8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
KARNEGİ MƏRKƏZİ
05 sentyabr 2018
Nikita Smagin
Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti, "Iran Segodnya” nəşrinin təsisçisi
Avqust İranın yenidən Amerika sanksiyaları ilə üzləşdiyi ilk ay olub. ABŞ prezidentininin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton (John Bolton) Ağ Evin yeni mövqeyinin ilk uğurları barədə hesabat verməyə macal tapıb və qeyd edib ki, "sanksiyalar artıq İran iqtisadiyyatına əhəmiyyətli təsir göstərir.
Bu zaman İranda vəziyyət sanki stabilləşib. Belə bir təəssürat yaranıb. Sanksiyaların yenidən tətbiq edilmə ərəfəsində İran vətəndaşları panika vəziyətində valyuta və qızıl alıb. Bu da onsuz da stabil olmayan maliyyə sisteminin "belini qırıb”, qara bazarda dolların qiymətini rekord 120 min riala yüksəldib. Halbuki hələ may ayında bir dollar 65 min rialı keçmirdi. Lakin avqustun 6-ı hökumət yenidən üzən məzənnəyə keçib, bir neçə aylıq fasilədən sonra yenidən valyutadəyişmə məntəqələri işə düşüb və cəmi bir neçə gündən sonra rial xeyli möhkəmlənib.
Avqustun 7-i ABŞ sanksiyaları qüvvəyə minib. İran əhalisi heç bir fəlakətin baş vermədiyini görüb və valyuta bazarında panika qurtarıb. Hətta iyulda İran və Amerika siyasətçilərinin ən yüksək həddə çatan ritorik qarşıdurması avqustun əvvəli, sanksiyalar geri qaytarıldıqdan sonra xeyli zəifləyib.Vaşinqton danışıqlara hazır olduğunu bildirib. İran isə deyib ki, ABŞ nüvə sazişinə qayıtmasa, danışıqlara getməyəcək. Həyat sanki öz axarı ilə davam edir. Ancaq reallıqda İslam Respublilasındakı vəziyyət sabitlikdən uzaqdır.
Ruhaninin sonu
Sanksiyaların doğurduğu xalq etirazlarının İranın ABŞ-la danışıqlara getməsinə səbəb olması ilə bağlı ideya Donald Trampa məntiqli görünə bilər. Lakin bu, hazırda İslam Respublikasında baş verənlərin çox sadələşdirilmiş variantıdır. Vaşinqtonun nüvə sazişindən çıxması ilk növbədə islahatçı prezident Həsən Ruhani və onun komandasına zərbə vurur. Belə ki, onlar Barak Obama (Barack Obama) dövründə ABŞ ilə dialoqun əsas tərəfdarları hesab ediliblər. Ruhaninin seçki vədlərinin çoxu "Böyük şeytanla” danışıqlar və sanksiyaların ləğvindən asılı olub.
Proqramın yerinə yetirilməsi hələ Trampın qələbəsindən öncə yerində saymağa başlayıb. Məlum oldu ki, Qərb şirkətləri İrana investisiya etmək istəyir, amma bunu tez və hələlik iranlılara lazım olan həcmdə etməyə hazır deyillər. Neft ixracından embarqonun götürülməsi ÜDM artımına səbəb olub, amma bu pullar demək olar sadə vətəndaşlara gedib çıxmayıb. Sonra üfüqdə anti-iran ritorikası ilə Tramp görünüb. Dünya biznesi yeni investisiyaları hər ehtimala, birdən ABŞ prezidenti Tehranın ünvanına səsləndirdiyi təhdidləri yerinə yetirmək istəsə, təxirə salmaq qərarına gəlib.
Nəticədə sanksiyalarsız iki il ərzində İranın makroiqtisadi göstəriciləri yaxşılaşıb, amma sadə vətəndaşlar elə böyük fərq hiss etməyib. Qışda bir neçə dəfə ərzaq məhsullarının qiyməti və dolların məzənnəsi qalxıb. Buna da daha çox daxili problemlər səbəb olub. Yazda Tramp əvvəlcə Tehrana söz hücumuna keçib, sonra isə bədnam sənədi imzalayaraq, nüvə sazişindən çıxıb. Bundan sonra İranın maliyyə sistemi artıq həqiqətən silkələnib. İran mühafizəkarları artan problemləri islahatçı prezidentə qarşı istifadə etməyə çalışıblar. Ruhanini nüvə sazişinin uğursuzluğunda, milli valyutanın zəifləməsində, hakimiyyətin yüksək təbəqəsindəki korrupsiyada ittiham ediblər. Mühafizəkarlar, həmçinin prezidentə qarşı casus kartını oynamağa çalışıblar, hökumətdə ikili vətəndaşlığa malik şəxsləri axtarıb tapıblar.
