İdlib - daha 1 milyon qaçqın proqnozlaşdırılır...

 


 

Proqnozu hazırlayanlar isə, bu qaçqınlara "humanitar yardım” göstərmək üçün donor təşkilatlardan daha

311 milyon ABŞ dolları alacaqlarına ümid edirlər 

 

Hər halda BMT-nin Suriya böhranı üzrə regional koordinatoru P.Mumtsisin sentyabrın 13-də Cenevrədə keçirilmiş mətbuat-konfransında verdiyi bəzi açıqlamalar İdlib əhalisinin böyük əksəriyyəti üçün heç də yaxşı vədlər əks etdirmədi. Həmin açıqlamalara görə, BMT əyalətdə (İdlibdə) vəziyyətin kəskinləşəcəyi halda 900 min nəfər insana yardım olunmasını nəzərdə tutan növbəti plan hazırlayıb...

"Kimya” olmasa da

vuracayıq...”

 

Bu ifadə ilə əslində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi xanım Nikki Xeylinin dünən FNC telekanalının (Fox News Channel - ABŞ, Nyu-York) efirində etdiyi çıxışını ümumiləşdirmək olar. Diplomatın iddialarına görə, Suriya, Rusiya və İran hərbiçiləri hələ də İdlibə hücum zamanı kimyəvi silah işlətmək niyyətlərindən daşınmayıblar: "Biz suriyalılara, rusiyalılara və iranlılara aydın demişik ki, kimyəvi silah işlətməkdən öncə yaxşı düşünsünlər. Biz xəbərdar etmişik ki, onlar artıq iki dəfə kimyəvi silahdan istifadə ediblər və prezident Tramp iki dəfə müvafiq tədbir görüb. Bizi yenidən sınağa çəkməyinə dəyməz, çünki şanslar mənim zənnimcə, onlara (Suriya, İran və RF) qarşı yönəlir”. Bunun ardınca isə, xanım Xeyli bu məsələnin artıq BMT-nin də üç müşavirəsində müzakirə olunduğunu qeyd edərək, sanki Suriya, İran və Rusiya qoşunlarına istənilən halda hücum olunacağını (ABŞ tərəfindən) vurğulayır: "Biz hamımız İdlibdəki kimyəvi silahlar barədə şayiələri eşitmişik. Onlar (Suriya, İran və RF) bu hücumların "Ağ dəbilqələr” tərəfindən təşkil olunması barədə iddialar da irəli sürdülər. Lakin Təhlükəsizlik Şurasının əksər üzvləri onları xəbərdar etdilər ki, ABŞ və müttəfiqqləri sadəcə kimyəvi silah tətbiqinə deyil, ümumiyyətlə İdlibin dinc əhalisinə qarşı istənilən hücumlara müvafiq reaksiya verəcəklər”.

Ağ dəbilqəli qara başlar

 

Qeyd edək ki, öz müsahibəsində Nikki Xeylinin xatırlatdığı "Ağ dəbilqələr” Suriyanın müxalifət qoşunları və terrorçu qruplaşmalarının nəzarətində olan ərazilərində fəaliyyət göstərən bir təşkilatdır. Həm də bu təşkilatın "humanitar” fəaliyyəti artıq bir neçə müddətdir ki, təkcə Rusiya və müttəfiqlərinin deyil, həm də bir çox Avropa təşkilatlarının ciddi şübhələrinə səbəb olmaqdadır. Konkret olaraq isə, Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən "Düşmən tərəflərin barışığa gətirilməsi üzrə” Mərkəz bir qədər əvvəl "Ağ dəbilqələr”ə qarşı ciddi ittihamlar irəli sürmüşdü. Həmin ittiamlara görə, artıq sentyabrın 9-dan etibarən bu "humanitar” təşkilat Xan-Şeyxunda hər axşam "kimyəvi hücum” quruluşunun video-çəkilişləri üzrə məşqlər aparırlar. Bildirilir ki, məşqlərə 30-yaxın mülki şəxs, o cümlədən 10-a qədər 8-12 yaşlı uşaqlar məcburi şəkildə cəlb olunublar. Mərkəzin iddialarına görə, Suriya qoşunlarını kimyəvi hücumlarda ittiham etmək və ABŞ-ın dəstəyini qazanmaq məqsədilə "Ağ dəbilqələr” yerli sakinlərdən seçilmiş çəkiliş iştirakçılarına qarşı xlor əsaslı maddələr tətbiq etməyə hazırlaşırlar. Bu məqsədlə Hələb əyalətinin bir neçə yaşayış məntəqəsindən öz valideynləri ilə birlikdə 22 uşaq gətirilib. Yenə də bu məqsədlər üçün qaçqın düşərgələrindən oğurlanmış daha bir qrup kimsəsiz uşqa isə, hazırda "Cəbhat ən-Nüsrə” terror qruplaşmasının nəzarətində olan "İkab” türməsində saxlanılır.

