"BAKU CİTY HOSPİTAL" QANUNSUZ ƏMƏLLƏRİNİ GİZLƏMƏYƏ ÇALIŞIR

"BAKU CİTY HOSPİTAL" QANUNSUZ ƏMƏLLƏRİNİ GİZLƏMƏYƏ ÇALIŞIR

 

Səhiyyə Nazirliyinin əməkdaşı: "Qanun pozuntusu aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək”

"Evimiz Market”in rəhbərli isə cinayət faktını ört-basdır etməsinə bu cür haqq qazandırır: "Hadisədən dərhal sonra Kamalov Müşfiqin əmək müqaviləsinə xitam verilmişdir”

Naxçıvan MR Babək Rayonu, Nehrəm kəndində qeydiyyatda olan, hazırda Bakının Xəzər rayonu, Binə-atçılıq yaşayış məntəqəsində yaşayan İbrahimov Abbas Akif oğlu "Hürriyyət”in redaksiyasına hüquqlarının pozulduğunu bildirmişdi. Biz də qəzetimizdə vətəndaşın söhbəti və təqdim etdiyi sənədlər əsasında "BAKU CİTY HOSPİTAL" DƏHŞƏTLİ CİNAYƏT FAKTINI GİZLƏDİB” başlıqlı məqalə dərc etmişdik.

Aidiyyatı qurumların məsələ ilə bağlı mövqeyini öyrənmək üçün yazıda adı çəkilən Səhiyyə Nazirliyi, "Evimiz Market” şirkəti, "City Hospital”, "Gilan Holding” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi İdarəsi ilə əlaqə saxlamağa çalışdıq.

İlk zəng vurduğumuz Səhiyyə Nazirliyinin Mətbut Xidmətinin əməkdaşı Səfayə Əhmədova oldu.

"City Hospital” rəhbərliyinin qeyri-qanuni əməlləri haqda məlumatlandırılan Səfayə Əhmədova bildirdi ki, əgər belə bir hadisə baş veribsə, Səhiyyə Nazirliyinə, hüquq mühafizə orqanlarına hökmən müraciət olunmalı idi. Amma araşdırmanın nəticəsi olmadan Səhiyyə Nazirliyi bu işə müdaxilə edə bilməz.

Nazirlik rəsmisi söylədi ki, araşdırma nəticəsində "City Hospital”ın xəstəni başqa adla reanimasiyaya yerləşdirib, döyülmə faktını gizlətməsi sübuta yetirilsə və hüquq mühafizə orqanlarının bunu təsdiq edən rəsmi rəyi Səhiyyə Nazirliyinə təqdim edilsə, cinayətkarlar öz haqlı cəzalarını alacaqlar.

Halbuki, Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayətçinin qohumu tərəfindən hadisə ilə bağlı məlumat verilib, vətəndaşın döyülmə faktı sənədlərlə təsdiq olunub, amma hüquq mühafizə orqanları nədənsə bu işi lazımınca araşdırmır, hüquqları pozulan, sağlamlığını və qismən iş qabiliyyətini itirən, işsiz qalan isə sadə vətəndaşdır.

Səfayə Əhmədova buna cavab olaraq söylədi ki, Səhiyyə Nazirliyi bu məsələni araşdıracaq və qanun pozuntusu aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək.

Ümid edirik ki, nazirlik ən tez zamanda məsələ ilə bağlı öz mövqeyini bildirəcək və bu cinayət əməlində günahı olanlar öz haqlı cəzasına çatacaq.

Təəssüf ki, "Evimiz Market” şirkətinin rəhbərliyi zənglərimizə cavab vermədi. "Gilah Holding”in məqalədə adı çəkilən kadrlar idarəsinin rəisi Fərid müəllim isə bildirdi ki, bu Abbasov İbrahimin mediyaya ilk müraciəti deyil. Odur ki, rəsmi blankda, imzalı, möhürlü məktub olmadan bu məsələyə münasibət bildirməyəcəklərini söylədi.

