8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yenə də bir müddət öncə yazdıqlarıma qayıdıram, çarə yoxdur... Düçar olduğumuz mənəvi fəlakətdən söz düşəndə, özümüzdən başqa hamını günahlandırırıq. Heç olmasa bircə dəfə güzgünün qarşısında durub özümüzə sual verəydik: biz hansı bağların meyvələriyik, hansı çəmənlərin çiçəkləriyik?
Güman ki, on il də belə davam etsə, doğma dilimizdən əsər-əlamət belə qalmaycaq. Qəzet səhifələrində, televiziya ekranlarında, radio dalğalarında dilimiz təhrif olunur, əsli-nəcabəti bilinməyən; sözlər gözümüzü, qulağımızı yağır edir. Baş açmaq olmur, özlərini qələm əhli sayanlar niyə öz doğma dilinə belə qənim kəsilib, niyə onun axırına çıxır? Qurana and içməyə hazıram ki, söydüyümüz ( çox vaxt nahaqdan!) Sovet hökuməti dövründə dədə-baba dilimiz indikindən min qat yaxşı qorunurdu. Niyə etiraf etmirik ki, biz təmiz Azərbaycan dilini «Kommunist» qəzetindən, radiodan, televeziyadan öyrənirdik? İndi isə İstanbulun ən yersiz, mənasız, kosmopolit «dilinin» bütün lügəti qəzetlərimiz torəfindən əxz olunub.
Bəzən elə kəlmələrə, söz birləşmələrinə rast gəlirsən ki, bilmirsən bu cahil, sürüsünə nə deyəsən, necə başa salasan ki, Azərbaycanda belə ifadələri işlətmək vaxtı ilə böyük qəbahət sayılırdı.
Hələ indiyə qədər ictimai nəqliyyatda «dayancaq» sözünü eşitməmişəm, qoca da, uşaq da «astanovka» deyir. Millət vaxtı ilə minlərlə dinc azərbaycanlı kəndçini qırmış, yüzlərlə qız-gəlini əsir aparmış, olmazın işgəncələr vermiş Stepan Razin kimi quldurun, başkəsənin adını unutmaq istəmir ki, istəmir. Addımbaşı «Avtabus Razinə gedir!», «Xalaoğlu Razində yaşıyır», «Razində səni gözləyiram» və s. bu kimi sözləri eşitmirikmi? Buna prezident neynəsin? Fərman verməlidir ki, ay camaat, həya edin, öz doğma torpağınızda doğma adlarımızdan istifadə edin, əl çəkin baş kəsən Razindən!
Çoxunuz saysız-hesabsız kafe-restoranların qapılarında, vitrində asılmış menyuları görmüsünüz. Müştərilərə verilən xörək və salatların adları yəqin ki, diqqətinizi çəkib .
«Gürcü xəngəli» əksər menyularda lap birinci sətirlərdə göztərilir! Hələ on-on beş il bundan əvvəl Bakıda kafe, kababxana açmış Borçalı əhlinin bir-iki nümayəndəsi ilə söhbət edərkən sual vermişdim:
-Bizim qədim xörəyimizi niyə gürcülərə bağışlamısız?
-Bizi qınamayın, göz açmışıq orda belə eşitmişik.
-Mənə inanın, sizin əcdadlarınız xəngəli bişirəndə tarixdə gürcülərin izi-tozu da yox idi. Bakı doğma vətənimizin paytaxtıdır, heç olmsa burada dədə-babanızın xörəyini könüllü xaçpərstə verməyin, ayıbdır...
... Biz hələ durub erməniləri lənətləyirik ki, niyə onlar bizim gül kimi dolmamıza sahib çıxıblar, hər yerdə onu öz xörəkləri kimi də göstərirlər. Mən isə deyirəm, lap əcəb də edirlər. Biz burada evimizin içində xəngəlimizi gürcüyə bağışlayanda, erməni niyə də dolmamıza sahib çıxmasın? Kim məni qınayırsa qınasın, hər dəfə bu xəngəldən söhbət düşəndə Borçalı yadıma düşür. İlahi demək olar ki, lap kompakt halda bir yerdə yaşayan yarım milyon azəri türkü on illər boyu birləşib zəhmli bir təşkilat yarada bilmədi ki, bilmədi.
