Faciə üzərindən “xoşbəxtlik” axtaranlar: Xalqın əməyini öz adına çıxanları millət necə İFŞA EDİR? - FOTOFAKT


Belə bir el deyimi var: “Başqasının faciəsi üzərində qurulan xoşbəxtliyin sonu olmur”. Ancaq təəssüflər olsun ki, yaşadığımız cəmiyyətdə bu deyimi qulaqardı edənlərin sayı kifayət qədərdir. Bəziləri üçün qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ faciə üzərindən xoşbəxtlik qurmaqdan başqa bir şey deyil. Qısacası, zəlzələdən əziyyət çəkənlərə yardım kampaniyasının başladılmasından və bunu özünə fürsət bilib güclü “reklam” aparan şəxslərdən söz açacam. Başlayaq Elçin Lənbəranskidən…

Yəqin ki, bu ad bir çoxlarınıza sosial şəbəkələrdən tanışdır. Tanımayanlar üçün qısa arayış verim ki, Lənbəranski yoldaş özünü xeyirxah və yardımsevər bir bloger kimi tanıdır. Bir sözlə, utanmasa özünü tanınmış xeyriyyəçi “Hacı Zeynalabdin Tağıyevin  davamçısı da adlandırar. Yəni buna iddialıdır. Əlbəttə ki, xeyirxahlıq olduqca gözəl əməldir və “Əl tutmaq Əlidən qalıb” məsəlini də dədə-babalarımız boş yerə çəkməyiblər.

Ancaq xeyirxahlıq və yardımsevərlik də gərək təmənnasız olsun və içdən gəlsin axı… Daha hər hansısa bir hadisə baş verən kimi əlinə kamera götürüb özünü reklam etməklə, “mən yardım edirəm”, “mən yardım toplayıram” deməklə xeyriyyəçi Tağıyev olunmur atam balası. Gərək sağ əlin verdiyini sol əl bilməsin…

Bu, məsələnin bir tərəfidir. İndi isə keçək Türkiyədəki zəlzələni özünə fürsət bilib bunun üzərindən özünü babat reklam edən Lənbəranskinin digər “hərəkətlərinə”. Deməli, sosial şəbəkələri açar-açmaz bir çox insanların bu adamı qınaq obyektinə çevirdiyini müşahidə edirəm. Səbəb isə Azərbaycan xalqının qardaş Türkiyəyə etdiyi könüllü yardımı Lənbəranskinin öz adına çıxarmasıdır. Guya xalq bu şəxsin çağırışlarından sonra kampaniya başladıb və “yardım aksiyası”na qoşulub. Ay Lənbəranski qardaş, elə bil çox oldu axı, bu qədər də yox da… Axı yardımsevərlik, xeyirxahlıq bu xalqın genindədir. Sən çağırış etsən də, etməsən də, Azərbaycan xalqı qardaş Türkiyəyə əlindən gələn köməyi əsirgəməyəcək.  İndi bu boyda xeyirxahlığı öz adına niyə çıxmaq istəyirsən, bu icazəni sənə kim verib?

Sabah mən də əlimə bir kamera və ya telefon götürüb çıxım şəhərə, başlayım insanları yardıma səsləməyə, sonra da deyim ki, millət mənim bir çağırışımla küçələrə axışdı? Ümumiyyətlə, bu faciə üzərindən özünü reklam etmək nəyə və kimə gərəkdir axı? Başa düşürəm, blogerlik edirsən, işin çəkmək və paylaşmaqdır.

Amma ən azından məlumat xarakterli paylaşımlar etsən, insanlar faydalanar. Daha çıxıb “mənim çağırışımdan sonra millət axışır”, yaxud “TIR”lar yola düşür” kimi özünü tərifləyən və reklama hesablanan videolar yaymaq kənardan heç də yaxşı görünmür.

“Qaş düzəltdiyin yerdə vurub göz çıxarırsan”. Elə ona görə də millətin haqlı tənqidinə tuş gəlirsən. Bir sözlə, xalqın etdiyini özününküləşdirmək, faciə üzərindən reklam qazanmaq, şoumenlik etmək heç kimə başucalığı gətirməyib. Nə qədər ki, gec deyil bu yoldan çəkinmək lazımdır, əks halda xalqın rəğbəti ilə ucalanı elə millət bir göz qırpımında “yerə çırpmağı” yaxşı bacarır.

Müşviq Tofiqoğlu,

KONKRET.az  



Oxşar Xəbərlər

Xəbər lenti