Abbas İbrahimovun işi ilə məşğul olan müfəttişlərlə də əlaqə saxladıq. Onlardan birincisi xəstə olduğu üçün həmin işin ondan alınıb başqa şəxsə verildiyini və onunla danışmalı olduğumuzu söylədi.

"Bəs bu vaxta qədər apardığınız araşdırma ilə bağlı nə deyə bilərsiniz?”,- sualına cavab olaraq müfəttiş bildirdi ki, Abbas İbrahimovun şikayəti ilə bağlı "Evimiz Market”ə müraciət etsə də, şirkətdən rəsmi cavab gəlməyib.

Abbas İbrahimovun işi ilə hazırda məşğul olan ikinci müfəttiş isə əvvəlki müfəttişin fikrinin tam əksi olaraq bildirdi ki, ona təqdim olunan faktlarla bağlı vaxtaşırı "Evimiz Market” şirkətinə müraciət edir, onlar da həmin faktlara aydınlıq gətirirlər.

Ən maraqlısı isə odur ki, hər iki müfəttiş adlarının çəkilməsini istəmədi, özlərini sanki nədənsə qorxub çəkinən kimi apardılar, bu da bizi çox təəccübləndirdi.

Söhbəti tez yekunlaşdırmağa çalışan ikinci müfəttiş bizə mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət gördü.

Əfsuslar olsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Pərviz Cəfərovla əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.

"City Hospital”ın rəsmi səhifəsində yerləşdirilən (012) 440 51 11 nömrə zənglərimizə cavb vermədiyindən (halbuki səhifədə hospitalın fasiləsiz olaraq işlədiyi qeyd olunub) Qeydiyyat Şöbəsinə zəng vurmalı olduq. Zəngimizə cavab verən xanım səlahiyyət sahibi olmadığını və bizdən məsul işçilərdən biri ilə danışmaq üçün 980 nömrəsini yığmağı xahiş etdi. Belə də etdik. Amma həmin nömrədən də zənglərimizə cavab verən olmadı.

"City Hospital”ın facebook saytındakı səhifəsinə ünvanladığımız məktub da cavabsız qaldığından hospitalın elektron poçtuna yazmaqdan başqa çarəmiz qalmadı. Ümid edirik ki, tezliklə hospital məsələyə münasibət bildirəcək.

Elə "Evimiz Market” şirkətinə təqdim etmək üçün rəsmi məktub hazırlayırdıq ki, saytların birində dərc olunan bir məqalə diqqətimizi cəlb etdi.

Həmin məqaləni olduğu kimi oxucularımıza təqdim edirik:

"Saytımızda "Evimiz Market”-in işçisi İbrahimov Abbas Akif oğlu videomüsahibə vermişdik. Müsahibədə A.İbrahimov şirkətin anbarında iş yoldaşı tərəfindən ölümcül döyüldüyünü, sonradan şirkət rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu, əsassız olaraq işdən çıxması üçün təzyiqlər edildiyini iddia etmişdi. Həmin video müsahibə 10 may 2018-ci il tarixdə, "Nehrəmlilərə çörək yoxdur" deyən şirkət rəhbəri keçmiş prokuror oğluna işçisini döydürüb” başlığı ilə saytımızda dərc olunmuşdu.

Biz videomüsahibəni dərc etməmişdən əvvəl jurnalist etikasına uyğun olaraq məsələ ilə bağlı şirkətin drektoru Murad Muradaovla telefon vasitəsilə əlaqə saxlamışdıq. O, şirkətin daxili nizam-intizamına görə, telefonda açıqlama verə bilməyəcəyini, yazılı sorğu verməyimizi istəmiş və bizə elektron poçt ünvanını göndərmişdi. Xeberdar.net saytı rəsmi blankında Murad Muradovun elektron poçtuna sorğu göndərmişdi. Bir gün sonra isə Murad Muradov kağızda, möhürlənmiş formada sorğunu göndərməyimizin lazım olduğunu bildirmişdi. Redaksiya isə Murad Muradaovun vaxtı uzatmaq məqsədinin olduğunu hesab edərək məlumatı yayımlamış və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirmişdi.

