Fransa prezidentinin Bakı səfərinin PƏRDƏARXASI

 

Qabil Hüseynli: "Makron Dağlıq Qarabağ məsələsində öz mövqeyinə korrektələr edə bilər”

"Fransa Azərbyacana silah satmaq üzərindəki embarqonu götürmək niyyətindədir”

Bu həftə Fransa prezidenti Emanuel Makronun Azərbaycana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın "Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacağı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacağı bildirilir.

Səfərlə bağlı Fransanın nüfuzlu "La Tribune” qəzeti də yazıb. Nəşr Makronun Bakıda Dağlıq Qarabağ konfliktini müzakirə edəcəyini xəbər verib. "Bundan əlavə, səfərin gündəliyinə Azərbaycan hökuməti ilə "Naval Group” hərbi şirkəti arasında bu ölkədə hərbi gəmilərin (OPV-90) inşası haqda kontrakt imzalanacaq", - deyə "La Tribune” əlavə edib.

Maraqlıdır ki, 1997-ci ildən bu günə kimi ATƏT-in Minsk Qrupuna həmsədr qismində başçılıq edən ölkələrdən biri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində hələ də bir addım atmayıbsa, bundan sonramı addım atacacaq?! Bundan sonra da Fransadan heç bir addım gözləməyə dəyməz. Ona görə ki, Fransadakı güclü erməni lobbisi buna imkan verməz. Fransa prezidenti Makron bəyanatlarının birində "Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir” desə də, Fransanın Dağlıq Qarabağ münaqişəsində qərəzli mövqeyi ortadadır. Əgər bu mövqe olmasaydı, çox güman ki, Fransa münaqişənin həllinə bir töhvə vermiş olardı. Fakt odur ki, Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun həmsədrləri kimi, nə Fransa, nə də Rusiya, nə də ABŞ maraqlı deyil. Makronun ölkəmizə səfəri sadəcə yeni silah bazarı əldə etmək məqsədi daşıyır ki, bu da Azərbaycanla Fransanın hərbi-texniki sahədə əməkdaşlığını genişləndirəcək.

Qeyd edək ki, prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir. Makron Azərbaycana Ermənistandan sonra səfər edəcək ki, bu da Fransa üçün Ermənistanın daha əhəmiyyətli olduğunu ortaya qoyur. Çünki Fransada ermənilərin ən güclü lobbilərindən biri fəaliyyət göstərir. Ona görə də onun prezidentliyi dönəmində bölgəyə ilk ziyarəti də İrəvandan başlayır. Amma Ermənistan Rusiyaya xoş gəlmək üçün Suriyaya hərbçilər göndərmək qərarı verdiyi vaxtda Fransa prezidentinin Ermənistana səfər etməsi də diqqəti çəkir. Çünki Rusiyanın forpostu sayılan Ermənsitanın Kremlin Suriya siyasətinə dəstək verməsi Fransanın xoşuna gedə bilməz. Ona görə ki, rəsmi Paris az öncə Rusiyanın S-300 raketdən müdafiə sistemlərinin Suriyaya verilməsinə etiraz bildirib, bundan narahat olduğunu bəyan edib: "Fransa Rusiyanın havadan müdafiə sistemlərinin Suriya rejiminə verilməsindən narahatdır. Regiondakı gərgin vəziyyət fonunda belə sistemlərin ora göndərilməsi hərbi eskalasiyanın saxlanması riskinə xidmət edir və Suriya böhranının siyasi nizamlanma perspektivini uzaqlaşdırır”.

Fransa Rusiyanın Suriya siyasətinə etiraz edirsə, Rusiyanın diktəsi ilə Suriyaya hərbi koningent göndərmək istəyən Paşinyan hökuməti ilə heç də xoş danışa bilməz. Bu səfər çərçivəsində hətta bu məsələ ilə bağlı Paşinyan hökumətinə xəbərdarlıq da edilə bilər ki, ya Qərb, ya da Rusiya. Yəni Ermənistan seçim qarşısında da qala bilər. E.Makron Azərbaycana Ermənistandan sonra səfər etsə də, bu səfərin ölkəmiz üçün də mühüm əhəmiyyəti var. Çünki Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu artmaqdadır. Eyni zamanda Azərbaycanla Fransanın hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşması özü vacib bir addımdır.

Xatırladaq ki, "Naval Group” və "Thales” şirkətləri ötən ay Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisində öz hərbi məhsulları ilə qatılıb. Bu, Fransanın Bakı hərbi sərgisində ilk iştirakı idi. Ermənistanda isə E.Makron beynəlxalq tədbirə qatılacaq.

