8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq prokurorun oğlu tərəfindən ölümcül döyülən Abbas İbrahimov huşsuz olduğundan, hospitala başqa ad altında yerləşdirilib və məlum cinayət faktı ört-basdır edilib
Hüquqları pozulan vətəndaş ölkə prezidentindən və dövlət qurumlarından kömək istəyir
Naxçıvan MR Babək Rayonu, Nehrəm kəndində qeydiyyatda olan, hazırda Bakının Xəzər rayonu, Binə-atçılıq yaşayış məntəqəsində kirayə evdə yaşayan İbrahimov Abbas Akif oğlu"Hürriyyət”in redaksiyasına hüquqlarının pozulduğu ilə bağlı müraciət ünvanlayıb.
Şikayətçi Abbas İbrahimov 2014-cü ilin əvvəllərindən 2018-ci ilin 21 mayına qədər Xətai rayonu, F.Bayramov küçəsi 28 ünvanında yerləşən "Evimiz Market”də anbardar köməkçisi işlədiyini bildirir. Onun sözlərinə görə, 2017-ci ilin 10 mayında iş yoldaşı Kamalov Müşfiq Oqtay oğlu ilə iş yerində aralarında münaqişə baş verib. Bu zaman Müşfiq Kamalov onu öldürmək məqsədilə baş nahiyəsinə küt alətlə arxadan zərbə endirib, bunun nəticəsində şikayətçinin çənə sümüyü, dişləri sınıb, sol gözünün üst nahiyəsinin sümüyü dağılıb və o, hüşunu itirib.
Abbas İbrahimov bildirir ki, şirkətdə satış üzrə menecer işləyən Müşfiq Kamalov işə başladığı ilk gündən bir neçə ay müddətində onu təhqir edib, hədələyib, himayəsində azyaşlı övladları olan şikayətçi isə işini itirməmək xatirinə onun bu hərəkətlərinə göz yumub.
İş yoldaşının bu nalayiq hərəkətləri haqda dəfələrlə şirkət rəhbərliyinə məlumat versə də, rəhbərlik "Müşfiq Kamalovun yaxşı insan, yaxşı dost olduğunu” əsas gətirərək, səbrli olmağı xahiş edib, onu inandırmağa çalışıb ki, bütün bunlar ötüb keçəcək.
Amma 2017-ci ilin 10 mayında şikayətçi Müşfiq Kamalovun təhqirlərinə dözməyərək, onun cavabını verib. Bundan az sonra M.Kamalov ona yaxınlaşaraq üzr istəyib və nahar fasiləsində çay içib söhbət ediblər. İşə dönəndə isə M.Kamalov ona deyib ki, "Murad Muradovun tapşırığı ilə bundan sonra səninlə mən məşğul olacağam”.
Onun bu sözləri Abbas İbrahimovu çox təəccübləndirib, həm də narahat edib. "Mən anbarda işləyirəm, sən isə şöbə işçisisən. Hansı əsasla mənimlə məşğul olacaqsan?”, - deyə ondan soruşanda isə, cavb verib ki: "Görərsən”.
Əslində, bunun təhdid olduğunu anlayan Abbas İbrahimov deyir ki, iş yoldaşının onu namərdcəsinə arxadan vuracağını da hiss edib...
Elə həmin gün, bu söhbətdən az sonra anbara gedən Abbas İbrahimov Müşfiq Kamalov tərəfindən arxadan vurulub. Huşsuz vəziyyətdə yerə yıxıldıqdan sonra da M.Kamalov tərəfindən vəhşicəsinə döyülüb.
Şikayətçi bu hadisənin şirkətin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını və iş yoldaşlarının, şirkət rəhbərliyinin, sonradan isə təhqiqatçı və müstəntiqlərin həmin video-yazıya tamaşa etdiyini bildirir. A.İbrahimov deyir ki, həmin çəkilişin istintaq materiallarına əlavə edildiyi söylənilsə də, bu günə qədər ona göstərilməyib.
Zərərçəkənin dediyinə görə, o, çox ağır vəziyyətdə olub, iş yoldaşları onu ayıltmağa çalışsalar da, uzun müddət özünə gəlməyib. Aldığı zərbələrdən dişləri sınıb, burnundan qan açılıb, durmadan qaytarıb. Amma bütün bunları özü xatırlamır, iş yoldaşlarının söhbətlərindən bilir.
