Qarabağ Universitetinin açılışı zamanı toxunduğu bir çox məsələlər diqqətimizi cəlb edir.Onlardan biri də universitetin maddi texniki bazasıdır.Bura müasir tələblərə cavab verməyi ilə seçilir.Eyni zamanda təhsil ocağının yataqxanası da diqqəti cəlb edir.Orada təkcə tələbələr yox,həm də onların valideynlərinin qalması üçün də şərait yaradılıb.
Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədris həyata keçiriləcək. Burada ilin əvvəlindən dərs demək istəyən müəllimlərin sayı günbəgün artırdı. Çünki peşəkar və həvəsləndirici mühit, rəqabətədavamlı özünüinkişaf şəraiti pedaqoqları Qarabağ Universitetində işləməyə sövq edirdi. Hələ ixtisas seçimi başlamamış bu təhsil ocağını seçmək istəyən tələbələrin səsi ölkəmizin bütün regionlarından gəlirdi.

Prezident öz çıxışında qeyd edir. “ Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var ”

  Bir müəllim kimi deyə bilərəm ki,bu tarixi hadisə bizim üçün əvəzedilməz dərəcədə qürurvericidir. “Qarabağ Universiteti” bu iki kəlmə daxilində daşıdığı məna ilə bağlı o qədər ağıryüklüdür ki, insan tələffüz edərkən, səsləndirərkən belə iftixar hissi keçirdir. Gün gələcək oradan məzun olan tələbələr Azərbaycanın, dünyanın müxtəlif yerlərində aldğı yüksək səviyyəli ali təhsili layiqli şəkildə nümayiş etdirəcəklər. Bu istiqamətdə bütün tələbələrə uğurlar arzu edirik. Onların Vətənə layiq şəxsiyyət kimi formalaşacaqlarına əminik. Yaşasın azad və əbədi müstəqil Azərbaycan!

Pakizə Maqsudova

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti