17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Oktyabrın 10-da Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası, regionda inteqrasiya proseslərinin dərinləşdirilməsi, qardaş dövlətlər arasında dialoqun genişləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyan platforma olmuşdur. Bu iclas, Müstəqil Dövlətlər Birliyinin məkanında qarşılıqlı dəstəyə, strateji tərəfdaşlığa və bərabərhüquqlu münasibətlərə əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən, regionun sabitliyi və inkişafı üçün əvəzsiz əhəmiyyət kəsb edən diplomatik hadisə kimi səciyyələndirilə bilər.
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın regional və beynəlxalq səhnədə artan nüfuzunun, diplomatik potensialının və strateji əhəmiyyətinin bariz təcəssümü oldu. Bu çıxış, yalnız siyasi və diplomatik deyil, həm də humanitar, mədəni və sosial sahələrdə Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə sədaqətini, regionda sülh, təhlükəsizlik və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə verdiyi önəmi əks etdirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Tacikistan arasındakı qardaşlıq və dostluq münasibətlərini xüsusi vurğuladı, ölkələrimiz arasında iqtisadi, mədəni və humanitar sahələrdə əldə olunan ardıcıl nailiyyətlərin, birgə layihələrin uğurla həyata keçirildiyini qeyd etdi. Dövlət başçısı Tacikistanın sürətlə inkişaf edən paytaxtının şəhərsalma sahəsində qazandığı nailiyyətləri, yeni infrastruktur layihələrini vurğulayaraq, regional əməkdaşlığın və qardaşlıq münasibətlərinin nümunəvi modelini təqdim etdi.
Çıxışın humanitar və mədəni aspekti də xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsinə görə dərin təşəkkürünü bildirdi. 30 illik işğaldan sonra Laçının sürətlə bərpası və mədəni irsinin beynəlxalq səviyyədə təqdim olunması, Azərbaycanın tarixə, mədəniyyətə və milli irsə verdiyi yüksək qiymətin təcəssümü olaraq dəyərləndirilməlidir.
Dövlət başçısı eyni zamanda Azərbaycanın bu il ev sahibliyi etdiyi III MDB Oyunlarının əhəmiyyətini qeyd etdi. Bu oyunlar, ölkəmizin düzgün və strateji siyasətinin parlaq nümunəsi olmaqla yanaşı, idman sahəsində olduğu qədər MDB məkanında və beynəlxalq aləmdə dostluq, əməkdaşlıq və qarşılıqlı hörmətin möhkəmləndirilməsi baxımından da əvəzsiz rol oynayır.
Ümumilikdə, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı Azərbaycanın regional liderlik mövqeyini, qardaş dövlətlərlə münasibətlərin strateji inkişafını və mədəni, humanitar və idman sahələrində beynəlxalq nüfuzu nümayiş etdirdi. Bu çıxış, eyni zamanda MDB məkanında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafına töhfə verdi və Azərbaycanın təşəbbüskarlığını ön plana çıxardı.
Fatma Xıdırlı
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Sozcu.info