Məclis bir neçə dəfə Ruhani komandasından olan nazirləri çağırıb, sonra iş prezidentin özünə kimi gedib çıxıb. Parlamentdə hökumətin istefa tələbləri eşidilməyə başlayıb. Hələlik kabinet tab gətirir, amma itkisiz ötüşməyib. Avqustda Məclis iki nazirin istefasına səs verib: avqustun 8-i əmək və sosial təminatlar naziri Əli Rəbii, avqustun 26-ı isə iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian vəzifəsindən uzaqlaşdırılıb.
İslahatçıya quyu qazma
Bir vaxtlar Mahmud Əhmədinejatı dəstəkləyən radikal mühafizəkarlar belə qərara gəliblər ki, indiki vəziyyət əvvəlki məğlubiyyətlərin qisasını almaq üçün onlara unikal şans verib. Və onlar islahatçılar hökumətini devirmək istəyində, deyəsən, uzağa getməyə hazırdırlar – hökumət əleyhinə nümayişlərə təşviq etməyə kimi. Bu cür siyasi texnologiyalar artıq bir dəfə boşa çıxıb. Ötən ilin sonu İranda baş verən "Yeni il etirazları” mühafizəkarlar tərəfindən təşkil edilib. Onlar İranın dini paytaxtı Məşhəddə xalqı küçələrə çıxmağa, hökuməti tənqid etməyə çağırıblar. Amma etirazlar tez bir zamanda nəzarətdən çıxaraq, başqa şəhərlərə yayılmağa başlayıb. Sonra hökumət iki həftə nümayişləri dayandıra bilməyib. Bu da 20 nəfərin ölümünə səbəb olub.
İranın sabiq prezidenti Mahmud Əhmədinejat böyük siyasətə qayıtmaq üçün hökumətin populyarlığını itirməsindən istifadə etməyə çalışır. O, "Yeni il etirazları” zamanı çıxışları dəstəkləyib, İranın dini liderinə məktub yazaraq yeni "ədalətli” prezident və məclis seçkilərinin keçirilməsini tələb edib, Ruhani hökumətinin təcili istefa tələbinin qeyd olunduğu videomüraciət yayıb. Mühafizəkarların iştirakı ilə sonuncu siyasi qalmaqallardan biri avqustun 16-ı dini şəhər Qumda keçirilən hökumət əleyhinə nümayişlər olub. Hadisələr sakit keçib. Lakin tezliklə internetdə iştirakçılardan birinin fotoşəkli yayılıb. Həmin iştirakçının əlində tutduğu plakatda Ruhanini də bu yaxınlarda vəfat edən islahatçı prezident Rəfsancaninin arxasınca göndərmək lazım gəldiyinə açıq-aydın eyham vurulub. Bəzi mötədil mühafizəkarlar, məsələn parlament spikeri Əli Laricani ümumi təhlükə qarşısında bütün siyasi qüvvləri birləşməyə çağırır. Amma radikalların çoxu üçün indi fraksiya maraqları ümummilli maraqlardan daha üstündür.
Xoşbəxtlikdən, Ruhani hələ də dini lider Əli Xamenei tərəfindən dəstəklənir. Xameneinin islahatçı hərəkata simpatiya ilə yanaşdığını görmək çətin olsa da, o, sistemin sabitliyindən dolayı ciddi narahatlıq keçirir. Ruhaninin vaxtından əvvəl hakimiyyətdən getməsi prezidentlik institutunu dağıda bilər, bu da bütün İran sistemi üçün təhlükəli nəticələrə gətirib çıxara bilər. Ona görə Xameneinin mövqeyi dəyişməz olaraq qalır: dövlət başçısı müddətini tam başa vurduqdan sonra gedə bilər.
