Qorxuram, sonra gec ola bilər!

Qorxuram, sonra gec ola bilər!

 


 

Eradan əvvəl 374 – cü il. Roma ordusu konsul Tit Manliy Torkvatın başçılığı altında yürüşdədir. Düşmən ərazisinə yaxın yerdə düşərgə salınır və qəti əmr verilir, heç kim icazəsiz ordugahı tərk etməməli, düşmənlə təmasa girməməlidir.

İki gün keçmiş konsulun oğlu üç-dörd süvarinin müşayəti ilə heç kimə deməmiş, heç kimdən icazə almamış düşərgədən çıxıb ətrafı dolaşır. Çox keçmir ki,o düşmən ordusunun adlı-sanlı bir cəngavəri ilə üzləşir. Uzun sözün qısası bunlar vuruşmalı olurlar... Konsulun oğlu qalib gəlir, öldürdüyü şəxsin əlbisəsini, dəbilqəsini götürərək ordugaha qayıdıb sevinclə atasının hüzuruna gəlir. Ətrafdakılar cavanı qələbə ilə təbrik edib alqışlayırlar...

... Konsul ata heç nə demir, şeypurun çalınmasını əmr edir və qoşun əhli fövrən səf-səf düzülür. Əhvalatı tarixçi Tit Liviy ustalıqla qələmə alıb. Mən konsulun ordu qarşısında oğluna dediklərini ixtisarla verirəm: "Oğlum, sən nə konsulun, nə də doğma atanın əmrlərinə məhəl qoymadın, bununla orduda nizam-intizamı pozdun. Roma dövləti möhkəm qayda-qanunların, nizam-intizamın üzərində bərqərardır. Günah və səhvlərimizin ucbatından dövlət ziyan çəkməməlidir. Sən mənə əzizsən, şücaətindən də qürur hissi duyuram. Müharibə zamanı konsulun hakimiyyəti müqəddəsdir.

Ölümünlə həm hərbi nizam-intizam, həm də konsulun nüfuzu bərpa olur. Qanın qanımızdandırsa, sən cəzadan qorxub çəkinməyəcəksən, Gələcək nəsillər üçün bir örnək olmalıyıq!...” Hamı donub qalır, sükut çökür, cəllad konsulun yeganə oğlunun boynunu vurur.

Bu hadisənin üstündən 2390 il keçib. İndiyə qədər elə hərbi məktəb, akademiya yoxdur ki, tarixdən dərs keçiləndə hazırlıqlı müəllimlər Roma sərkərdəsinin bu əməlindən danışmasınlar.

Fikir verin, düşmənin adlı-sanlı cəngavərini öldürüb geri dönən igid, sərkərdə atanın əmrilə ölümə məhkum olunur. İgiddir, qəhrəmandır, bu öz yerində, amma dövlətin hərbi qanunu pozulubsa heç kimə güzəşt edilmir. Özü də bu hadisə nə vaxt baş verib? Məğlubiyyətin nə olduğunu bilməyərək Roma Respublikası zəfərdən zəfər doğru gedən illərdə...

... Bəli Bakı gözəlliyinə görə Avropanın möhtəşəm şəhərlərini arxada qoyub! Bahalı maşınlar, bərq vuran vitrinlər, cah-cəlallı əyləncə mərkəzləri, var-dövlətlə dolu maqazinlər, dükanlar, burada "Yoxdur!” sözü yoxdur. Pul qazanmaq istəyən bütün estrada lotuları bura gəlirlər. Zəngin şəhərimizdə onların biletləri neçə ay əvvəl satılıb qurtarır. Bu şəhər dünyada yeganə şəhərdir ki, burada məmləkətin tən yarısının işğal altında olması qətiyyən hiss edilmir.

