Məmməd Əfşan: Türkün (Ballada)

Məmməd Əfşan: Türkün

 

  Bu günlərdə   tanınmış şair Məmməd Əfşanın öz Facebook səhfəsində "Türkün" (Balada)şeirini paylaşıb. Həmin şeir şairin Türkə olan böyük sevgisi və zamanın burulğanlarında türkün faciəsinin ağrı-acılarının tərənnümüdür. Şeirdə Türkün ən qədim tarixi qələbələri, şanı-şöhrəti, gücü-qüdrəti sadalanmaqla bahəm xəyanətin nəticəsində bölüb-bölünüb parçalandığı, düşmən əli ilə böyük Türkün bir-birinə qənim kəsildiyi tarixi həqiqətlərlə sadalanır. Şeir maraq doğurduğuna görə, oxucularla paylaşmağı qərara aldıq. Sozcu.info həmin şeiri təqdim edir:                    

 

 

                     Türkün

                   

                (Ballada)

 

Kimlər türkü tanımır, yaxın gəlsin, tanıdım,

Hardan gəlib, cahana mənim ulu türk adım?

Təmizdən də təmizdir türk soyum, türk soyadım,

Calanmayıb bir kərə, cira calağı türkün.

 

Tanrı türkü  ilk zaman imtahandan çıxarıb,

Ağır anda, dar amanda, qada-qandan çıxarıb.

Yarıb zülmü-zilləti, Ərkənəkondan çıxarıb,

Açılıb hər tərəfə yolu-yolağı türkün.

 

Hünəri türk hünəri,  inancı da qurd olub,

Uca dağlar, dərələr, ulu türkə yurd olub.

Anadan mərd doğulub, ömrü boyu mərd olub,

Düşməyib əllərindən  bir yol yarağı, türkün.

 

Qayaları sındırıb, dağları yara-yara,

Altay yamaclarından yayılıb uzaqlara.

Tarixlərin hökmünə möhrünü vura-vura,

Şimşəklərdən güc alıb, oxu, mizrağı türkün.

 

Davulunun səsini yer üzünə yayıb o,

Nə yürüşdən yorulub, nə döyüşdən qalıb, o,

Türkün şöhrət-namına, öz canını qıyıb o,

Daha gur yansın deyə, odu-ocağı türkün.

 

Aşıb qarlı zirvələr, keçib susuz səhralar,

Ərzin hər bucağında türkün ayaq izi var.

Türklər qocalanda da, at belində qocalar,

Yəhər olub gecələr rahat yatağı, türkün.

 

Yürüşlərdə bircə yol yorulmayıb kəhəri,

Döyüşlərdə bir alaya dov gəlib bir əsgəri.

Bəşəri heyran qoyub, türkün əqli, hünəri,

İmperiyalar quranda çaşı-colağı, türkün.

 

Gah Batıya yeriyib, gah üz tutub Doğuya,

Baldan şirin türküləri, hey oxuya-oxuya.

Türkü düşmən gözündə görən neçə yağıya,

Hər zəfəri olubdu, daim  gözdağı, türkün.

 

Mete aşıb neçə yol, keçilməz Çin səddini,

Çingiz Xanın önündə çinli büküb qəddini.

Atilla Alpa qədər uzadıb sərhəddini,

Olmayıb torpağının ucu-bucağı, türkün.

 

Dünyadan böyük olub türkün Turan dünyası,

İgid ərənlər doğub, doğanda türk anası,

Sonsuz Sibir Tayqası, Böyük Qobi səhrası...

Yensey sahili türkün, Dunay qırağı türkün.

 

Bir yanı Buzlu Dərya, bir yanı İsti ümman,

Bir yanı Atlas dağı, bir yanı Çin, Hindistan.

Üç qitədə-iqlimdə yellənib zaman-zaman,

Qızıl sancağı türkün, zəfər bayrağı türkün.

 

                                      II

Nə zaman ki, Turanda türk birliyi pozuldu,

Türkün öz əllərilə türkə qəbir qazıldı.

Şər-şeytan dünyasında türkə fərman yazıldı,

Kəsdi şah damarını düşmən bıçağı, türkün.