İranın mühafizəkar isteblişmenti özünü təhlükəli illüziyaya qapdırıb: guya islahatçıların populyarlığının aşağı düşməsi avtomatik onların xalq tərəfdən dəstəyini artıracaq. İslahatçı hərəkatı gözdən salmaq lazımdır, onda mühafizəkarlar dərhal seçkilərdə qələbə qazancaqlar və ölkə İslam İnqilabının həqiqi ideallarına geri dönəcək. Ancaq son illərin elektoral proseslərinin məntiqi başqa şeydən xəbər verir.
Xalqın tələbi
İslam Respublikasının siyasi sisteminin yenidənqurma prosesi hələ 1989-cu ildə başlayıb. O vaxtdan bəri islahatçıların göstərdiyi səylər İran rejimini yeni sosial, iqtisadi və siyasi reallıqlara uyğunlaşmaq üçün imkan yaradan lazımi elastikliklə təmin edib. Bu zaman islahatçı hərəkat həmişə islam konstruksiyasının çərçivəsində qalaraq, çıxış edib. 1990-cı illərdən bu yana ölkə əhalisi prezident seçkilərində heç vaxt mühafizəkar isteblişment nümayəndələrinə səs verməyib. 1989 və 1993-cü illərdə seçkilərdə islahatçı Rəfsancani qalib gəlib. 1997 və 2003-cü illərdə xalq ən liberal namizəd – Hatəmiyə səs verib. Hətta Əhmədinejatın qələbəsi də istisna olmayıb. 2005-ci ildə Əli Laricani dini liderin dəstəklədiyi namizəd hesab edilirdi, Əhmədinejat isə isteblişmentlə əlaqəsi olmayan və korrupsiyaya məruz qalmayan şəxs kimi qəbul edilirdi. Bundan başqa, o, "çalmasız”, yəni ruhanilər cərgəsindən olmayan ilk prezident olub.
Əhmədinejatla bağlı dəyişiklik ümidləri özünü doğrultmadığı üçün 2009-cu ilin seçkilərində o, artıq radikal mühafizəkarların simvoluna çevrilib. Ona görə ikinci dəfə prezident seçilmək ona baha başa gəlib: kütləvi saxlaşdırmaya getmək, sonra isə İslam Respublikası tarixində ən böyük etirazları yatırtmaq lazım gəlib. Ötən il Həsən Ruhaninin ikinci seçkiləri də səciyyəvi olub. O vaxta kimi islahatyönlü seçicilər prezidentlə bağlı xəyal qırıqlığı yaşamağa macal tapdıqları üçün daha onun namizədliyi ilə bağlı eyforiya müşahidə edilməyib. Şəxsi söhbətlərdə insanlar Ruhanini dəstəkləmədiklərini, ancaq mühafizəkar İbrahim Rəisini də hakimiyyətdə görmək istəmədiklərini təkrarlayıblar. Nəticədə hökumətin mühafizəkar namizədin xeyrinə aktiv kampaniya aparmasına baxmayaraq, Ruhani 60% səs toplayaraq seçkilərdə qətiyyətlə qələbə qazanıb.
Artıq 30 ildir İran vətəndaşları mühafizəkarların onlara göstərdikləri adamlara deyil, dəyişikliklərə və böyük açıqlığa səs verirlər. İshalatçılar əhalinin etimadını tamamilə itirə bilər, ancaq kim deyir ki, bundan sonra İran vətəndaşları əks düşərgəyə səs verəcək?
Mühafizəkar təbəqə ictimaiyyətin böyük bir hissəsinin əsas tələblərini qane etmək iqtidarında deyil. Onlar şəxsi azadlıqların məhdudlaşdırılmasını, ölkənin təcrid edilməsini dəstəkləyir və çətin ki, daha effektiv iqtisadi model təklif edə bilsinlər. İshatçılar vətəndaş cəmiyyətinin maraqlarnı müdafiə edən güc kimi görünürlər. Bu gücün hakimiyyətdən getməsi vətəndaşların ümumiyyətlə bütün siyasi sistemə inamını itirməsi ilə nəticələnə bilər. İranın müasir tarixi göstərir ki, ölkə vətəndaşları sakitcə iqtidarın özbaşınalığına dözəcək insanlar deyil. 1979-cu il İslam İnqilabından bu yana ölkədə daim hökumətə qarşı kütləvi etirazlar baş verib. Bu il baş verən qış nümayişlərindən sonra lokal etirazlar adi hal alıb.
