Pilotlarımız sözün əsl mənasında tarixə qəhrəman olaraq adlarını yazdırdılar

Bildiyimiz kimi, dekabr ayının 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarə Rusiya səmasında "kənar müdaxiləyə" məruz qalaraq zədələnib və Aktauya uçub. Aktauda hava limanı yaxınlığında təyyarə yerə çırpılıb və 38 nəfər, o cümlədən iki pilot və bir stüardessa həlak olub. Bu hadisə Azərbaycan xalqını dərindən sarsıtmışdır.Pilotlarımız və ekipaj üzvlərimiz  öz peşəkarlıqlarını və qəhrəmanlıqlarını bütün dünyaya göstərdilər. Sərnişlərini öz canlarından üstün tutan pilotlarımız sözün əsl mənasında tarixə qəhrəman olaraq adlarını yazdırdılar.
Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilmişdir. Ölkə başçımız cənab İlham Əliyev Aktauda baş vermiş təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vidalaşma mərasimində iştirak edib. Daha sonra o, Azərbaycan televiziyasına müsahibə verib və Bakı-Qroznı reysinin qəzaya uğraması ilə bağlı məlumatlarını açıqlayıb.
İlham Əliyev hesab edir ki, hazırda təyyarənin yerdən atəşlə zədələndiyi aydındır. Faktlar ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir- deyə Əliyev bildirib.
İlham Əliyev vurğulayıb ki, təyyarə qəsdən vurulmayıb. Hazırda Bakı Moskvadan günahın etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edir. Azərbaycan lideri qeyd edib ki, təyyarə qəzası ilə bağlı bir sıra aydın olmayan məsələlər qalır, bunun üçün təhqiqatın nəticələrini və "qara qutu"ların məlumatlarının öyrənilməsini gözləmək lazımdır. Qara qutular açılandan sonra daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bugün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək.
İlham Əliyev təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarətin göz qabağında olduğunu vurğulayıb: Çünki onu da bildirməliyəm ki, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır.
İlham Əliyev Qazaxıstan xalqının dəstəyindən bəhs edərək vurğulayıb ki, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim.Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar.

Abdulla Məmmədov

Zığ bələdiyyə sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti