8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mərkəz israrla fizioterapevt və fizioterapistin bir-birindən fərqli olduğunu deyirsə, o zaman həkimlə doktor tamam fərqli anlayışlar, Çinlə Kitay, Niderlandla Hollandiya isə başqa-başqa ölkələrdir
Bir müddət öncə, daha dəqiq desək, martın 15-də "Hürriyyət" qəzetində və Hurriyyet.az saytında "Reflex" Reabilitasiya Mərkəzində DİPLOMSUZ "HƏKİM" başlıqlı məqalə yayımlanıb. Həmin yazıda Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən "Reflex" Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxsin tibb təhsilinin olmadığına, yəni diplomsuz həkim kimi fəaliyyət göstərdiyinə dair redaksiyamıza daxil olan informasiyanı oxucularımızla bölüşmüşdük.
Onu da qeyd edək ki, "Reflex" Reabilitasiya Mərkəzinin saytında - reflex.az-da Vasim Abdullayevin Azərbaycan Tibb Universitetini bitirdiyi qeyd olunsa da, əslində onun Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi olduğuna dair informasiya mövcuddur. Digər məlumatda isə həmin şəxsin Xəzər Universitetinin Tibb Fakültəsini bitirdiyi deyilir. Həmçinin, redaksiyamıza daxil olan informasiyada Vasim Abdullayevin cəmi-cümlətanı 3 aylıq təbabət kursunu bitirdiyi qeyd olunur. Həmçinin, o da bildirilir ki, "Reflex" Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti bundan öncə çalışdığı tibb müəssisəsindən məhz ali tibb təhsilinin olmaması səbəbindən kənarlaşdırılıb. Lakin bir müddət sonra Vasim Abdullayev kim(lər)insə yardımı ilə Reflex Reabilitasiya Mərkəzinin peşəkar həkimi kimi efirlərdə peyda olmağa başlayıb.
Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdik ki, sözügedən məqalə hazırlanarkən Vasim Abdullayevlə də əlaqə saxlanılıb. Məsələnin maraqlı tərəfi ondadır ki, Vasim Abdullayev tibb təhsilinin olduğunu bildirsə də, hansı universiteti və neçənci ildə bitirdiyini qeyd etməkdən imtina edib. Ardınca "Mən sizə cavab vermək məcburiyyətində deyiləm", deyərək suallarımızı cavablandırmaqdan boyun qaçırıb. Bunun üzərindən az qala bir aya yaxın vaxt keçdikdən sonra, yəni aprelin 5-də isə "Reflex" Reabilitasiya Mərkəzinin elektron ünvanından redaksiyamıza cavab məktubu gəlib.
Beləliklə, mərkəzin cavabında deyilir: "Haqqında paylaşım edilən Vasim Abdullayev 25 yanvar 2023-cü il tarixindən Mərkəzimizdə instruktor kimi çalışır. İşə götürülən zaman tibbi xidmətin təşkili, tibb işçisi ixtisası üzrə orta ixtisas diplomu əsas götürülmüşdür. İşə götürülən gündən etibarən Mərkəzimdə (Əslində, "mərkəzimizdə" yazılmalı idi. Lakin biz qarşı tərəfin cavab hüququnu tanıdığımızda düzəliş etmirik-red.) həkimlərimizin göndərdiyi xəstələrə reabilitasiya cihazları ilə bağlı yönləndirmə edir və məlumat verir. Həmçinin tibbi cihazların işləmə proseduruna nəzarət edir. Vasim Abdullayev my.gov.az portalında da instruktor kimi qeydiyyatdadır. Vasim Abdullayev Xəzər Universitetində tibblə bağlı təhsil almayıb. Bu universitetdə təhsili Turizm işinin təşkili ixtisası olub və hazırda universiteti dondurub. Həmçinin Turizm və Menecment Universitetində 2 kurs (2 kurs yox, 2-ci kurs olmalı idi-red.) tələbəsi deyil. Ümumiyyətlə bu universitetlə əlaqəsi yoxdur. Vasim Abdullayev 3 aylıq təbabət kursunu bitirməyib. Bu məlumat həqiqəti əks etdirmir. Həmçinin əvvəlki iş yerlərindən də öz istəyi ilə ayrılıb". Gördüyünüz kimi, "Reflex" Reabilitasiya Mərkəzi bu cavabıyla Vasim Abdullayev adlı şəxsin ali tibb təhsilli həkim olmadığını təsdiqləyib.
Hə, indi gəldik, cavab məktubunun ən maraqlı və həm də olduqca qəribə hissəsinə. Belə ki, "Reflex" Reabilitasiya Mərkəzi adından bizə cavab ünvanlayan şəxs iddia edir ki, fizioterapevt və fizioterapist tamam fərqli peşələrdir: "Qeyd edək ki, fizioterapevt və fizioterapist anlayışları bir-birindən tamamilə fərqlənir. Fizioterapevt kimi işləmək üçün tibbi diplom şərtdir. Amma fizioterapist kimi işləmək üçün orta təhsil diplomu və ya sertifikatı yetərlidir". Bununla bağlı apardığımız kiçik araşdırmanın, həmçinin peşəkar tibb işçilərinə ünvanladığımız sualların nəticəsində məlum oldu ki, fizioterapevt və fizioterapist eynimənzumlu anlayışlardır. Yox, əgər "Reflex" Reabilitasiya Mərkəzi israrla bunların bir-birindən fərqli olduğunu deyirsə, o zaman həkimlə doktor tamam fərqli anlayışlar, Çinlə Kitay, Niderlandla Hollandiya isə fərqli-fərqli ölkələrdir.
Mərkəzin cavab məktubunda qeyd olunan digər maraqlı məqam isə "Xəbər saytının əsas götürdüyü və Mərkəzimiz üçün hazırlanan saytda qeyd olunan səhvliklərə görə birbaşa məsuliyyət daşımırıq" fikridir. Burada adamı gic gülmək tutur. Axı, niyə siz öz saytınızdakı səhvlərə görə məsuliyyət daşımamalısınız?! Məgər, reflex.az-da Vasim Abdullayevin Azərbaycan Tibb Universitetini bitirdiyini biz qeyd etmişik? Əgər bu məntiqlə çıxış etsək, onda Hurriyyet.az-da yer alan "Reflex" Reabilitasiya Mərkəzində DİPLOMSUZ "HƏKİM" başlıqlı məqaləyə görə biz də məsuliyyət daşımamalıyıq. Odur ki, məqalənin üzərindən az qala bir ay keçdikdən sonra bizə cavab verməyə və bununla da köçünü sudan quru çıxarmağa çalışan hər kimdirsə, ona daha savadlı mövqe nümayiş etdirməyi məsləhət görürük!
Hurriyyet.az