Həm vuranıq, həm hədəfiz biz!

 

Əsrlər, qərinələr boyu kimlər bizlərə çirkab atmayıb?! Bu "savab” əməlin ilk təməl daşını qoyanlar qədim yunan tarixçiləri idi. Onların Şərq xal­qlarına, ələlxüsus İrana qarşı patoloji nifrətlərini başa düşmək asandır.

Amma sonrakı dövrlərdə, yəni elm, mədəniyyət inkişaf edən vaxtlarda özlərini alim sayan xristian qələm sahib­lərinin qatı şovinizmliyini, nifrətini izah etmək çətin­dir. Arxeologiyanın, tarix elminin böyük zirvələr fəth etdiyi illərdə bütün həqiqətləri ört- basdır edib, olub-keçənlərə tamam başqa don geyindirənlər bir dəfə də olsun nə səhvlərini düzəltdilər, nə də xəcalət çəkdilər. Əsl kato­lik fanatizmi, bir müddət keçəndən sonra isə beyinlərə hakim kəsilmiş abvropasentrizm xəstəliyi tarixşünaslıqda da özünü göstərdi. O tarixi şəxsiyyət qalmadı ki, onu ideallaşdı­rıb dağ başına çixartmasınlar. Bir meyar var idi: avropalıdırsa, deməli şərq adamından min qat üstündür! Qaniçən manyak səlibçi sülh göyərçini kimi təbliğ edilən yerdə, türk- islam dünyasının bütün tarixi şəxsiyyətləri vəhşi, cahil qiyafəsində təqdim olunurdular.

O azərbaycanlı uşağı yoxdur ki, 300 spartalı döyüşçü haqqında çəkilmiş filmə baxma­sın. Neçə əsrdir ki, bu əfsanə bütün ədə­biyyatda vətəndaşlıq hüququ qazanıb. İnsafla demək lazımdır ki, Avropa alimləri içində əsl həqiqətləri yazan olub. Təəssüflər olsun ki, bizim alimnümalar onlara fikir verməyi la­zım bilməyiblər. Deməli e. ə 480- cı ildə Sparta hökmdarı Leonid 300 cangüdəni ilə Yunanıstanda Fermopil adlanan keçiddə İran qoşunlarının qarşısını kəsir. Guya İran ordu­sunda əsgərlərin sayı- hesabı olmayıb, di gəl 300 yunan həlak olsa da bu böyük qüvvənin qarşısını alıb. Avropasentrist ideyalarını rəh­bər tutanlar üçün bu hadisə gözəl bəhanə olub, yəni, baxın,300 mədəni yunan on min­lərlə vəhşi şərqlinin qarşısında duruş gətirib.

Əslində isə dar keçiddə 300 yox, 20 minə qədər yüksək dərəcədə hərbi təlim görmüş yunan əsgəri mövqe tutubmuş.

Heç Kim spartalıların şücaətini aşağılamaq istəmir, bəli, onlar kişi kimi vuruşmuş və həlak olmuşlar. Amma İran qoşunlarının sayını fantastik dərəcədə şişirtmək  nəyə la­zım idi ki? Vuruşda İran şahının iki qardaşı  həlak olsa da, amma ordu yunanların bir  hissəsini qırıb, on mindən də çox əsir olaraq Afinanı işğal edə bildi. Əhəməni dövlətini, onun ordusunu aşağılamaq bizim əcdadlara da həqarətdir. Qədinm Elladaya girib Afinanı tutan, minlərlə hopliti, ağır silahlı döyüşçünü əsir alan ordunun tən yarısı bizim əcdadımız sayılan midiyalılardan ibarət idi. Sovet hakimiyyəti illərində də istər orta, istər sə də ali məktəblə­rin humanitar fakültələrində Fermopil vuru­şu, Sparta hökmdarı Leonid elə təqdim olu­nurdu ki, elə bil yer üzündə digər xalqların tarixində belə şücaətlər yerli-dibli olmayıb. Hərbi şücaət, qəhrəmanlıq, sərkərdəlik mə­harəti kimi nəsnələr ancaq və ancaq avropa­lının, ya da rusun alnına yazılıb.