 

Avropa gizli-gizli durdu türkün qəsdinə,

Sarışdırdı kələklə türkü-türkün üstünə,

"Topalın” sözü dəydi, "korun-çaşın” şəsdinə,

Darandı baltamızla qolu-budağı türkün.

 

Düşmən oldu türkə türk, gəlib üz-üzə durdu,

Qıpçaq tatarı vurdu, oğuz qıpçağı qirdi.

"Qıra-qıra yoruldu, yorulanda qırıldı”,

Axırda yağmalandı yurdu-yatağı türkün.

 

Avropa çıxdı yasdan,  qara günü ağ oldu,

Kralların, çarların kef-damağı çağ oldu.

Türkün mülkü talandı, türkün evi dağıldı,

Artdı-çoxaldı hər an dərdi-fərağı, türkün.

 

Harda idi əvvəli, hara düşdü axırı,

Türk olubdu xalqların ən mağmunu-fağırı.

Biri ona "xər” deyir, biri "öküz naxırı”.-

"Türkəm”-deməyə qorxur indi uşağı türkün.

 

Türküstanı böldülər, düşmənlər para-para,

Gah qırqıza, qazaxa, gah uyğura, tatara,

Türkmənə, özbəyə, həm qaraqalpaqlara,

Düşdü başından o dəm, qeyrət papağı, türkün.

 

Hərəsinə ayrı ad, ayrı toplum dedilər,

Türküstan birliyini parçalayıb yedilər.

Yüz dəfə dənlədilər, min dəfə irdədilər,

Ayrı dildə yazıldı dəftər-varağı, türkün.

 

 

Türklər əriyir qartək millətlərin içində,

Rusiyada, İranda, ya da Çində-Maçində,

Adları- soyadları, özgə ölçü-biçimdə,

Hey sönür yavaş-yavaş şamı-çırağı, türkün.

 

Ona düşmən kəsilib, hər sərsəri, hər yağı,

Qışqırıblar üstünə, "hay” –heyilən alçağı,

O, gah Qarsı istəyir, gah dilbər Qarabağı,

Pay-püş olub əllərdə qədim torpağı, türkün.

 

Türkün min-min düşməni, istəmir türk doğulsun,

Doğulanlar da hər an, öz qanında boğulsun.

İtsin-batsın, yox olsun, iqlimlərə dağılsın,

Yığılsın yer üzündən əli-ayağı, türkün.

 

                                      III

Ey türk, necə dözürsən bir belə həqarətə?

Bir belə səfalətə, bir belə rəzalətə?!

İtirdiyin hörmətə, batırdığın qeyrətə,

Kormu, karmı olubdu, gözü-qulağı türkün?

 

Sən ki, başdan-binadan belə mağmun deyildin!

Niyə qəfil soğuldun, nədən sındın, əyildin?

Bəsdir, daha bu qədər hey söyülüb-döyüldün!

Bezdiribdi dünyanı, ağır qınağı, türkün.

 

Oyan! Yatma bu qədər, öz dövrənə yaxşı bax,

Silkələnib, silkinib, inamla ayağa qalx.

Qoyma sənə daş atsın hər avara, hər alçaq,

Hələ ki, kəsərlidir dişi-dırnağı, türkün.

 

Oyan! Böyük türk oyan! Yatma dur, daha vaxtdır,

Bəxtin yatıbsa sənin, taleyin ki, oyaqdır.

Türkün türkdən savayı, dostu-qardaşı yoxdur,

Türk olub, zaman-zaman, darda dayağı türkün.

 

Tarixlərə yaxşı bax, yenilməyib türk, yenib,

Zamanların köksündə türk ürəyi döyünüb.

Nə inadından küsüb, nə inamından dönüb,

Hər an haqqa sarıdır yolu-yolağı, türkün!

 

Unutma bu hikməti türk həmişə türk olub,

Dəyanəti, qeyrəti poladdan da bərk olub.

Onun torpaq sevgisi aləmlərə görk olub,

Canından əziz olub ana torpağı, türkün!

 

Sən yumul yumruq kimi,yoluna nur yağacaq,

Parlayıb al şəfəqlər, qaranlığı boğacaq,

Gələcək qüdrətin də birliyindən doğacaq,

Başlayacaq dünyada, yeni növrağı türkün!

 

Məmməd Əfşan

 

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}