Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi? İLGİNC İDDİALAR...

Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası barəsində narazılıqların, vətəndaş şikayətlərinin ardı-arası kəsilmir, kimisi pul tələb olunmasından şikayətlənir, kimisi də təhqir olunmasından.

Bütün bunlara nəzər salanda belə başa düşülür ki, sözügedən dövlət müəssisəsində, daha doğrusu müəssisələrində (çünki Onkologiya Mərkəzi barəsində də də eyni narazılıqlar var) insanların həm pulları alınır, həm də özləri təhqir edilir. Nə yazıq ki, insanlar da işlərinin xatirinə buna dözmək və susmaq məcburiyyətində qalırlar.

ATU-nin Onkoloji klinikasının bəzi həkimləri bu "özəl qayda" ilə davranmağa o, qədər alışıblar ki, artıq, onların rahatca "fironluq" etdiyi bu vətənin uğrunda ömrünü qurban verən, ailələrini başsız, övladlarını atasız qoyun şəhidlərimizin ailələrinə qarşı belə kobudluq edəcək qədər irəli getməyə cəsarət edirlər.

Qeyd edək ki, dəfələrlə ATU-nin Onkoloji Klinikasında qeydiyyat, müayinə və digər xidmətlər üçün pul tələb olunmasından bəhs edən məlumatlar yerli saytlarda dərc olunub. Söz yox ki, həmin yazıların bir qisminin bəzi saytlarda sadəcə adı qalıb, məlumatın təfərrüatları silinib. Görünür müəssisə rəhbərliyi bu vasitə ilə adlarını "təmizə çıxarmağa" çalışır. Lakin, ATU-nin rektoru Ehliman Əmiraslanovun bu cür "təmizlik siyasəti"ni, çirkli əməllərilə insanları boğaza yığan çalışanlarına "göz yumması" ilə paralel olaraq davam etdirməsi tamamilə yanlış taktikadır.

Hər kəsə məlumdur ki, qeydiyyat şöbəsində çalışan xanımların gələnlərdən qeydiyyat üçün 5 manat pul tələb etmələri də, həkimlərin arayış vermək, yaxud müalicə yazmaq üçün, eləcə də USM, rentgen və digər müayinələr üçün "əl altından" insanlardan pul tələb etmələri də müəssisənin ağsaqqalından xəbərsiz həyata keçirilməsi mümkün olmayan məsələlərdir.
Belə bir el deyimi var, "balıq başdan iylənir".

Məgər, Əhliman Əmiraslanovun xəbəri yoxdurmu onun rəhbərlik etdiyi universitetin nəzdində olan Onkoloji Klinikada təkcə onkoloji xəstələrə deyil, eyni zamanda, gözəlləşmək istəyən xanımlara da xidmət göstərilir ?

Bəli.... Müəyyən bədən üzvlərinə estetik forma verilməsi də bu klinikada həyata keçirilir ki, bu barədə birazdan danışacağıq. Amma, əvvəlcə biz bu klinikada şəhidimizin əmanətinə - onun xanımına qarşı edilən hörmətsizlikdən, daha doğrusu şəhid xanımının təhqir edilməsindən bəhs etmək istəyirik.

"DogruXeber.az" bildirir ki, iyun ayının 5-i günü dövlət qurumlarında çalışan səlahiyyət sahibləri tərəfindən əzilmiş, tapdanmış hüquqlarını "DogruXeber.az" informasiya agentliyində arayan daha bir vətəndaş agentliyin rəhbəri Kamal Əsgərova zəng edib bildirdi ki, "Kamal müəllim, şəhid xanımı iki gündür ATU-nin onkoloji klinikasında bir dənə arayış ala bilmir, onu orda incidirlər, xahiş edirəm kömək edin".

Bizi izləyən hər kəsə məlumdur ki, Kamal Əsgərov üçün "şəhid, qazi, veteran" deyincə, "axar sular dayanır". Odur ki, zəng edən şəxsə məsələdən ətraflı xəbərdar olmaq və mümkün qədər müdaxilə edə bilmək üçün xanımın bizimlə əlaqə saxlamasını bildirdi.Aradan, cəmi bir neçə dəqiqə keçmişdi ki, Tovuz rayonundan olan şəhidimiz Emin Mahmudovun həyat yoldaşı olduğunu deyən Aytac Mahmudova adlı xanım bizə zəng etdi. O, bildirdi ki, "Mən səhhətimdə yaranmış problemlərə görə üç azyaşlı övladımı evdə qoyub Bakıya gəlmişəm. Dünən həkim Toma xanımın yanında oldum, o, məni müayinə etdi və müalicə yazdı. Mənim müalicəm üçün lazım olan həmin dərmanları almaq imkanım olmadığı üçün Toma xanımdan xahiş etdim ki, mənə arayış versin, mən o, arayışı YAŞAT fonduna təqdim edib, dərmanlarımı oradan alım. Çünki, dövlət bizə bu imtiyazları verir və mənim limitim də var.