Niyə azərbayçanlı balası hansısa Sparta döyüşçüsü haqqında hər şeyi bilsin, amma əcdadının əməllərindən bixəbər qalsın? Əf­şar, Əbdülmalikli, Şahsevən, Xocavənd tayfa­larının döyüşçüləri 1804-cü ildə Üçkilsə vu­ruşunda məğlubedilməz sayılan rus alaylarını geri oturda bildilər. Ancaq şiddətli yağışın başlanması rus qoşunlarını məhvdən xilas et­di. İki sutka davam etmiş Üçkilsə vuruşunun bütün təfərrüatlarını indi nəzərdən keçirən­də bizim babaların igidliklərinə heyran qal­mamaq olmur. Niyə indiyə qədər bizim hör­mətli tarixçilər yüksək dərəcədə uzun illər hərbi təlim görmüş, heç nədən korluq çək­məmiş, ən güclü artilleriya ilə silahlanmış rus ordularına qarşı illər boyu kişi kimi vu­ruşmuş babalarımızdan beş kəlmə danışmır­lar? Üçkilsə vuruşunda yüzbaşı Məhəmməd İnanlunu göstərdiyi şücaət məgər spartalı Leonidin əməlindən geri qalır?

Əldə etdiyimiz mənbələrdən bilirik ki, şahzadə Abbas Mirzə silahlı qüvvələrin yeni mövqelərə çəkilməsi üçün əmr verir. Amma bütun ərazini nəzarət altında saxlamaq üçün ən əlverişli yer sayılan hündür bir təpəni yüzbaşı Məhəmməd İnanlu öz adamları ilə tərk etmək istəmir, Abbas Mirzəyə xəbər göndərir ki, o, buranı ruslardan təmzləyərkən neçə top ələ gətirib, mövqe əladır, burada qalıb müqaviməti davam etdirsə, ruslar əsas qoşunumuza arxadan zərbə vura bilməyəcəklər. Bir gün keçmiş rus qoşunu əsas qüvvələrimizi sarsıtmaq üçün irəli yeriyəndə yüzbaşı Məhəmməd İnanlu öz kiçik dəstəsi ilə sözünü deyir. Mahir Şahsevən atıcıları, topçular barıt qurtarana qədər rusları tərpən­məyə qoymurlar. Çar generalları  nəhayət itkilərinin əvəzini çıxmaq üçün bütün qüvvə­lərini yüzbaşı Məhəmməd İnanluya qarşı yönəldirlər. 250 azərbaycanlı balası ümumi sayı 10 minə çatan rus qoşunu ilə ölüm- di­rim vuruşuna girir. Heç kim əl qaldırıb təslim olmur! Yüzlərlə düşməni sərrast atəşlə cə­hənnəmə vasil etmiş kişilər əlbəyaxa vuruşa başlayırlar, çox keçmir ki, rusların üstünlüyü özünü göstərir.Yüzbaşı Məhəmməd 250 si­lahdaşı isə həlak olur! Düşmən ancaq onların cəsədlərinin üzərindən keçəndən sonra irəli yürüyə bilir. Özünüz mülahizə edin, fikirlə­şin, kim böyük qəhrəman,yenilməz sərkərdə sayıla bilər, 20 minə qədər əsgərə arxalanan Sparta hökmdarı Leonid, yoxsa 250 nəfər igidlə minlərlə rus qrenadyorunun qarşısında duruş gətirmiş yüzbaşı Məhəmməd? Niyə biri haqqında kinolar çəkilir, poemalar yazılır, dastanlar qoşulur, biri isə heç yada da düşmür? Nə var, nə var, biri avropalıdır, biri isə türk oğlu turk, özü də əsl qızılbaş?

Qafqaz müharibəsi illərində azərbaycanlı kişilər dəfələrlə belə qəhrəmanlar göstəri­blər.

1806-ci ildə adlı-sanlı sərkərdə Paskoviç Qafqaz ordularının komandanı təyin edilir, eyni zamanda ona fövqəladə səlahiyyətlər də verilir. Qafqaza yeni hərbi qüvvələr göndərilir.

Heç nədən korluq çəkməyən, nizam-intizamlı ordu hara, tayfalardan, elatlardan könül­lülük prinsipi əsasında yığılmış adi insanlar hara? Səfəvilər dövrünün adlı- sanlı qılınc oynadanları artıq yox idilər. Qacar xanədanı neçə il ərzində Səfəvilərin  aləmə məşhur qorçu alayının tozuna çata bilən hərbi hissə ha­zırlaya bilmədi.