Bura kürreyi-ərzdə yeganə yerdir ki, əhalisi irz-namusunun illər ərzində tapdanmasını heç vecinə almır. Qaranlıq səmada meteor axan kimi, burada da hərdən, bir qeyrətmənd igid qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə qalxır. Əvvəlcə jurnalistlər, sonra da səs-küyün qalxdığını görən yerli məmurlar şəhidin evinə axışırlar... Çox çəkmir ki, harada aş orada baş olan deputatlardan biri özünü yetirir... "Ay camaat mən də varam!” demək xatirinə hüzur yerinə gələn siyasətbazlardan daha danışmıram. Telekanallar bəhsəbəs reportajlar verirlər... On-on beş gün keçəndən sonra hər şey əvvəlki məcrasına düşür, məmurlar verdikləri vədləri unudurlar... Şəhid ailəsi öz dərdi ilə başbaşa qalır. Hələ mən indiyə qədər bir dəfə görmədim və eşitmədim ki, Afrika ölkələrinə başmaq seyrinə çıxan Qənirə Paşayeva, ya da harada gəldi özünü gözə soxmağa çalışan Aydın Mirzəzadə kimi nadirəlvücud "millət vəkili” bəd əməlləri ilə ad qazanmış bir nuvorişi boğazlayıb divara dirəsinlər. Olmayıb belə şey, heç vaxt da olmayacaq, çünki bunların hamısı ellik zəmanətlə bir-birlərinə bağlıdırlar.

... İndiyə qədər eşitmisinizmi, ya da görmüsünüzmü ki, bir rüşvətxor məmur, ya da oliqarx əyləncə mərkəzlərində, xaricdə pulu xəzəl kimi səpələyən azğın övladına göz ağartsın? Ona tövbələtmə dərsi versin?

Toplum (millət sözünü yazmağa əlim gəlmir) arsız və unutqan olanda zinakarlar əl-qol açırlar. Ziya Məmmədovun gül balası milyonluq kabab yeyir, iki-üç qəzet bir az deyinir və sonra elə bil qurbağa gölünə daş atırlar, hamı susur.

(Kiçik haşiyə. 1989-cu ilin yayında Azadlıq meydanında bir tribuna qəhrəmanı deyəndə ki, bəs filan zavodun direktoru, filan raykom yaxın adamına növbədən kənar "Jiquli” verdirib, milyonluq meydan "Ar olsun!” deyə nərə çəkərdi!) Mənəvi cırlaşma çoxdan təhlükəli həddi keçib. Paradoksal bir vəziyyət yaranıb, bir tərəfdə idman sahəsində heç kimin indiyə qədər yuxuda belə görmədiyi nailiyyətlər, bölgələrdə gedən böyük inşaat işləri, şəhərlərin tanınmaz dərəcədə gözəlləşməsi, incəsənətimizin dünyanın nüfuzlu salonlarında triumfu, sənət adamlarına göstərilən qayğı və diqqət, Prezidentin zərgər dəqiqliyi ilə yürütdüyü xarici siyasət, ordu quruculuğunda düşməni vahiməyə salan islahatların uğurları, gözəlliyi ilə hamını heyran qoyan əzəmətli məscidlərin tikilməsi, ziyarətgahların təmiri, məxləs çox məsələlərdə sevinməyə haqqımız var, ancaq nankorlar ağız büzə bilərlər. Təəssüflər olsun ki, cəzasızlıq sindromundan başını itirmiş korrupsioner, rüşvətxor güruhu çoxdan milli xəyanət yolunu tutub. Qorxu hissi bilmərrə yoxdur...

Dövlətin təhlükəsizliyi üçün cavabdeh olanların namərdliyi xalqın olan-qalan inamını qırıb. Kimin ağlına gələrdi ki, birdən birə neçə general (!!) məsuliyyətə cəlb olunacaq. Bu əbləhlərin şəkilləri qəzetlərdə verilib, diqqəti çəkən bilirsiniz nədir? Sinələrini bəzəyən orden və medallar, özü də bir deyil, iki deyil!