Toma xanım mənə dedi ki, "vermirəm arayış". Mən də otaqdan çıxdım. Bu gün yenidən gəldim ki, ondan xahiş edib, arayışı alım, evimə - uşaqlarımın yanına qayıdım. Qapını cəmi ikicə dəfə döydüm, sonra içəri keçə bildim. Amma, mən içəri girən kimi Toma xanım yüksək səslə, mənə deyir, "Mədəniyyətsiz. Belə mədəniyyətsizlik olar?"

Yerimdə donub qaldım. Pərt olmuşdum, amma cavab qaytarmadım, dedim, "xanım, mən mədəniyyətsiz deyiləm, sadəcə uşaq qoyub gəlmişəm, rayona qayıtmalıyam. Gəldim ki, mənə arayış verin, gedim". Toma xanım, bu dəfə də üstümə qışqırdı ki, "vermirəm, get kimə deyirsən, de".

İndi oturmuşam klinikanın həyətində, ağlayıram. Mən uşaqları qoyub gəlmişəm, bu gün qayıtmalıyam, tez-tez bura gəlməyə imkanım da yoxdur. İndi də deyirlər, get, sabah 9-da gəl baxarıq".

Kamal Əsgərov, Aytac xanıma orada gözləməsini dedi və özü dərhal ATU-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Günel xanıma zəng etdi. Günel xanım zəngi məşğula aldı, votsapla yazdıqda isə iclasda olduğunu, çıxan kimi məsələni araşdırıb cavab verəcəyini dedi.

Aradan bir saata yaxın vaxt keçdi. Aytac xanım yenidən zəng edib, hələ də onu kimsənin qəbul etmədiyini dedi.

Belə olan halda, Kamal Əsgərov Aytac xanıma məsul şəxslərdən birinə yaxınlaşıb, dəstəyi ona verməsini bildirdi. Aytac xanım telefonu mühafizəçiyə verdi. Kamal müəllim mühafizəçidən xahiş etdi ki, xanımı rəhbər şəxslərdən birinin yanına yönləndirsin. Mühafizəçi, sağolsun, xanımı onu müayinə edən həkim Toma xanımın yanına yönləndirdi. Aytac xanım telefonu Toma xanıma verəndə o, əvvəl danışmaq istədi, sonra Kamal müəllimlə də yüksək səs tonu ilə danışaraq, "siz mənə niyə zəng etmisiz ki? Mən Aytaca başa saldım da sabah gəlsin" dedi. Üstəlik də səsini onun səs tonu ilə uyğunlaşdırmağa çalışan Kamal müəllimə, "niyə qışqırırsınız?" deyə, hələ bir qəzəbləndi də.

Kamal müəllim, "qışqırmıram, səsimi sizinlə eyni tonda nizamlamağa çalışıram" dedi. Bundan sonra Toma xanım telefonu Aytac xanıma verməklə, daha bir kobudluq nümayiş etdirmiş oldu. Yəni, bu davranışı ilə o, "danışmaq istəmirəm" demək istədi.Kamal müəllim Aytac xanımla danışmağa davam edərkən isə həkim Toma xanım onunla mübahisə etməyə başladı. Biz orada danışılanları eşidirdik və təbii ki, əvvəlcədən özünə də bildirdiyimiz kimi qeydə alırdıq.

Sonradan, Toma xanım nə düşündüsə, özü telefonu Aytac xanımdan alaraq, mülayim şəkildə danışmağa başladı. Aytac xanımında dediyi kimi onu təhqir etdiyini təbii olaraq etiraf etmədi. Hətta, "məsumcasına" "Kamal bəy, inanırsınız ki, mən bayaq əməliyyat edə-edə düşünürdüm ki, bu qədər səs-küydənsə, mən özüm onun reseptini alım verim, canım qurtarsın" dedi.

Kamal Əsgərov, "Bu çox gözəl fikirdir. Niyə də etməyəsiniz? Şəhidlər bu vətən üçün canını qurban veriblər, biz niyə onların əmanətləri üçün kiçik fədakarlıqlar etməyək? Amma, xanım sizdən arayış istəyir, dərmanlarımı alın demir ki?" deyə, cavab verdi.

Az öncə rişxəndlə "az qalıram, özüm onun dərmanlarını alım verim canım qurtarsın" deyən Toma xanım, bu dəfə "mərhəmət modu"na keçərək, - "Ay müəllim, siz məni tanımırsınız. Mən nələr edirəm hər ay, desəm çirkinlik olar. Siz narahat olmayın, özümüz yoluna qoyacağıq", deyib, sağollaşdı.

Sonradan, Aytac xanımın redaksiyamıza bildirdiyinə görə Toma xanım məsələ daha da böyüməsin deyə, onun dərmanlarını alıb verib".