"Fransa prezidentinin Azərbaycana gəlməsi mühüm əhəmiyyətə malikdir”

Fransa prezidenti Emanuel Makronun Azərbaycana səfəri ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, Makronun ölkəmizə səfəri əhəmiyyətli olacaq:"Çünki son zamanlar Azərbaycan-Fransa münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bir xeyli Fransanı ermənipərəst mövqedən kənarlaşdıra bilmişik. Azərbaycan-Fransa münasibətləri normal inkişaf edir. İndi Fransa prezidentinin Azərbaycana gəlməsi də mühüm əhəmiyyətə malikdir. Orada Frankofoniya zirvə toplantısında iştirak edəcək. Ondan sonra isə Azərbaycana gələcək. Azərbaycanda həm Dağlıq Qarabağ məsələsinin müzakirəsi, həm də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq. Fransa sözdə Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir göstərəcəyini söyləyir. Amma NATO-nun, Avropa Birliyinin üzvü kimi Avropa Birliyi və NATO-da Dağlıq Qarabağ və post-Sovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb etsə də, Minsk Qrupunun həmsədr ölkəsi kimi məsələyə münasibətdə müəyyən qədər sapıntılara, fərqli mövqeyə yol verir. Dağlıq Qarabağa əlahiddə yanaşmanın zəruriliyindən danışan tərəflərə dəstək verir. Bir sözlə, həm post-Sovet məkanındakı münaqişələrin hamısına ərazi bütövlyü çərçivəsində yanaşma sərgiləyir, həm də başqa bir fikir yürüdür. Zənnimcə, görüş çərçivəsində Fransa rəhbərinə hər şeyi izah etmək mümkün olacaq və o getdikcə Dağlıq Qarabağ məsələsində öz mövqeyinə korrektələr edə bilər. Biz də bu istiqamətdə səylə çalışmalıyıq. Hərbi-texniki sahədə əməkdaşlıq potensial əhəmiyyətə malikdir. İndiyə qədər Avropa ölkələri, xüsusən Almaniya və Fransa müharibə aparan tərəflərə hərbi yardım etmək istəmirdi. Amma indi Fransa Azərbyacana silah satmaq üzərindəki embarqonu götürmək niyyətindədir. Eyni hərəkəti Almaniya da etmək niyyətindədir. Bu səfər zamanı isə Azərbaycanın Gəmiqayırma zavodunda Fransanın eskizləri və texniki yardımı əsasında bir sahil müahifzə katerinin tikilməsi haqqında saziş imzalanacaq. Gələcəkdə də bu hərbi əməkşdalığın genişləndirilməsi gözlənilir”.

"Makron hakimyyət dəyişikliyinə dəstək nümayiş etdirmək üçün İrəvana gedir”

"Makron İrəvana formal olaraq guya, İrəvanda keçirilən fransız dilli ölkələr birliyinin toplantısına qatılacaq. Amma İrəvanla da ikitərəfli əməkdaşlıq, xüsusən İrəvana Fransadan investiyaların gətirilməsi barədə danışıqlar olacaq. Həm də Fransa, hesab edir ki, xalqın iştirakı ilə hakimiyyət dəyişikliyi baş verib, Makron bu hakimyyət dəyişikliyinə dəstək nümayiş etdirmək üçün ora gedir”,-deyə politoloq vurğuladı.

"Fransa Ermənistanı müəyyən bir çərçivədə saxlamağa çalışan dövlətlərdən biridir”

"Fransa prezidentinin Ermənistana səfəri Ermənistanın Rusiyaya xoş gəlmək üçün Suriyaya hərbçilər göndərmək qərarı verdiyi vaxta təsadüf edir. Bununla bağlı Fransa prezidenti Paşinyan hökumətinə xəbərdarlıq edə bilərmi” sualına Q. Hüseynli belə cavab verdi: "Mən güman edirəm ki, bu barədə də söhbətlər gedəcək. Çünki Fransa Ermənistanı müəyyən bir çərçivədə saxlamağa çalışan dövlətlərdən biridir və çalışacaqlar ki, Ermənistanın hədsiz dərəcədə Rusiyanın forpostu rolu oynamaq missiyasını minimum endirsinlər. Zənnimcə, Ermənistanın müstəqillik atributlarını da qoruyub saxlamağa çalışacaqlar. Amma belə söhbətin olacağını istisna etmirəm”.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}