Bəs bu qədər mükafatları generallara verən kimdir? Hansı xidmət və şücaətlərinə görə belə orden-medallara layiq görülüblər? Bu haramzadalar özləri üçün saraylar ucaldanda, cici-bacılarını dünya malından sirab edəndə niyə bir "yapist” həyəcan təbili çalmayıb? Mübariz Qurbanlının, Aydın Mirzəzadənin "partayqennosse”ləri neçə illər ərzində kar və kor idilər?

Bizim rüşvətxor nə bilir kübarlıq nə deməkdir.

İstər miladidən əvvəl, istərsə də sonralar bütün dövlətlərdə müharibə başlayanda birinci ayağa qalxıb, birinci də yerə sərilən şəcərəli kübarları olub. Onlar rəiyyəti, aşağı təbəqəni arxalarınca döyüşə aparardılar. Mənsəb, ad-san sahibləri övladlarının orduda qulluq etmələrindən, döyüşlərdə yara almalarından, kişi kimi həlak olmalarından qürur hissi duyurdular. Rusiyada zadəgan ailəsində dünyaya göz açmış oğlan uşağı elə birinci gündən alayların birinin siyahısına salınırdı.

Azərbaycanda mənə bir azğın vəzifə sahibi göstərin ki, övladı bu dəqiqənin özündə ön xəttədir, ya da döyüşlərdə xəsarət alıb.

Əsrlər boyu millətin bel sütunu onun şəcərəli kübarları olub.

Yetmiş il ərzində bolşevik ideoloqlar daha o çirkab qalmamışdı ki, zadəgan zümrəsinin, onun qeyrətli nümayəndələrinin üzərinə atmasın. Məktəb, mədrəsə, seminariya, gimnaziya, darülfünun qurtarmış, neçə dil bilən kişilərin törəmələri hara, psevdo inqilabi şüarlarla beyinləri zəhərlənmiş lümpenlər, marqinallar hara. Babasının naxırçı, adi əmələ, ya da muzdur, nənəsinin bəy qapısında kəniz, qaravaş olması ilə qürrələnən adam birdən birə yüksək vəzifə sahibi olanda ondan hansı kübar mərifəti, hansı milli şüur gözləmək mümkün idi? Beləsinin törəməsi ərsəyə çatıb akademik səviyyəsinə yetəndə də vətənpərvərliyi qohum-əqrəbasından, kəndindən, tayfasından uzağa getmirdi. Aqillərimiz əsil-nəcabət söhbətini boş yerə ortaya atmırdılar... Əsil-nəcabəti olmayan iki ayaqlı məxluq dörd diplom yiyəsi olsa da onun zövqü daş əsri səviyyəsində olur. Onu ancaq var-dövlət və bir də şəhvani tələbatı maraqlandırır. Yırtıcılarla müqayisə edəndə beləsini ancaq murdar canavarla yanaşı qoymaq olar. Canavar sürüyə girəndə bir quzu ilə kifayətlənmir, sürüyüb aparmasa da onlarla qoyunu yaralayıb murdarlayır.

Bizim milli dəyyusumuz bir villa, bir maşınla kifayətlənmir, o mütləq fahişəsinə ev, bahalı maşın bağışlamalı, yeddi arxası üçün milyonlar yığmalı, külli miqdarda xərc çəkib rəqib saydığı şəxsləri rüsvay etmək üçün "kompromat” toplamalı, dəridən qabıqdan çıxıb yeni qazanc mənbələri axtarmalıdır. Bəzi harınların ifşa edilib həbsxanaya salınması onu qorxutmur, düşünür ki, ona bəlkə də sədəmə toxunmayacaq. Nuvorişin, yəni, görməmişin gözü heç vaxt doymur, çünki canavar xislətli gədadır. Azərbaycanın da ən böyük faciəsi ondadır ki, burada mənən kübar olanların səsləri alınıb, başını qaldıranı isə təkləyib çərlədirlər.

