Gürcü türkoloqu: “Gürcüstanda türkçülüyün idarəetmə mexanizması olmalıdır, əks təqdirdə bu təhlükəli proseslərə gətirib çıxaracaq”


Tiflisdə fəaliyyət göstərən və Gürcüstanda Rusiyanın mövqeyini dəstəkləyən "Avrasiya Seçimi” koalisiyasının lideri Arçil Çkoidzenin açıqlamasına görə, hazırda Acara regionunda 50 min nəfərə yaxın türk yaşayır və onların məqsədi Türkiyədən aldıqları subsidiyaların köməyi ilə gürcü şirkətlərini yıxmaqdan ibarətdir. A.Çkoidzenin fikrincə, Saakaşvili öz vaxtında Türkiyə tərəfi ilə elə müqavilələr imzalayıb ki, bu, birbaşa Gürcüstanın maraqlarına zərbə vurmaq deməkdir. O, mövcud hakimiyyətin hələ də müqaviləyə fikir vermədiyini söyləyib.

Keçmiş hakimiyyət dövründə Ankara ilə imzalanan müqaviləyə əsasən, Türkiyə nömrəsi ilə olan böyük avtobuslar və traylerlər heç bir vergi ödəmədən Gürcüstana rahat daxil ola bilirlər. Lakin Gürcüstan nömrəsi ilə olan avtobuslar Türkiyəyə keçmək üçün minimum – 800 avro, traylerlər isə minimum – 1500 avro məbləğində pul ödəyirlər. A.Çkoidze belə düşünür ki, faktiki olaraq türklər qazanmış olurlar və Gürcüstanın hər yerində nəqliyyat biznesinə sahib olurlar.

Rusiyayönlü siyasətçi onu da vurğulayıb ki, Tiflisdən Acaraya gedən magistralda yol lövhələrində gürcü və türk dillərində yazılıb. Halbuki, beynəlxalq dil ingilis dilidir. Türkiyənin avtomobil yollarında heç bir gürcü yazılarının mövcud olmadığını, Acaranın isə 2005-ci ildən lap türkləşdirildiyini qeyd edən A.Çkoidze Batumi və Kobuletidə türk küçələrinin formalaşdığını, hətta, gürcü keşişlərinin həmin küçələrə buraxılmadığını bildirib. O, Saakaşvilinin hakimiyyəti dövründə 35 min nəfər türkə Gürcüstan vətəndaşlığının verildiyini və nəticədə Batumi və Kobuleti əhalisinin 20-30%-nin türklərdən təşkil olunduğunu vurğulayıb. Bundan əlavə 25-30 min nəfər türkə ikili vətəndaşlıq verilib.

Rusiyayönlü siyasətçi belə düşünür ki, bu, faktiki olaraq Türkiyənin mədəni ekspansiyasıdır və 10 ildən sonra Acara əhalisi azlıqda qala bilər. Gürcüstanın gürcü gənclərindən boşaldığını, Türkiyə tərəfindən isə hər il ölkəyə 600 min nəfər türkün doldurulduğunu iddia edən "Avrasiya Seçimi” koalisiyasının lideri belə hesab edir ki, bir neçə vaxtdan sonra Acaranın assimilyasiyası qaçılmaz ola caq. Yerli acaralı gürcülərin türklərin özbaşınalığından ciddi narahat olduqlarını qeyd edən A.Çkoidzenin açıqlamasına görə, vəziyyət o dərəcəyə çatıb ki, Acaranın iqtisadiyyatı bütün türklərin əlinə keçib.

Türklərə məxsus firmalarda, şirkətlərdə və mağazalarda gürcülərin ancaq fəhlə və ya sıravi satıcı işlədiklərini, türklərə böyük miqdarda aylıq maaşlar verildiyi halda gürcülərə qəpik-quruş verildiyini söyləyən Rusiyayönlü siyasətçi Gürcüstanın hava-limanlarında da "Türkish Airlines”in monopliyası mövcud olduğunu bildirib. A.Çkoidzenin fikrincə, Türkiyə hakimiyyətinin gizli göstərişi əsasında Gürcüstandakı bütün türk şirkətlərinə, holdinqlərə və kiçik bizneslə məşğul olan türklərə hər tərəfli yardım göstərilir. Türkiyə tərəfindən Gürcüstanda İslam təbliğatları da aparılır və son vaxtlar bu aktivləşib. Gürcüstanda İslamın yayılmamasına qarşı ABŞ-ın heç vaxt kömək etməyəcəyini söyləyən "Avrasiya Seçimi” koalisiyasının lideri belə hesab edir ki, amerikalılara ümid etmək olmaz.

Acaranın türkləşdirilməsi haqda forum.ge portalına "Gürcüstanın Gənc Türkoloqlar Assosiasiyası”nın rəhbəri Roman Qvitsiani də münasibət bildirib. Onun açıqlamasına görə, Saakaşvilinin hakimiyyəti dövründə heç bir yoxlama və araşdırma aparılmadan 30 min nəfər türkə Gürcüstan vətəndaşlığı verilib. O, bu haqda əlində təsdiq sənədlərinin mövcud olduğunu söyləyib. Türkoloqun fikrincə, Türkiyədə fəaliyyət göstərən "Hizmət Hərəkatı”nın vasitəsi ilə Gürcüstandakı türk şirkətlərinə və türk işadamlarına lazımi köməklik göstərilir.

Onun açıqlamasına görə, bununla yanaşı rəsmi Ankaranın gizli göstərişi əsasında Türkiyə hakimiyyətində işləyən bir çox məmur Gürcüstandakı türk şirkətlərində işadamı kimi fəaliyyət göstərirlər. Onların məqsədi ölkədəki bütün strateji obyektlərində və siyasi həyatında baş verən prosesləri dərindən araşdırmaqdan ibarətdir. Paralel olaraq Türkiyənin dini xadimləri tərəfindən Acara və ölkənin digər regionlarında İslamın populyarizasiyası və mədrəsələrin tikintisi prosesi sürətlənib. R.Qvitsianinin fikrincə, buna görə də türkçülüyün idarəetmə mexanizması olmalıdır, əks təqdirdə bu təhklükəli proseslərə gətirib çıxaracaq.

Niyazi Hüseynov,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti