20-02-2025, 13:55
15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” (Heydər Əliyev)
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Ana dili hər bir xalqın kimliyini təsdiq edən ən vacib xüsusiyyətlərdəndir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında, inkişafında mühüm rol oynayır. Xalqın əsrlərlə keçdiyi tarixi, mədəni yol birinci növbədə onun ana dilində öz yüksək səviyyəsinə ucalır, təcəssüm tapır.
Ulu öndər Heydər Əliyev deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər”. “Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun". Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Biz dilimizi sevdiyimiz kimi, onu təbliğ etməyi də bacarmalıyıq. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi və beynəlxalq aləmə yol açması dövlətin qarşıya qoyduğu ən vacib məsələlərdən birinə çevrilmişdir. Azərbaycan dili rəsmi dövlət dili, azərbaycançılığımızın təsdiq formasıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Azad oğlu Əhmədzadə
Sozcu.info