İndiki vəziyyətin əsas xüsusiyyəti ondan ibarətdir ki, etirazlar demək olar sırf sosial və iqtisadi xarakter daşımağa başlayıb. Onlar çox vaxt sayca az olsalar da, hərdən polis ilə toqquşmalara, iğtişaşlara səbəb olurlar. İnsanlar siyasi islahatlardan daha çox məzənnənin artmasına, benzin qiymətinin qalxmasına, quraqlığın səbəb olduğu su təchizatında yaşanan fasilələrə görə etiraz ediblər. Bu cür etirazları simvolik istefalarla sakitləşdirmək çətindir. Seçkilərdə səs sayının yenidən hesablanması tələbini yerinə yetirmək yoxsulluğa qarşı etiraz edən insanların tələblərini təmin etməkdən daha asandır.
Donald Trampın nüvə sazişindən çıxması İranı ağır siyasi böhrana doğru sürükləyir. Bu, rejimin möhkəmliyini yoxlayan ciddi sınaq ola bilər. İran elitası seçim etməlidir. Onun üçün vacib olan nədir: fraksiya maraqları, yoxsa sistemin bütövlüyü? Bugünədək İslam Respublikasındakı demokratik qurumlar əhalinin siyasi proseslərə təsir etməsinə imkan yaradıb. Amma seçici islahatçı hərəkata inamını itirsə, onu isə cəmiyyətin tələblərinə cavab verən yeni qüvvə əvəzləsə, bu konstruksiya tab gətirməyə bilər.
İranın gələcəyi
Trampın İrana qarşı seçdiyi sərt mövqe ölkədə daxili proseslərə güclü təsir göstərə bilər. Bəs bu effekt Vaşinqtonun məqsədlərinə cavab verirmi?
Ehtimal etsək ki, Ağ Evin əsas məqsədi İranla yeni sazişdir, onda uğur ehtimalı minimaldır. Trampın demarşı İslam elitasının böyük bir hissəsini ABŞ-ın etibarsız tərəfdaş olduğuna inandırıb. Danışıqlar tərəfdarlarının "güvəndiyi dağlara qar yağıb”. İctimai təzyiq də tamam başqa istiqamətdə işləyir. Etiraz aksiyalarında və sosial şəbəkələrdə müxtəlif tələblər səslənir. Tələblərin çoxu hökumətə və ya ümumilikdə rejimə qarşı yönəlib, amma heç kim iqtidarın Vaşinqtonla dialoqa getməyini istəmir.
Tramp fəaliyyəti ilə siyasi sistemin dəyişdirilməsində İranın daxilindəki vektoru məhv edir. Əgər Ağ Evin məqsədi Tehranda islam hökumətinin məhv edilməsidirsə, buna nail olmaq üçün müəyyən şanslar var. Lakin region üçün bu cür ssenarini ən neqativ ssenari adlandırmaq olar. İran rejiminin iflası ağır nəticələrə, hətta vətəndaş müharibəsinə səbəb ola bilər. 80 milyon əhaliyə malik İranda belə bir hadisənin baş verməsi dərhal bir neçə yaxın regionda geniş miqyaslı böhrana gətirib çıxara bilər.
Ancaq rejim dəyişikliyi ssenarisini hələlik ən çox ehtimal edilən ssenari adlandırmaq çətindir. İslam İnqilabından sonrakı dövrdə İranın siyasi sistemi dəfələrlə adaptasiya qabiliyyətini nümayiş etdirib. İran islamçılarının uğur sirri spesifik islamçılarla birgə fəaliyyət göstərən işgüzar demokratik qurumlardır. Vəziyyət pisləşə, hətta ayrı-ayrı qeyri-sabitlik ocaqları yarana bilər. Hadisələrin bu cür inkişaf etməsi də hələ İran rejiminin süqutu və tam dezinteqrasiyası demək deyil. Sistemin bu vaxta qədər kifayət qədər əsaslı görünən, böyük demokratiyalaşma prosesinə doğru əvvəlki irəliləyişi indi şübhə altına düşüb.(Xpressa. Net)