Vüqar Səfərlini kim himayə edib?-Ramiz Mehdiyev və Əli Həsənov istintaqa cəlb oluna bilər


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış, xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törətmişdir.

İstintaq  müəyyən edib ki, Vüqar Səfərli Fondun fəaliyyətinin təşkili üçün dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurmuşdur.

Həmçinin  Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf etmişdir.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluğun yaydığı məlumatın səhihliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Əksinə, uzun illərdir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda baş verən qanunsuzluqlarla bağlı mətbuatda çoxsaylı məlumatlar yer alıb. Təəccüb doğuran yeganə məqam 2011-2019-cu illərdə KİVDF-də baş verən qanun pozuntuların və külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsinin aidiyyatı orqanlar tərəfindən aşkar olunmamasıdır. Hətta bu zaman aidiyyatı orqanların KİVDF-də baş verənlərə “göz yumması”ndan da danışmaq olar. Əks halda Vüqar Səfərli 8 il ərzində çoxsaylı cinayət əməllərini davam etdirə bilməzdi.

"Yeni Sözçü" qəzetinə daxil olan bir məlumata görə 8 il müddətində Vüqar Səfərlinin toxunlaz şəxs olması isə səbəbsiz deyil. Belə ki 8 il ərzində Vüqar Səfərlinin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Adminstrasiyanın sabiq şöbə müdiri Əli Həsənov tərəfindən himayə olunub. Bu iddiaya Ramiz Mehdiyevin və Əli Həsənovun aydınlıq gətirməsini ümid edirik. Əgər bu şəxslər mövqe bildirməkdən imtina etsələr  Vüqar Səfərlinin 8 il müddətində qanunsuz əməllərinin Ramiz Mehdiyev və Əli Həsənov tərəfindən himayə olunmasının səbəbi ilə bağlı redaksiyamıza daxil olan məlumatı bir tərəfli qaydada açıqlamaq məcburiyyətində qalacağıq. Redaksiyamıza daxil olan digər məlumata görə Vüqar Səfərlinin işi ilə bağlı Ramiz Mehdiyev  və Əli Həsənovun da istintaqa cəlb olunması gözlənilir. Bu iki iddia bağlı daha geniş araşdırma aparmağa çalışırıq.

Hələlik isə qeyd edək ki, Vüqar Səfərlinin maliyyə fırıldaqlarında və mənimsəmələrində “Portos” MMC-dən başqa bir neçə özəl şirkətin və fizki şəxsin də iştirak etdiyi iddia olunur. İddiaya görə, Bibiheybət qəsəbəsində Mətbuat işçiləri üçün inşaa edilmiş yüksəkmərtəbəli yaşayış binasının layihə-smeta sənədlərinin hazırlanması zamanı iş həcminin əsassız şişirdilməsi prosesində “Arxin-M Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti də iştirak edib. Qeyd edək ki,  layihə-smeta sənədlərinin hazırlanması üçün KİVDF-i “Arxin-M Ltd” MMC-yə 246 296 manat ödəyib. Mütəxəsislər bu zaman da şişirtməyə yol verildiyini iddia edirlər. Niftalı Abbasovun rəhbərlik etdiyi “Arxin-M Ltd” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137, mənzil 23-də yerləşir. “Arxin-M Ltd” MMC-nin rəhbərliyinin bu iddiaya aydınlıq gətirəcəyinə ümid edirik.

Məlumatlara görə, KİVDF-də maliyyə mənimsəmələri müxtəlif əlamətdar günlərlə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili olub. Bu işlərdə isə KİVDF-nin tərəf müqabili Həsənəliyev Hatif Həsən oğlu adlı şəxs olub. Məsələn, 2018-ci il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili üçün KİVDF-i Hatif Həsənəliyevə 38 min manat, 22 iyul Milli Mətbuat Günü münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili üçün 37 min manat pul ödəyib. Həmin il Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili üçün isə KİVDF-i Hatif Həsənəliyevə 35 400 manat pul ödəyib. KİVDF-i ilə Hatif Həsənəliyev arasında əməkdaşlıq 2017-ci ildə də olub.

Tədbirlərın keçirilməsi və zəruri ləvazimatların alınması zamanı KİVDF-nin digər bir tərəfdaşı “Star Logistic” MMC-i olub. Sayad Vəliyeva adlı xanımın rəhbərlik etdiyi “Star Logistic” MMC-i isə 2018-ci ilin iyul ayında dövlət qeydiyyatından keçsə də, həmin ilin dekabrında KİVDF-in tədbirlər üçün zəruri ləvazimatların alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu isə açıq qanun pozuntusu hesab edilir. Sayad Vəliyevanın Əli Həəsnovun həyat yoldaşı Sona Vəliyeva ilə qohumluq əlaqəsinin olub-olmadığına aydınlıq gətirməyə çalışacağıq.

“Yeni Sözçü" qəzeti adları keçən şəxs və qurumların mövqelərini dinləməyə hazırdır. Eyni zamanda yazıda əksini tapan bəzi məqamlarla bağlı araşdırmalarımız da davam edəcək.

Arzuman Loğmanoğlu



Oxşar Xəbərlər

Xəbər lenti