 

Bəs İdlibə hücum olmasa?

Rusiyalı ekspertlər hadisələrin sonrakı inkişafının məhz bu istiqamətdə gedə biləcəyini daha çox ehtimal edirlər. Onların fikrincə Suriya hökuməti sərt güc tətbiq etmək variantından çəkinməlidir. Çünki vətəndaş müharibəsi bitdikdən sonra İdlib yenidən Suriyanın bir əyaləti olarq qalacaq və Əsəd hökuməti burada siyasi dəstəkdən heç də məhrum olmaq niyyətində deyil. Bu zaman ən ağlabatan taktika kimi qoşunların İdlibə tədricən yeridilməsini seçmək olar. Bu zaman həm yerli əhalinin rəğbətini və dəstəyini qazanmaq, həm də silahlıların ən azından müəyyən hissəsini müqavimət göstərməkdən çəkinməyə razı salmaq olar. Faktiki olaraq, İdlib hazırda hökumət əleyhinə çıxan bütün silahlı qüvvələrin birgə nəzarətində olan yeganə iri regiondur. BMT-nin xüsusi elçisi tərəfindən təqdim olunan məlumata görə bu gün bölgədə "Cəbhat ən-Nüsrə” və "Əl-Qaidə” terror qruplaşmalarına aid olan 10 min nəfərə yaxın silahlı var. Aydındır ki, rəsmi Dəməşq İdlib üzərində nəzarəti tam ələ keçirərsə, bu artıq Suriyada vətəndaş müharibəsinin sona çatması demək olacaq.

Amma belə görünür ki,hadisələrin məhz bu ssenari üzrə inkişafı heç də bütün tərəfləri təmin etmir. Ən azından BMT koordinatoru P.Mumtsisin İdlibdə "baş verəcək” hadisələrə hazırlıq planı barədə söylədikləri bunu deməyə əsas verir. Mumtsis deyib: "Bizə yaxşıya ümid edirik, amma pisə hazırlaşırıq. Gözləntilərimizə görə, hərbi əməliyyatlar intensivləşdikdən sonra İdlibdən 900 min nəfərə yaxın insan qaçacaq”. Digər tərəfdən də, Mumtsisin təmsil etdiyi işçi qrup dünən Cenevrədə keçirilmiş müşavirədə Rusiya və ABŞ təmsilçilərinə İdlibdə səhiyyə və təhsil müəssisələrinin yerləşmələrinə dair məlumatlar təqdim etmişdir. Bu isə, həmin ölkələrin bu əyalətdə mütləq şəkildə irimiqyaslı hərbi əməliyyatlar aparacağına dair əminliyin olduğundan xəbər verir. Əlbəttə ki, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyi təqdirdə İdlibə "humanitar yardım” məqsədilə donor təşkilatlardan 311 milyon ABŞ dollarının istənildiyi nəzərə alınarsa, bu zaman bölgədə sülhün bərqərar olmasının əleyhinə hələ çoxlarının çıxacağını təxmin etmək olar.  

E. Samioğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}