... P.M. Tretyakovun (1832-1898-ci illər) Moskvada balaca bir fabriki vard, gəliri də o qədər çox deyildi. Bizim yırtıcılarla onu müqayisə etmək düzgün olmaz. Bizim adi oliqarx onun kimi yüz fabrikantı satın ala bilər. Amma Tretyakov rus rəssamlarının gözəgəlimli əsərlərini alırdı, istedadlı sənətçiləri çörəksiz qoymurdu. Qısa müddət ərzində bu adi fabrikant misilsiz bir qalereya yaradıb onu xalqa verdi. Rus xalqının milli iftixarı sayılan bu qalereyaya indi ildə beş milyondan çox tamaşaçı gəlir. Elə bir mədəni adam yoxdur ki bu qalereyaya tamaşa etməyə can atmasın. Orada təmsil olunmaq hər hansı bir rəssam üçün səadət və şöhrətdir.

Azərbaycanın neçə-neçə adlı-sanlı rəssamının, heykəltaraşının əsərləri bu şöhrətli muzeyin ekspozisiyasındadır.

...Adları tarixə düşmüş neçə-neçə qalamız yerlə yeksandır. Görəsən bizim bir harınımızın qeyrət damarı qalxacaqmı? Nuvorişlər çoxdandır ki, əndazədən çıxmış pəstahları, dəbdəbəli ziyafət və toyları ilə millətə acıq verirlər, camaatın əsəbləri ilə oynayırlar. Bunlara elə gəlir ki, çərxi-fələk həmişə onların arzusu ilə fırlanacaq.

Referendumun uğurla başa çatması bir daha sübut etdi ki, xalq, radikal tədbirlər görüləsi təqdirdə Prezidenti dəstəkləyəcək, ona arxa duracaq. Qaradan artıq rəng yoxdur, bıçaq çoxdan sümüyə dayanıb. Əgər düşmən şəhərlərimizi yer üzündən silib indiyə kimi gecə-gündüz atəş açıb soydaşlarımızın həyatını cəhənnəmə döndərirsə, hikkəsindən dönmürsə, məmləkətin içində vampir sürüsünün nazı ilə oynamaq milli xəyanətdir. Korrupsionerlərin, rüşvətxorların ayaqları altında yer od tutub yanmalıdır. İmansızların milyonların hesabına başa gələn qəsrləri, sarayları müsadirə edilməlidir.

İyirmi ildən çoxdur ki, milli təəssübün, dinin, imanın, dövlətçiliyin ali məramlarının nə olduğunu bilməyən müdhiş bir zümrə formalaşıb. Bunların arasından hərdən bir-ikisi həbs edilsə də amma nə ab-hava dəyişilir, nə ümumi mənzərə. Dövlət strukturları da bu zümrənin nəzarəti altındadır, bir ərizə, bir şikayət lazımı ünvana çatmır. Hələ mən indiyə qədər bir nəfər görmədim ki, dövlət məmurundan razılıq etsin, yerindən duran ya söyür, ya lənətləyir. Gəncləri terrorçu dini dəstələrə üz tutmağa məcbur edən elə bizim yırtıcılardır. Kasıb balasının bu torpaqda əməlli iş tapması müşküldür. Əvvəla, o sənətinə, təhsilinə müvafiq iş tapa bilmir, ikincisi, iş yeri tapsa belə, ya güclü qohum - əqrəbası gərəkdir, ya da yaxşı pulu. O qapıdan, bu qapıdan qovulan, ailəsini hər gün, hər saat mərhumiyyət içində çabalamasını, məmur balalarınınsa eyş-işrət içində yaşadığını görən cavan kinini qəzəbini soyutmaq üçün çox zəhmət çəkmir. Terrorçu qurumlar üçün muzdlu legioner yığanların sözləri budur: "Qoşul bizə, həm pulun olacaq, həm müsəlman borcunu yerinə yetirərsən, həm də təcrübə yığarsan. Əvvəl – axır qayıdıb Azərbaycanda qisasını alarsan. Özün görürsən ki, bizimlə heç kim bacarmır. Bütün Yaxın Şərq bizimdir, arxamızda ABŞ, Səudiyyə Ərəbistanının milyardları durub!”

Hərdən eşidirsən ki, terrorçulıara qoşulanlardan bir-ikisi saxlanılıb, onlara hətta iş də kəsilib.

Bu aysberqin görünən hissəsidir, fəsad çox dərinə sirayət edib, gəlin özümüzü aldatmayaq.

Ölkənin təhlükəsizliyi üçün başları ilə cavabdeh olan generalların(!!) namərd, nakəs çıxmaları sübut etdi ki, biz üzərilərində fitilləri tüstülənən barıt çəlləklərinin üstündə oturmuşuq. Yəni, geci-tezi var, partlayış istənilən anda baş verə bilər...

Gənclərimizi ustalıqla qurulmuş təşfiqat və təbliğatla yoldan çıxaranları ifşa etmək, məhşər ayağına çəkmək çətin deyil.

Əsas məsələ insanları divara qısnayıb, onları bəd əməllərə sövq edənləri boğazlamaqdır. Korrupsioner, rüşvətxor məmur zülmündən boğaza yığılanların düşmən tələsinə düşməsinə təəcüblənmək lazım deyil. Bu məntiqi nəticədir!

Tüfeyli bandasını yerinə oturtmaq üçün bütün polisi, prokrorluğu ayağa qaldırmaq lazım deyil.

Xüsusi qruplar yaradılır, onlar başlayırlar villa və sarayları bir-bir yoxlamağa. Heç kimə güzəşt edilmir, sadəcə olaraq iki suala cavab axtarılır: cah-cəlallı sarayın inşası, tərtibatı neçəyə başa gəlib, ikincisi onun yiyəsinin aylıq maaaşı nə qədərdir. Vəssəlam! Azərbaycanı fəlakətə sürükləmək istəyən terrorist təşkilatlara sinfi düşmənçilik alovunun qalxması hava və su kimi lazımdır.

Hündür hasarlar arxasında nələrin baş verdiyini çox adam bilir...

Harınlıqdan gözləri ayaqlarının altını görməyən korrupsioner – rüşvətxor bandası başa düşmək istəmir ki, nifrətdən od tutub yanan simsarsızlar, çörək, dərman dərdini çəkən məzlumlar bir gün ayağa qalxıb onların saraylarını başlarına uçuracaqlar. Nə ordu, nə polis, nə də Bəylər ağanən "pretor qvardiyası” heç nə edə bilməyəcək. Bizim kimi dünya görmüş kişilər isə yaxşı bilirik ki, xaos, qarşıdurma dövlətimizi məhv edə bilər. Biz, dərmana pul tapmayanlar, balaları yanında xəcil olanlar əmin-amanlıq naminə ölməyə hazırıq, təki bayrağımıza, müstəqilliyimizə xələl gəlməsin.

Amma illər boyu məmləkəti vəhşicəsinə talan və tarac edən korrupsioner – rüşvətxor güruhu üçün bu torpaqda müqəddəs heç nə qalmayıb. Prezident onun axırına çıxdı-çıxdı, çıxmasa, bizi fəlakət gözləyir.

Məmləkətdə "qan-qan” deyən marqinalların sayı artır, İŞİD artıq öz torunu qurub, dişləri bağırsaqlarını kəsənlər bir "himə” bənddirlər, bahalıq, işsizlik də bir tərəfdən qara kabus kimi üstümüzü alıb...

İqtidar onu da bilməlidir ki, telekanallarda uzun uzadı gəvəzələmə ilə baş qatan, daş əsri səviyyəsində olan mədhiyyələri ilə gözə kül üfürən YAP "ideoloqları” ilə dərdlərə əlac tapa bilməyəcək.

Firuz Haşımov



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}