8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Əvvəla, onu müəyyənləşdirmək lazımdır ki, həmin adamlar hansı əsaslarla Azərbaycan ərazilərində yaşayırlar”.
Sozcu.info xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
Xatırladaq ki, Laçın rayonunun Zabux kəndinin “rəhbəri” Andranik Çauşyan kənd əhalisinin bölgəni tərk etmək istəmədiyini, eləcə də rəsmi Bakının yurisdiksiyasında yaşamağı üstün tutduğunu bildirib.
Öz növbəsində, E. Mirzəbəyli qeyd edib: “Əgər onlar Azərbaycan torpaqlarının işğalından öncə də həmin ərazidə yaşayıblarsa, Azərbaycan vətəndaşı sayılırlar. Hüquqi baxımdan buna hər hansı bir formada etiraz bildirmək mümkün deyil.
Yox, əgər onlar qeyri-qanuni şəkildə məskunlaşıblarsa, onların məskunlaşmasına məsuliyyət daşıyan Ermənistan hökumətidir. Belə olan halda bu şəxslərin Ermənistan ərazisində bu və ya digər şəkildə yerləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Çünki bu, məsuliyyət dairəmizə aid olan bir məsələ deyil”.
BAXCP funksionerinin sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatının prinsiplərinə uyğun olaraq, Laçın bütövlükdə azad olunmalıdır:
“Orada hər hansı bir ölkənin hərbi qüvvəsi yerləşməməlidir və həmin ərazilərə nəzarət Azərbaycana təhvil verilməlidir. Yeni yol çəkiləndən sonra, əgər həmin şəxslər qeyri-qanuni şəkildə məskunlaşıblarsa, şübhəsiz, gəldikləri yerə qayıtmalıdırlar. Yox, əgər Azərbaycanın yurisdiksiyası altında yaşayacaqlarsa, təbii ki, bu, onlar üçün xaos, özbaşınalıq və təhlükə altında yaşamaqdan daha üstündür. Çünki Azərbaycan bütün vətəndaşlarının təhlükəsizliyinə və rifahına təminat verir”.
“Qənaətimə görə, şüurlu və düşüncəsi olan ermənilər, əgər bu gün Azərbaycan haqqında dəqiq bir məlumata malikdirsə, burada yaşamağın üstünlüyünün nədən ibarət olmasını başa düşə bilərlər. Amma bununla yanaşı digər faktorları, yəni həmin o şəxslərin orada yaşaması təqdirində onlardan müxtəlif bəhanələr üçün istifadə edilməsi faktorunu da nəzərə almaq lazımdır.
Düşünürəm ki, Azərbaycan tərəfi bu qəbildən olan təhlükələrə hazırdır. Şübhəsiz, bu yöndəki dəyərləndirməni də dövlətimiz aparacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.