İki dılğır erməni kəndi Gürcüstan hökümətinin başına gen dünayanı dar edir. Həyasızlıq o yerə çatır ki, həmin kəndlərin erməniləri bizdən əsir götürülmüş soydaşlarımızı əsl kölə kimi təsərrüfatlarında işlədirlər. Bunu hökumət də bilir, fəqət əlini ağdan qaraya da vurmur. Bu müdhiş hadisəni mənə, nəql edən soydaşımdan soruşdum: - Yaxşı, deyirsən ki, erməni kəndi ilə qonşu olmusunuz və hər gün bu zəlalətin şahidi kimi yanıb yaxılmısınız, bəs niyə hücum çəkib öz doğma qardaşlarınızı əsarətdən xilas etməmisiniz, mənə elə gəlir ki, gürcülər də sizlərə mane olmazdılar...
...Onun cavabını daha burada yazmağa vacib bilmədim. Sayı yarım milyona çatan qövm iki qəpiklik iş görə bilmir, nə bir zəhmli təşkilat yaradır, nə sözü bir yerə qoyub özünü müdafiə edir. Təhqir olunanların, hüququ tapdalananların sayı hesabı yoxdur... Mən hələ qədim məkanlarımızın üzərində Tampliyer bayraqlarının dalğalanmasından danışmıram. Erməni köpəkoğlu isə heç kimdən qorxmur, çəkinmir, Gürcüstanda əsir azərbaycanlıları göz qabağında zəncirləyib kölə kimi işlədir, kəndinə yaxınlaşan gürcü məmurun nəfəsini kəsir!
İndi bəzi vətənpərvələrimiz məndən inciyəcəklər ki, millətin heysiyyətinə toxunauram. Yaxşı, onda gəlin bir az da heysiyyətdən danışaq. 2008-ci ildə yanvar ayının 18-də «Yazar» adlı qezetdə ikiayaqlı bir nacins daha dünyada o təhqir qalmamışdı ki, onu çoxdan vəfat etmiş Şəhriyarin üzərinə yağdırmasın. Illər keçdi di gəl bu boyda məmləkətdə bir qeyrət yiyəsi tapılmadı ki, Şəhriyarın adını qoruyub, föhş yağdıranın üzünə tüpürsün.
...İndi bəziləri ağız büzəcəklər: Əşi olan olub, kəçən keçib, indi kimdir belə şeylərə fikir verən?
Xeyir, mənim əzizlərim, hər dəfə belə baş verən zinakarlıq bütün gəncliyin mənəvi aləmini məhvə sürükləyir. Dilimizi öz əlimizlə güdaza veririk, Şəhriyar, Natavan təhqir olunur, əlimizi yelləyirik... Tarixi şəxsiyyətlərimizi gorbagor edə-edə hər cür titul, ad-san almış Eldar Quliyev «Girov» adlı əbləhanə film çəkməklə xalqın heysiyətini alçaldır. Cavad xan filminin üzərində də qeyri-rəsmi qadağa qoyulub. Nə var, nə var, orada bizimkilər rus əsgərlərini öldürürlər.
Hamı susur... Amma niyə, nə üçün? Erməni isə ağına, bozuna baxmır, olmayan tarixinə, milli şərəfinə, dininə, adət-ənənəsinə əl qaldıranı yer üzündən yox edir. Kinini, nifrətini sonbeşiyi kimi əzizləyir, qan qisasını yerdə qoymur, o unutqanlıq hissini, rəhmi yaxına buraxmır. Elə buna görə də erməni bir əsr ərzində azərbaycanlıları üç dəfə dəhşətli məğlubiyyətə uğradaraq istədiyi qədər torpaq aldı.
