BDU-nun 15 yaşlı tələbəsi... - ölkədə saxta diplomlular nə qədərdir?


Ekspert: “Seymur Talıbovun diplomu yalnız bu halda ləğv edilə bilər ki... ”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən gedəndən sonra haqlı olaraq ölkə mediasının əsas personasına çevrilib. Az qala hər gün yerli mətbuatda onun və övladları Seymur Talıbovla Rza Talıbov haqqında ilginc faktlar dərc olunur.

Bu dəfə Seymur Talıbov haqqında maraqlı məlumat daxil olub. Bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə isə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil. Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü ildə BDU-ya qəbul olunduğu qeyd edilib. Xatırladaq ki, həmin illərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olub.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən keçmiş təhsil naziri, BDU-nun sabiq rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bunun mümkün olduğunu deyib. Lakin o, S.Talıbov haqda dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib: “Ümumiyyətlə, 15 yaşında tələbə adı qazanmaq mümkündür. Çünki elə adam var, məktəbə 5 yaşında gedib. Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm. Onu da deyim ki, bəzi hallarda mən də 15 yaşlı tələbəyə rast gəlmişəm”.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, bu, nazirliyə aid olan məsələ deyil: “Bununla bağlı bir söz deyə bilmərəm, çünki universitetə aid məsələdir. Bircə onu deyə bilərəm ki, 15 yaşında universitetə qəbul olmaq mümkündür”.

Qeyd edək ki, S.Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.

Bu olay Azərbaycanda saxta diplomlar problemini yenidən gündəmə gətirir. Nə barədə ki, zaman-zaman yazılıb, deyilib. Konkret halda, üstəlik, 15 yaşında tələbə adı qazanmaqdan gedir. Bəlkə Seymur Talıbov xüsusi istedad sahibi olub? Bununla bağlı qanunda hansısa norma varmı? S.Talıbovun BDU diplomu ləğv edilə bilərmi?

İlk öncə onu xatırladaq ki, saxta diplom məsələsi vaxtaşırı müzakirə olunur. Hətta ötən il təhsil naziri Emin Əmrullayev Azərbaycanda külli miqdarda saxta diplom verildiyini açıqlamışdı. Nazir bildirmişdi ki, bu gün o diplomların hansı yolla verildiyini müəyyən etmək üçün məlumat bazası yoxdur.

“Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim məqsədimiz ali məktəbləri yoxlamaq deyil”.

“Hər hansı universitetin rektoru və ya nazirlikdən kimsə mövcud səbəbə görə cəza aldığı ilə bağlı konkret rəsmi məlumat verilməyib. Məhz "cəzasızlıq sindromu"na görə bu kimi hallar baş verir.

Sovet dövründə Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama institutu var idi, sonradan bu institutun xarakteri dəyişilərək Azərbaycan Müəllimlər İnstitutu statusu aldı. Bu azmiş kimi, bu institutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən də Gəncədə. Bir müddətdən sonra burada böyük korrupsiya faktları aşkarlandı, bir neçə filiallar bağlandı və belə bir mənzərə ortaya çıxdı. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzaladı və beləliklə,  saxta diplom istehsal edən ən böyük müəssisə fəaliyyətini dayandırdı".

Kamran Əsədov diplomların hansı halda saxta kimi tanınmasından da söz açıb:

“Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır,  institutun lisenziyası yoxdursa və ya nostrifikasiyadan keçməyibsə, saxta hesab olunur.

Saxta anlayış da var ki, möhür saxtadır və ya imza saxtadır. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təstiqi ilə də saxta diplomlarda əmək bazarında istifadə olunur.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkənin sosial- iqtisadi sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. Təhsil qanununun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ hüquqi baza yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub, 70-dən artıq ali və orta təhsil müəssisələri yaradıldı və bu müəssisələrin əksəriyyəti özəl oldu. Onların hər hansı bir bazası formalaşmadı. Ona görə də qanunvericilikdə olan müəyyən boşluqlar və  bu təhsil müəssisələrində saxtakarlıq elementlərinin baş verməsinə səbəb yaratdı. Özəl ali məktəblərdə islahatlara start verilirdi. Bir neçə universitetlər - Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti, Moskva Açıq Universiteti bağlandı. Bu sahədə rasionallaşma, optimallaşma baxımından tədbirlər həyata keçirilir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər  müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər saxta diplomlar hazırlayıb kimlərəsə  verirlər.

Belə bir “xroniki xəstəliyi” birdən-birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir. Əvvəllər mətbuat, internet belə geniş səs-küy salmırdı. Burada mətbuatın rolu böyükdür. Korrupsiya, saxtakarlıq halları mətbuat tərəfindən qabardıldı, bu məsələ yüksək səviyyələrə qədər qaldırıldı. Mətbuatın rolu, ictimaiyyət qınağı olmasaydı, bu proses hələ də çiçəklənməkdə davam edəcəkdi.

Bundan başqa, hesab edirəm ki, elektron baza olmalıdır. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portal daxil olub, verilmiş diplomun həqiqi  yoxsa saxta olduğunu yoxlamalıdır.

"Ölkədə 15 yaşında tələbə adını qazanmaqla bağlı qanunda hansısa norma varmı" sualımıza  isə ekspert bu cür cavab verdi:

“Əlbəttə ki, ölkədə 15 yaşında tələbə adını qazanmaq mümkündür və hər il bu cür kifayət qədər faktlar var. Çünki 2020-ci ilə qədər mövcud olan təhsil qanununa görə, şagirdlər vaxtından əvvəl, yəni 5 yaşında məktəbə qəbul oluna, vaxtından əvvəl məktəbi bitirə bilirdi. Hətta Dövlət İmtahan Mərkəzinin (DİM) hər il yaydığı məlumatdan da görə bilirik ki, hər il 15 yaşında məktəbi bitirib, universitetlərə sənəd verən şəxslər olur. Mövcud qanunvericiliyə görə, məktəbi bitirmək üçün yaş həddi 15 yaşdan başlayır. Ola bilir ki, şagird 5 yaşında məktəbə gedib, təhsilin hansısa pilləsində sinfi adlaya bilir, bu zaman 15 yaşında məktəbi bitirir. Ona görə də deyə bilərəm ki, Seymur Talıbovun 15 yaşında universitetə daxil olması qanunla mümkündür.

O ki qaldı məsələnin dəqiqləşdirilməsinə, bu məsələyə yeganə olaraq DİM aydınlıq gətirə bilər. Çünki o, DİM-də imtahan verərək, hansısa universitetə daxil olub. Buna görə də DİM deyə bilər ki, S.Talıbov imtahanda nə qədər bal toplayaraq, universitetə daxil olub.

Əgər məlum olsa ki, onun hər hansı ali təhsil müəssisəsinə daxil olması ilə bağlı hansı mövcud prosedur qaydalar pozulub, bəli, bu zaman onu diplomu ləğv edilə bilər. Lakin  Azərbaycanda belə bir təcrübə var ki, həmin şəxsin təhsil məlumatları tələbə-məzun sistemində varsa, bununla bağlı diplomu ləğv edilə bilməz. Diplomun ləğv olunması üçün yeganə əsas onun, sadə dillə desək, “kökünün” olmaması ilə bağlı ola bilər. Bu zaman aydınlaşdırılır ki, şəxs hansı yolla universitetə daxil olub, diplom əldə edib".



Oxşar Xəbərlər

Xəbər lenti