8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yeni anlaşma regionda marağı olan ölkələrin yuxusunu ərşə çəkəcək
Ramil Məmmədli: "Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının bir mövqedən çıxış etməsi, fəaliyyətlərini əlaqələndirməsi iri dövlətlər üçün o qədər də qənaətbəxş deyil"
Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası keçirilib. İclasda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.
Tədbirin sonunda isə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında qərar qəbul edilib. Nəzərinizə çatdıraq ki, ekspertlərin fikrincə, iclasda iştirak edən hər bir dövlət İŞİD təhlükəsinə məruz qaldığı, yəni vətəndaşları terror təşkilatına qoşulduğu üçün bu prosesin qarşısını almaq niyyəti ilə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Daimi Katibliyinin yaradılmasına qərar verilib. O da bildirilir ki, türk dövlətlərinin ortaq kəşfiyyat qurumunun yaradılması bir sıra ölkələrin, əsasən də Rusiyanın yuxusunu ərşə çəkə bilər.
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədli hesab edir ki, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Ankarada Daimi Katibliyinin yaradılması əslində formal xarakter daşıyır: "Yəni artıq 20 ildir ki, bu cür görüşlər keçirilir və koordinasiya məqsədiylə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Daimi Katibliyinin yaradılması qərara alınıb. Qeyd edim ki, daimi katiblik Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarını bir-biri ilə əlaqələndirmə işləri ilə məşğul olacaq. Onsuzda türkdilli ölkələr arasında bu istiqamətdə fəaliiyətlə bağlı ikitərəfli sazişlər mövcuddur. Və bu sazişlər nəticəsində lazım olan tədbirlər həyata keçirilir. Əlbəttə məxfi hesab olunan, təhlükəsizlik məsələləri ilə bağlı açıqlanması məqsədəuyğun hesab olunmayan məlumatların hər hansı əlaqələndirmə qurumuna verilməsi, informasiyanın açıqlanması mümkün deyil. Odur ki, bu, sadəcə olaraq xüsusi xidmət orqanları arasında qanunvericilik bazasının öyrənilməsi, lazım gəldikdə tədbirlərin keçirilməsi xarakteri daşıyacaq".
Rusiyanın Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Daimi Katibliyinin yaradılmasına reaksiyasına gəlincə, hərbi-siyasi icmalçı bildirdi ki, burada söhbət yalnız Rusiyadan gedə bilməz: "Belə ki, burada Rusiya ilə yanaşı, həm də digər böyük dövlətlərin - Böyük Britaniya, Fransa və ABŞ-ın da maraqları var. Yəni Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının bir mövqedən çıxış etməsi, fəaliyyətlərini əlaqələndirməsi iri dövlətlər üçün o qədər də qənaətbəxş deyil. Amma belə bir siyasi iradənin nümayiş etdirilməsi təqdir olunmalıdır və hesab edirəm ki, belə bir qurum daha əvvəl yaradılmalı idi. Lakin indi bu qurumun yaradılması və Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addım uğurlu olacaq".
Ramil Məmmədlinin fikrincə, gələcəkdə türkdilli dövlətlərin digər strukturlarının da bu formada inteqrasiyası gözləniləndir: "Qeyd edim ki, biz hələ daha əvvəldən hərbi qurumların inteqrasiyası ilə bağlı əlaqələndirmə komissiyasının, şurasının yaradılmasını gözləyirdik. Hətta türkdilli dövlətlərin sülhməramlı missiyalarda fəaliyyətinə dair belə bir fikirlər də səsləndirilmişdi. Yəni bəziləri buna "Vahid Turan ordusu" adı vermişdi. Belə bir açıqlamalar vardı. Lakin hələlik bu məsələ ilə bağlı konkret addım atılmayıb. Gözləntilərimiz odur ki, Silahlı Qüvvələrin inteqrasiyası, fəaliyyətinin əlaqələndirilməsi, birgə təlimlərin və hərbi sənaye məhsullarının birgə istehsalının həyata keçirilməsi üçün türkdilli dövlətlər əlaqələndirmə qurmalıdırlar. Bundan başqa, hərbi qurumların inteqrasiyası ilə bağlı əlaqələndirmə şurasının yaradılması gözləntisi var".
Vazeh BƏHRAMOĞLU