Qızılbaş ideyaları bütün tayfaları, elatları birləşdirə bilmişdisə, amma məmləkətin da­vamlı müharibə aparmaq üçün peşəkar ordu­su yox idi. Silah, sursat qıtlığı özünü hər yer­də göstərirdi. Ardı- arası kəsilməyən sel ki­mi gələn qusar, kazak süvari eskadronlarına, millət övladlarının vəsfə gəlməz fədakarlığı və şücaəti ilə cavab verdi

Şanlı Səfəvi- Qızılbaş ənənələrini yaşat­maq istəyən qeyrətli kişilər «Allah- Əkbər!» nərəsi ilə açıqdan- açığa ölümə gedirdiər. Bi­zim əcdadlarımızın ruslarla qeyri- bərabər vuruşlarda göstərdikləri şücaətlər barədə Avropanın elə bir tədqiqatçısı yoxdur ki, hör­mətlə danışmasın. Çıxın şəhərin küçələrinə, qarşınıza tələbəyə, ya da yaşlı adama XIX əsrdə baş vermiş hadisələr barədə sual ve­rin. Az-maz məlumatı olan bir Çavad xanın adını çəkməklə kifayətlənəcək, vəssalam!

Salyan hakimi Əmir Yaqubun igidliyi, onunla bir yerdə şəhadətə çatmış yerli cama­atın fədakarlığı unudulası deyil axı!

Paskeviç şiddətli mübarizədən sonra İrə­van qalasını, Naxçıvanı alandan sonra tam ar­xayın idi, ona elə gəlirdi ki, məmləkətdə da­ha elə qüvvə qalmayıb ki, müqavimət göstə­rə bilsin. Elə bu zaman yavərlər xəbər gəti­rirlər ki, Əlincə adlanan yerdə ordu böyük itkilər verir və müsəlmanların müqavimətini qıra bilmir heç demə Naxçıvan kübarlarından olan Laçın bəy ətrafına elin- obanın silah tu­ta bilən bütün kişilərini yığaraq qədim Əlincə qalasının yerləşdirdiyi məkana çəki­lib və təslim olmaq istəmir. Qısa müddət ərzində ala babat  istehkamlar qura bilmiş Laçın bəy rus qrenadyorlarını yaxın buraxmır. Döyüş yeri əlverişsiz olduğuna görə ruslar toplardan istifadə edə bilmirlər. Ardı arası kəsilməyən hücumlar müsəlmanların müqa­vimətini qıra bilmir. Rus zabitlərinin şərəfli təslim təkliflərinə rədd cavabı verilir. Özünü Qafqazda əsl fateh kimi aparan, heç kimi say­mayan Paskeviç üçün Əlincə əhvalatı, Laçın bəyin baş əyməməsi böyük sillə idi. Onun əmri əsasında ərazi elə mühasirəyə alınır ki, quş quşluğu ilə ora keçə bilmir. Paskeviçin niyyəti məlum idi, barıt qurtarandan sonra Laçın bəyin ərzağı da əlbəttə ki, sona çatacaqdı.

Mühasirə nə az, nə çox, düz altı ay çəkdi. Son hücumda rus əsgərləri Əlincə istehkamlarının xarabalıqlarına soxulanda orada ancaq həlak olanların məzarlarını, qanlarına bələn­miş, aclıqdan artıq tərpənə bilməyən müca­hidləri gördülər. Laçın bəy isə bir neçə yol­daşı ilə son nəfəsə qədər vuruşub...

Ürəyimi ağrıdan odur ki, bu xarabada elə it- qurd qalmadı ki, onu qəhrəmana döndərib millətin boynuna mindirməsinlər. Qatır Məmməd kimi bolşevik agentini, Milli höku­mətimizi arxadan vurmuş şərəfsizi tərifləyib göylərə qaldırmadıqmı? Bunu Kreml bizə buyurmamışdı!