Sorğumuza cavab olaraq saytımızın elektron ünvanına "AZER YAPI MARKET” MMC-nin direktoru Muradov Murad Bağır oğlu tərəfindən cavab məktubu göndərilib. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasinin Qanununa və jurnalist etikasına uyğun olaraq məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

"Sizin 09 may 2018-ci il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, İbrahimov Abbas Akif oğlunun məktubda qeyd olunan ittihamları əsassızdır və həqiqətə uyğun deyildir. Qeyd etmək istərdim ki, İbrahimov Abbas ilə Kamalov Müşviq arasında olan hadisə şəxsi münaqişə zəminində baş vermişdir. Xəsarət almış İbrahimov Abbas tərəfimizdən dərhal xəstəxanaya aparılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq xəstəxanadan polisə məlumat verilmiş və bu hadisə ilə bağlı polis tərəfindən zəruri istintaq tədbirləri görülmüş və hadisəni törədən Kamalov Müşfiqə qarşı cinayət işi açılmışdır. Belə halda isə, hər hansı bir cinayətin gizlədilməsi cəhddindən söhbət belə gedə bilməz, hüquq mühafizə orqanları tərəfindən tələb edilən bütün faktlar, materiallar aidiyyatı üzrə təhvil verilmişdir. Hadisənin törədilmə səbəbindən asılı olmayaraq, biz bu tərz davranışları düzgün hesab etmirik və şirkətimizn korporativ siyasəti çərçivəsində qəbuledilməz sayırıq. Bu səbəbdən də, hadisədən dərhal sonra Kamalov Müşfiqin əmək müqaviləsinə xitam verilmişdir.

Hadisənin şəxsi münaqişə zəminində baş verməsinə baxmayaraq işçimiz Abbas İbrahimova şirkət tərəfindən maddi yardım edilmiş, bütün xəstəxana xərcləri (6000 AZN), o cümlədən evdə ambulator müayinə aldığı zaman əmək haqqısı tam olaraq ödənilmişdir.

Ümumiyyətlə Abbas İbrahimov hadisədən sonra işə qayıtdıqdan sonra da intizamsız hərəkətlərini davam etdirmişdir. Kollektiv arasında ciddi problemləri olur, iş yoldaşları ilə ünsiyyətdə kobudluq etmiş, əmək funksiyalarını düzgün icra etməmiş, bəzi vaxtlarda əmək funksiyalarını icra etməkdən yayınırdı. Bununla bağlı İbrahimov Abbasa dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Abbas İbrahimov bu xəbərdarlıqlardan nəticə çıxarmamış və nizam-intizamsız davranışlarına davam etmişdir.

Belə nizam-intizamsız davranışlarını davam etdirən, müəssisədaxili nizam-intizam qaydalarına əməl etməyən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi üzrə vəzifə öhdəliklərini düzgün yerinə yetirməyən, kollektiv arasında problemlər yaşayan bir işçini işdə saxlamaq müəssisənin iş fəaliyyətinə ciddi təsir göstərir. Qeyd edirik ki, İbrahimov Abbasa işdən çıxması ilə bağlı heç bir təzyiq olunmayıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, O isə işdən çıxarılacağını bildiyi andan etibarən qeyri adekvat hərəkətlər etməyə başlamış, hətta Şirkətin rəhbərliyinə qarşı hədə-qorxu gəlmiş, işçilərin yanında şəxsi nüfuzunu aşağı salmağa çalışmışdır.

Ümumiyyətlə müəssisəmizdə dinindən, irqindən, milliyyətindən, yaşayış yerindən, siyasi baxışlarından və s amillərə görə heç bir ayrı-seçkilik edilmir, əksinə sağlam mühit, mehriban kollektiv və gözəl iş şəraiti yaradılmışdır.

Qeyd edilənləri nəzərə alaraq bu təkzib məktubunu Azer Yapı Market MMC-nin rəsmi mövqeyi kimi qəbul edib, internet səhifənizdə olduğu kimi dərc etməyi xahiş edirik.

Hörmətlə

Muradov Murad Bağır oğlu”.

Şikayətçi Abbas İbrahimov məktubda yazılanları ağ yalan adlandırır. "Xəstəxanadan çıxandan sonra şirkətə buraxılmamışam, bir gün də orada işləməmişəm. Elə isə hansı intizamsızlığımdan söhbət gedə bilər, kim və nə əsasla məndən şikayət edə bilərdi?”, - deyə təəccüb və hiddətini gizlətmir.

Əslində şikayətçinin etirazı əsassız deyil. Axı şirkət rəhbəri Murad Muradov mayın 18-də şikayətçinin qeydiyyatda olduğu Nehrəm kəndindəki evinə yolladığı rəsmi məktubda Abbas İbrahimovun mayın 3-dən heç bir səbəb göstərilmədən işə gəlmədiyini əsas gətirərək (halbuki mayın 4-ü şikayətçi şirkətdə olmuşdu və şirkət rəhbərliyinin göstərşi ilə işə başlamadan oradan qovulmuşdu-bunu təsdiq edən faktlar var), 2 gün ərzində onun şirkətə gəlib işdən qalmağının səbəbini açıqlayan sənəd təqdim etmədiyi təqdirdə, Əmək Müqaviləsinə xitam veriləcəyini bldirmişdi. Şikayətçi deyilən vaxtda şirkətə gəlsə də (bunu təsdiq edən video yazı var), onu şirkətin binasından çıxarıb, işdən azad etmişdilər.

Bundan əlavə, Abbas İbrahimovun sözlərini təsdiq edə bilən insanlar və sənədlər var. Bəs şirkət rəhbəri Murad Muradovun yazdıqları nə ilə təsdiq olunur?

Murad Muradov Abbas İbrahimova şirkət tərəfindən maddi yardım edildiyini, bütün xəstəxana xərclərinin (6000 AZN), o cümlədən evdə ambulator müayinə aldığı zaman əmək haqqının tam olaraq ödənildiyini bildirir.

Əgər zərərçəkənə maddi yardım edilibsə, nədən bu gün borc içindədir? Murad Muradov hüquq mühafizə orqanlarına xəstəxana xərclərinin ödənilməsini təsdiq edən qəbz təqdim edə bilərmi? Abbas Qəhrəmanova evdə müalicə olunduğu zaman əmək haqqının ödənilməsinə gəldikdə isə, bu şirkətin borcu idi, çünki işçi iş başında xəsarət almışdı.

Ümumiyyətlə, qeyd edilməlidir ki, bu işdə müəmmalı məqamlar həddən artıq çoxdur və ciddi araşdırmaya ehtiyac var.

Amma o da danılmazdır ki, sadə bir vətəndaş, ailə başçısı mənəvi və fiziki zorakılığa məruz qalıb, sağlamlığını və qismən iş qabiliyyətini itirib, işsiz qalıb, iki azyaşlı övladını dolandırmaqda çətinlik çəkir. Bütün bunlara baxmayaraq, haqsızlıqla mübarizəsini davam etdirir, 10 il sədaqətlə xidmət etdiyi "Gilan Holding”in prezidenti Taleh Heydərovun ədalətli bir insan olduğuna və bu məsələdən xəbər tutan kimi lazımi tədbirlər görəcəyinə inanır.

Biz də inanırıq ki, bu günədək mətbuatda adı ancaq xeyriyyəçi kimi çəkilən, tabeliyində olan işçilərin böyük hörmət bəslədiyi "Gilan Holding” in prezidenti Taleh Heydərovun bu məsələdən xəbəri yoxdur, guman ki, işinin çoxluğundan dövri mətbuatı izləmək imkanı olmur. Odur ki, onun adına xələl gəlməsini istəməyən yaxın ətrafının Abbas İbrahimovun durumu haqda ona məlumat verəcəyinə ümid edirik. Güman edirik ki, müraciətimiz cavabsız qalmayacaq, ən tez zamanda Taleh Heydərov bu məsələdən hali olacaq və ədalətli qərar qəbul edəcək.

Banu Oğuz, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}