İşçinin bir neçə saat ərzində özünə gəlmədiyini görən şirkət rəhbərləri Murad Muradov və Ceyhun Cəfərov heç bir rəsmi orqana hadisə barədə xəbər vermədən, Təcili Tibbi Yardım xidmətinə müraciət etmədən, hadisəni gizlətmək məqsədilə öz şəxsi avtomobilləri ilə onu Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 ünvanında yerləşən "Baku City Hospital”a aparıblar. Halbuki şirkətin yaxınlığında başqa xəstəxanalar da var, onun kimi ağır vəziyyətdə olan bir adamı təcili o xəstəxanalardan birinə çatdırmaq əslində daha doğru olardı.
Abbas İbrahimov özündə olmadığı üçün xəstəxanaya necə aparıldığını, orda nələr baş verdiyini xatırlamadığını deyir. Ağır kəllə-beyin travması aldığından əllərinin, ayaqlarının çarpayıya bağlandığını söyləyən zərərçəkən bir neçə gün sonra ayılsa da, yarı huşsuz vəziyyətdə olduğunu, özünü çox pis hiss etdiyini, günün böyük hissəsini yatdığını bildirir.
Zərərçəkən sənədlərdə müalicə həkimi kimi qeyd olunan Səməd Səmədovu cəmi bir, ya iki dəfə gördüyünü deyir. Yalnız Bayram həkimin onun qeydinə qaldığını bildirən Abbas İbrahimov, xəstəxananın baş həkimi Ələkbər Kərimovun vaxtaşırı ona baş çəkdiyini, onunla yaxşı rəftar etdiyini və onu şikayətçi olmaması üçün dilə tutduğunu söyləyir.
A.İbrahimovun sözlərinə görə, nə şirkət rəhbərliyi, nə də onu vuran şəxsin atası, sabiq prokuror Oqtay Mikayılovdan heç bir maddi yardım görməyib. Bütün müalicə xərclərini qohumlarının və dostlarının köməyi ilə özü ödəyib. Bu gün də müalicəsi davam edir, işsizdir, borc içindədir, ailəsini, iki azyaşlı övladını dolandırmaqda çətinlik çəkir.
Hadisənin ictimailəşdirilməsinin qarşısını almaq məqsədilə xəstəxanada olduğu ilk günlərdə yanına heç kəsin buraxılmağını bildirən zərərçəkən iddia edir ki, "Baku City Hospital”ın rəhbərliyi "Evimiz Market” şirkətinin müdriyyəti ilə əlbir olaraq, bu insident barədə heç bir aidiyyatı quruma xəbər verməyib.
Abbas İbrahimovun sözlərinə görə, üş gün sonra hospitalda ayılıb, özünə gələndə bilib ki, başqa ad-soyad altında qeydiyyata alınıb və işlədiyi şirkətin adı hallanmasın deyə, sənədlərdə guya öz evində yıxılıb xəsarət aldığı yazılıb.
Zərərçəkən 2017-ci ilin 15 mayında çənə nahiyəsi üzərində cərrahiyyə əməliyyatı aparıldığını və çənə sümüyünə ömürlük mil yerləşdirildiyini bildirir.
Vəziyyəti ağır olduğundan 26 gün "Baku City Hospital”da müalicə olunan şikayətçi 2017-ci ilin 6 iyununda həqiqi vəziyyəti ilə qəti uzlaşmayan epikrizlə evə buraxılıb.
Belə ki, epikrizdə xəstənin yüngül dərəcəli xəsarətlə, öz müraciəti ilə xəstəxanaya daxil olduğu bildirilir. Xəsarətin səbəbləri də bir neçə dəfə dəyişdirilib. Əvvəlcə zərərçəkənin evdə yıxıldığı, bir neçə gün sonra işdə yıxıldığı, daha sonra isə iş yoldaşı tərəfindən döyüldüyü yazılıb, amma nə iş yerinin ünvanı, nə onu döyən şəxsin adı göstərilməyib. Özü də bu haqda zərərçəkənin özü tərəfindən məlumat verildiyi qeyd olunub. Üstəlik, epikrizdə zərərçəkənin adı, soyadı, atasının adı da yanlış göstərilib. Abbas İbrahimovun etirazları nəticəsində bu yanlışlıqlar bir neçə dəfəyə aradan qaldırılıb, saxta epikrizlər isə məhv edilib.
(Ardı var)
Hazırladı: Banu Oğuz