Xanım qeyd edir ki, qüruruma toxunduğu, məni insanların yanında pərt elədiyi üçün götürmürdüm, Toma xanım sonradan üzrxahlıq etdi, "bacı kimi köməklik etdiyini" dedi, ondan sonra götürdüm."

Hörmətli Toma xanım, belə bir el deyimi var, "Şirin dil min evi yeyər, acı dil bir evi də yeyə bilməz".

Yəni, dilini şirin edənə, min evdən pay-parça gələr. Sizdə isə deyəsən, "soğan olsun, nəğd olsun" prinsipi üstün götürülür, necə deyərlər, yalnız "səxavət" göstərənlərə, dil şirin edilir.

Təbii ki, "siz" deyərkən, ümumilikdə ATU-nin Onkoloji Klinikasını nəzərdə tuturuq.

İndisə gələk yuxarıda anonsunu verdiyimiz "gözəllik" məsələsinə.

Toma xanım deyilən bu həkim kimdir?Bu barədə internet üzərindən balaca bir araşdırma etdik. Qarşımıza çıxan məlumatlardan bizə belə aydın oldu ki, "Toma" adı ilə məşhurluq qazanan Tamara Quliyeva onkolog - mammolog - cərrah olmaqla yanaşı, həm də Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasının dosentidir.

Instagram səhifəsinə nəzər saldığımızda isə, xanımın digər xidmətləri ilə də tanış olduq.

Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?
Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?

Gördüyünüz kimi, süd vəzisinin böyütmə və kiçiltmə əməliyyatları da onkoloji klinikada həyata keçirilir !
Eh... Hələ bu harasıdır?!

Əhliman Əmiraslanovun rəhbərli etdiyi ATU nələr etməyib ki...

Korrupsiya, rüşvət, vətəndaşlara qarşı kobudluq, hörmətsizlik.... bütün bunlar hələ "jurnalın üz qabığıdır". İnsanların sağlamlığını bərpa etmək üçün üz tutduqları bu səhiyyə ocağında ömürlük xəstəliyə yoluxduqlarını, həkim, yaxud digər çalışanlarının bir ailənin faciəsinə səbəb olan böyük səhvlərini də məhz burada gördük, eşitdik.

Təqribən iki ay əvvəl agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında ağlayaraq, göz yaşları içində ATU-nun Tədris-cərrahiyyə klinikasında qızının və iki nəvəsinin QİÇS-ə yoluxduğunu iddia edən Alimə ananı yəqin ki, izləyicilərimiz xatırlayır.

Ağcabədi rayon Avşar kənd sakini Alimə Rəfiyeva, hazırda üç uşaq anası olan qızının ikinci və üçüncü övladlarını qeysəriyyə üsulu ilə Tədris-cərrahiyyə klinikasında dünyaya gətirdiyini və orada bu sağalmaz xəstəliyə (QİÇS ) yoluxduğunu, xəstəliyə yoluxdurulmuş ananın südündən o, ərəfədə həmin klinikada doğulmuş başqa uşaqlara da verildiyini iddia edirdi.

Qeyd edək ki, Alimə Rəfiyevanın iddiasına görə hadisə ilə bağlı məsələ prokurorluqda araşdırılır.

Gördüyünüz kimi, 77 yaşlı Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin klinikalarında korrupsiya cinayətindən daha dəhşətliləri də reallaşıb. Bütün bunlara rəğmən isə ATU-da heç nə dəyişməyib, nə rəhbəri, nə də rəhbərin fəaliyyəti.

Fəhləni belə 65 yaşda az qala məcburi təqaüdə göndərən dövlətin 77 yaşlı məmurunun vəzifələrinin sayına nəzər salanda, bir yandan adamın ona ürəyi ağrıyır. Amma, bir yandan da rəhbərlik etdiyi sahədəki narazılıqlara, eyni zamanda qanunsuzluqlara nəzər salanda isə adam bilmir "işi çoxdur, yəqin çatdıra bilmir" deyib, "anlayış göstərsin", yoxsa bu cür narazılıq yaradacaq qədər başdansovdu etdiyi vəzifələri əlindən buraxmaq istəmədiyinə görə qınasın.

Belə olan halda, əvvəllər hamımızın pafosla dediyimiz, "gənclərə meydan verilməlidir" sözümüz də boğazımızda düyünlənir, çünki vəzifəyə gətirilən gəncləri də görürük. Savad, bacarıq səviyyələrinin də, qısa zamanda topladıqları "narazı vətəndaş auditoriyaları"nın da vəzifəyə necə, kimlərin vasitəsilə gətirildiklərinin də xalq olaraq şahidiyik.

Vəzifələr çox zaman "vərəsə" kimi qohumlara ötürülür.

Bəs onda nə edək?

Biz də əlacsız vətəndaşlar kimi hər kiçik problem üçün ölkə başçısına üz tutaq?

Bəs Əhliman Əmiraslanovun, hörmətli Teymur Musayevin sahib olduqları vəzifə nə üçün var ?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Oxşar Xəbərlər

Xəbər lenti