“Cənnət bağı”ndakı cinayətlərin TƏFƏRRÜATI: 195 maral ağacların GÖVDƏSİNİ və qabığını YEYİB


“Cənnət bağı”ndakı cinayətlərin TƏFƏRRÜATI: 195 maral ağacların GÖVDƏSİNİ və qabığını YEYİB

Xızıdakı “Cənnət bağı” istirahət mərkəzinin direktoru barəsində məhkəmə hökmü çıxarılıb. Təbiətə vurduğu ziyana görə 10 min manat cərimələnən Cahangir Əliyevin nədə ittiham olunduğunun təfərrüatları məlum olub.

Məlumata görə istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu məsələnin araşdırılması üçün ekologiya naziri Muxtar Babayev baş prokuror Kamran Əliyevə müraciət edib.

“Cənnət bağı” istirahət mərkəzinin yerləşdiyi ərazi Altıağac Milli Parkı arasında bağlanmış müqavilə əsasında icarəyə götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, istirahət mərkəzinin ərazisində saxlanılan 195 baş maral ərazidəki 3500-dən çox ağacın gövdəsini və qabığını yeyərək zərər vurub. Bunun səbəbi isə itirahət mərkəzinin rəhbərliyinin xallı maralları qanunun tələblərinə uyğun şəkildə saxlamaması olub.

O da müəyyən edilib ki, Altıağac Milli Parkından icarəyə götürülmüş ərazidə qanunsuz olaraq hamam, qazanxana, yaşayış binası və digər tikililər inşa edilib.

Həmçinin aşkar edilib ki, istirahət mərkəzinin yolu yenilənən zaman ərazidə olan 2039 sayda ağac və kollar məhv edilib.

Cahangir Əliyev ittihamlara cavab olaraq bildirib ki, ərazidə ağacların inkişafına mane olan, əyri bitmiş, infrastruktura mane olan qurumuş ağacların kəsilməsini işçilərə tapşırıb, amma həmin ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməyib.

Onun sözlərinə görə ərazidə ağaclar kəsilən zaman Bakıda olub. Həmin ərəfədə pandemiya ilə əlaqədar işçi sayının az olduğunu deyən C.Əliyev qeyd edib ki, maralların ətrafdakı ağaclara zərər vurmasından xəbəri olmayıb.

C.Əliyev ərazidə tikinti aparılması məsələsini isə belə izah edib: “Həmin tikililər mən direktor təyin edilməmişdən əvvəl var idi. Bu işlərdə günahım olmadığı üçün barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının dindirilməsi zamanı məlum olub ki, ərazidə motorlu mişarla ağaclar kəsilən zaman onları istirahət mərkəzinin ərazisinə buraxmayıblar.

İstintaq zamanı müəyyən edilib ki, “Cənnət bağı”ndakı qanunsuz hərəkətlərə görə təbiətə ümumilikdə 50 min manatdan çox ziyan dəyib.

Xızı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə istirahət mərkəzinə ərazidə hər hansı tikinti aparmağa icazə verilməyib.

İstintaq materilalarında yer alan videogörüntülərdən məlum olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çəkiliş aparan zaman ağacları kəsən şəxslərdən biri bu göstərişi otel rəhbərindən aldığını deyir.

Məhkəmə istintaqı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məhkəməyə bildirib ki, dəymiş ziyan tam olaraq ödənilib.

Xızı rayon Məhkəməsi Cahangir Əliyevi Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədilməklə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirli bilib. Hökmə əsasən C.Əliyev 10 min manat məbləğində cərimə edilib. \\Musavat



Oxşar Xəbərlər

Xəbər lenti