1828-ci ildə Türkmənçay sülh müqavilə­si bağlanana qədər qanlı mübarizə davam edib. Bəli, şəhərlərimiz bir- bir əldən gedib, itkiləri əvəz etmək mümkün olmayıb. Elatlar, tayfalar daha nə qədər adam verə bilərdilər? Rusiyadan isə alaylar, diviziyalar bir- birinin ardınca gəlirdi. Yetmiş il ərzində bolşevik ideoloqlar tariximizə elə toy tutdular ki, indi də nə qədər əlləşiriksə köhnə sireotipləri beyinlərdən silib ata bilmirik. Xan, bəy dey­əndə gözümüzün qarşısnda həmişə zalım, əx­laqsız, vətən xaini, düşmən, kasıb-kusubun qənimi canlanıb. Hökmdar sarayından söh­bət düşəndə elə bilmişik ki, orada əmirlər, şahlar, sultanlar ancaq yeyib- içiblər və so­nra da göbək rəqslərinə baxıblar. Biz XIX əsrin birinci rübündə baş vermiş hadisələr üçün heç kimi qınaya bilmərik. Zavodu, fabriki, nizami ordusu, hətta elementar kəş­fiyyat xidməti, rahat yollan bir hərbi gəmi­si olmayan məmləkət Rusiya kimi nəhəng­in qarşısında necəduruş gətirə bilərdi?

Şöhrət, şərafət də elə ondadır ki, heç bir iqtisadi, hərbi imkanı olmayan məmləkət illər uzunu Rusiya kimi dövlətlə çarpışıb. Bizim nücəbamız kişi kimi vuruşub və kişi kimi də şəhadətə çatıb. İndi nə edək ki, qərinələr boyu farslar demişkən, qələm düşmən əlində olub?! Hətta müstəqillik il­lərində belə buraxılan səhvləri düzəltmək belə istəmirik. Keçmişimizdən danışanda hər söhbətimiz qaboyun naləsi, kamanın sı­zıltısı, aktrisaların hıçqırıqları ilə müşayiət olunur.

Niyə, nə üçün bu qaramaldan uzaqlaşa bilmirik? Tariximizdə ah-nalə ilə müşayiət olunan dövrlər olubsa, amma zəfər şeypur­larının səsləri daha çox eşidilib. Gəlin tari­xə kiçik bir ekskurs edək. Tarixçilər Make­doniya İsgəndərin qələbələrini bilirlər. Bə­li, onun tətbiq etdiyi döyüş taktikası başqa­ları üçün gözlənilməz idi. Makedoniya falanqasının döyüş meydanında yerişinə qarşı heç kim dura bilmirdi. Mən başqa amillər­dən danışıb vaxtınızı almaq istəmirəm. Sa­dəcə olaraq indiyə qədər heç kimin demə­diyi faktları açıqlayacağam. E.ə. 333-331- ci illərdə baş vermiş İssa və Qavqamela vu­ruşlarında Əhəməni ordusu yenə də məğlub oldu. Hər iki vuruşda iştirak edən Midiya süvariləri bir o qədər də itki vermədən Ma­kedoniya falanqasını yararaq geri çəkilə bi­lirlər. İsgəndər yenilməz bir qüvvə ilə ras­tlaşdığını başa düşərək Midiya süvarilərinə mane olmur. Bütün yaxın Şərqi, qədim Soqdiananı, Şimali Hindistanı, Babili, Misiri işğal edən İsgəndər nədənsə Ekbatanadan şimala ayaq qoymur. Hərb sənəti tarixi ilə məşğul olan bütün görkəmli alimlər, nüfuz sahibləri bunu ancaq bir səbəblə izah edir­lər: İsgəndər iki döyüşdə Midianın zirehli süvarilərinin nələrə qadir olduğunu gördü və o riskə getmədi. İsgəndərin guya Azərbaycana gəlməsi, Nüşabə ilə görüşmə­si və s. bütün bunlar şair təxəyyülünün məhsuludr. Midiyanın zirehli, dəhşət saçan süvariləri bıçaq yağı kəsən kimi İsgəndərin məğlub edilməz sayılan falanqasını yararaq doğma vətənlərinə döndülər.  XIX əsrin birinci rübündə qüdrətli Rusiyaya qarşı kişi kimi vuruşanlar həmin əfsanəvi Midiya süvarilərinin qanuni varisləri idilər. Millə­timizi əsrlər boyu başıaşağı və xəcil edən bir amil olub, onu da rəhmətlik Sabir dər­ddən boğula- boğula belə, qələmə alıb: «həm vuranıq, həm hədəfiz biz!»

 

                                                                                                            Firuz Haşımov  



Oxşar Xəbərlər

Xəbər lenti