... Kiçik bir haşiyə. Otuz beş il yerin alnında şaxtada ermənilərlə, ruslarla çiyin- çiyinə işləmişəm. Gecə növbələrində işdən azad olanda erməni fəhlələri tələm- tələsik üz tuturdular dəniz qırağındakı abunə kitab mağazasına. Ağır üzüntülü işdən sonra səhərə qədər maqazinin qarşısında növbəyə durmaq vallah igidlik idi. Səbrlə dururdular, nə var, nə var, ya Dostayevskinin, ya Hüqonun, ya da Qoqolun külliyatlarına abunə yazılsınlar. Erməni müəlliflərinin Moskva nəşrləri üçün sinov gedirdilər. Elə bir erməni yox idi ki, doğma yazıçılarının tarixi mövzuda qələmə aldıqları kitabları oxumasın. Heç bir ali məktəbi bitirməmiş, orta savadlı erməni çilingəri, ya da qazmaçısı Ermənistan tarixi barədə mənimlə mübahisə aparırdı. Bizimkilərin işləri- gücləri nə idi? Heç nə! Ya ruslar kimi «soobrazim» edirdilər, ya da qumar oynayırdılar... Erməni «Varpet» , yəni,ustad adlandırdığı Avetik İsakyanın külliyatını almaq üçün yuxunu özünə haram bilirdi, bizimki isə Abdulla Şaiq kimi maarifçinin kitablarının rəngini də görməmişdi. Bu dəhşətli vəziyyət hələ də davam edir...
Hələ indiyə qədər müəyyən edə bilmədim ki, dilimizdə "həbsxana”, "zindan”, "məhbəs”, "təcridxana” sözləri ola-ola hansı köpəkoğlu rusun "türmə” sözünü mətbuata gətirdi. "Media”, "mesaj” sözləri nə vaxtdan bizə doğma olub? Savadları qıcqırmışlar "mətbuat” sözünü yazmağı özlərinə ar bilirlər, gərək mütləq "media” yazsınlar.
Son illərdə mən bir yerdə görmədim ki, iki müsəlman bir-birilə danışıb ayrılanda "Xudahafiz!”, "Gülə-gülə!”, "Salamat qal!”, "Allah amanında!” və s. bu kimi gözəl sözlərimizi işlətsin, arvadlı-kişili hamı "Davay!” deyir.
On illiklər boyu bizdə elə məktəb yox idi ki, orada rus sərkərdəsi A, X. Suvorovun (1730-1800) şəkli divara asılmasın. Elə tarixçi yox idi ki, onu tərifləyib göyə qaldırmasın. Amma bir kişi tapılmadı ki, Suvorovun rus-türk müharibələri, şimali Qafqazın fəthi, Puqaçov üsyanının yatırılması zamanı törətdiyi dəhşətli, ağlasığmaz cinayətlərdən iki kəlmə desin.
Ruslar deyirdilər, amma bizimkilər kölə kimi susurdular. Ancaq rus mənbələrindən öyrənirəm ki, Suvorovun əsgərləri istər Qara dənizin qərb sahilindəki şəhər və qalaları alınanda, istərsə də şimali Qafqazda, Başqırdıstanda üsyanları yatırdanda heç kimə, heç nəyə rəhm etməyərək qundaqdakı körpələri də süngülərə keçirirmişlər. İsmayıl şəhəri alanda anaları körpələri ilə bir yerdə qılınclamışdılar. Türk etnosuna qarşı Suvorovun törətdiyi cinayətləri təsvir etməkdə qələm acizdir. Bir rus tarixçisi, bir ədib türk övladının nələr çəkdiyini vecinə də almayıb. Biz isə o cəllad qalmayıb ki, qarşısında payəndaz olmayaq ("26 Bakı komissarları” filmini xatırlayın! Yenə də nümunə göstərim?)
Rus tarixçiləri lap yaxşı bilirdilər ki, məşhur sərkərdə Kutuzovun arvadı həmişə ona xəyanət edərmiş, özü də açıq-aşkar, lap gözünün qabağında! Kutuzovun uşaqbaz olmasını nəinki yaxınları, hətta çar da bilirdi. 1813-cü ildə vəfat edənə kimi general- feld- marşal Kutuzov yanında 14-15 yaşında bir moldov uşağını saxladı...
Dünya şöhrətli bəstəkar Çaykoviskinin mavi olmasını bütün rus cəmiyyəti bilirdi. Lev Tolstoyun bəzi məktublarını, gündəliklərini oxuyanda adamı dəhşət hissi bürüyür! İllər uzunu bizlərə humanist, kasıb- kusubun pərəstarı kimi təqdim olunmuş L. Tolsloy cinsi ələqədə bulunduğu kəndçi qızlarının məziyyətləri və sayı barədə elə şeylər yazıb ki, adam oxuyanda tər tökür. Böyük rəssam Repini kim tanımır? Rəsmi rus sənətşürraslığı onu az qala inqilabçı, böyük demokrat, kasıb-kusubun halına yanan nəcib şəxs kimi təbliğ edir. Amma çox adam bilmir ki, həmin bu tərifli «demokrat» yanında bir müsəlman tatar uşağını kölə kimi saxlayarmış. Repin molbert qarşısında işləyərkən həmin oğlan uşağı da qımıldanmadan, tərpənmədən lazımlı fırçalarlı əllərində tutub farağat vəziyyətdə durarmış!
Bəzi ürəyi yanan ziyalıların «Axı bu yaxşı hərəkət deyil, günahsız uşağı belə incitmək sizə yaraşmır!» qınağına Repin belə cavab verirmiş: «Bu tatar balasının ulu babaları bizim adlı-sanlı knyazları qarşılarında baş əyməyə məcbur ediblər. İndi hesab edin ki, mən də bunun əvəzini alıram...»
Mən hələ bütün Qafqazı qana bələmiş, əsl genosidə qol qoymuş, on minlərlə müsalmanı qırmış çar cəlladlarını mədh etmiş Puşkinin normal əxlaqdan tamam uzaq şeirlərindən, epistolyar irsindən danışmıram... Çox az adam bilir ki, 1860-ci ildə təhkimçilik hüququ ləğv edilsə də Rusiyanın bir çox ucqar quberniyalarında «birinci gecə hüququ» hələ də qalmaqda idi.
Mən hələ başqa biabırçılıqdan danışmıram. Sözümün canı nədir? Söhbət bəzən tarixi şəxsiyyətlərdən gedəndə rusların qələm sahibləri bir çox əmmaları açıb ağartmırlar, başdan ayağa qədər çirkab içində olan adamlarını elə idellaşdırırlar ki, gəl görəsən! Bəzən məcburiyyət qarşısında qalanda əsl həqiqətləri çox böyük xəsisliklə, özü də məhdud tirajda açıqlayırlar ki, az adam oxusun. Oğul istəyirəm rus millətçisinin qabağında onun yazıçısı, rəssamı, ya da hansısa tarixi şəxsiyyətləri haqqında pis söz desin. Adamın dərisini boğazından çıxararlar... Biz də isə maşallah daha o müqəddəs şəxsiyyət qalmayıb adı şərab şüşələrinin üstünə çıxarılmasın... bütün şərq dünyasında Şeyx Nizaminin adı çəkiləndə iman əhli, qədir bilənlər salavat çevirirlər, onu cənnət məkan adlandırıb ruhuna dualar oxuyurlar. Biz isə şeyxin adını da, təsvirini də konyak şüşəsinin üzərində çıxartdıq! Məmləkətdə dillənən olmadı, qəzəbli etiraz səsini ucaldan bilirsiziniz kim idi? Moskvada nəşr edilən «Krokodil» jurnalı! Bəli, bəli, həmin bu dərgi düz otuz beş il bundan əvvəl bizlərə bir yağlı sillə çəkdi və açıqdan açığa yazdı ki, əhalinin az qala 90 faizi müsəlman olan ölkədə Şeyx Nizami kimi müqəddəsin adının şərab şüşəsi üzərində verilməsi həm cahillik, həm də nankorluqdur! Heç kimin səsi çıxmadı... Mən dəfələrlə yazdım, xeyri olmadı... Bizim cahillərin ürəkləri soymadı. Bu dəfə Şah İsmayılın adını murdarladılar...
(Ardı var)
Firuz Haşımov