İsrailli hakerlərlə bağlı ŞOK ARAŞDIRMA: Dünya nəzarətdə...


İsrail mənşəli “Xorxenin komandası” adlı haker qrupu partiyaların və özəl şirkətlərin tələbi ilə dünyada baş verən siyasi proseslərə müdaxilə edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Maker”, “Haaretz”, “Le Monde” və “Der Spiegel” də daxil olmaqla, bir neçə tanınmış qəzetin jurnalistlərinin birgə araşdırmasında deyilir.

Haker qrupunun rəhbəri Tal Xanan “Xorxe” təxəllüsü altında çalışır. Jurnalistlərin sözlərinə görə, o, İsrail xüsusi təyinatlılarında xidmət edib. Xananın iddiasına əsasən, komandanın dünya üzrə 6 ofisi var və gizli şəkildə ictimai rəyi manipulyasiya edə bilir.

3 araşdırmaçı jurnalist özlərini Afrikada işləyən məsləhətçi kimi təqdim edərək “Xorxe komandası”ndan Qara qitə ölkələrindən birində seçkilərin təxirə salınması üçün kömək istəyiblər. Jurnalistlər yazır ki, görüşlərdə “Xorxenin komandası”nın üzvləri onlara sosial şəbəkələrdə dezinformasiya yaymaq, “Gmail” və Teleqram hesablarını sındırmaqla, o cümlədən yerli mobil operatorlarla əməkdaşlıq etməklə məlumat toplamaq imkanlarından danışıblar. Hesabatda qeyd edilir ki, qrup xüsusilə Çaddakı seçkiləri pozmaq üçün 6 milyon avro tələb edib.

“Xorxe komandası” həmçinin müxtəlif ölkələrdə 30-dan çox kampaniya həyata keçirdiyini və xüsusən də 2014-cü ildə Kataloniyada müstəqillik referendumunu pozmağa yönəlmiş kiberhücum təşkil etdiyini açıqlayıb. Həmin səsvermə həqiqətən baş tutmayıb.

İsrailli hakerlər Britaniyanın “Cambridge Analytica” şirkətinin xidmətlərini, o cümlədən 2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası üçün kömək təklif ediblər. 2018-ci ilin əvvəlində “Cambridge Analytica”nın Trampın seçki kampaniyası zamanı Feysbuk istifadəçi məlumatlarından qeyri-qanuni yararlandığı ortaya çıxıb. Qalmaqaldan sonra Feysbuk qurucusu Mark Zukerberq ABŞ Konqresində iki dinləmədə çıxış etməli olub və “Cambridge Analytica” öz işini dayandırıb.

Ümumilikdə, araşdırmaçılar “Team Jorge” və onun rəhbərliyi ilə 6 saatlıq söhbəti qeydə alıblar. Xanan qeyri-qanuni fəaliyyətlərdə iştirakını inkar edib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti