“Azərbaycanda məmurların mal-mülkü və vəsaitləri hər il 100-200 faiz artır” - İLGİNC FAKTLAR

“Azərbaycanda məmurların mal-mülkü və vəsaitləri hər il 100-200 faiz artır”
Son günlər ölkədə yenidən məmurların həbsi ilə bağlı xəbərlər artıb. Belə ki, ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.

DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “Ər Transport” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Ölkədə illərdir antikorrupsiya əməliyyatları həyata keçirilir, icra başçıları, nazir müavinləri, hətta nazirlər həbs edilir. Görünən budur ki, həbslərdən, xəbərdarlıqlardan nəticə çıxarmayan məmurlar qalmaqdadır və onlarla mübarizə daha da gücləndirilməlidir. Yaxud da digər təsirli tədbirlər görülməlidir.

Hüquqşünaslar isə deyir ki, hüquq mühafizə orqanları bir tərəfdən korrupsiyaya bulaşmış məmurları həbs edir, digər tərəfdən Azərbaycan məhkəməsi həmin məmuru 3-5 ilə açıb buraxır. Müşahidələr də göstərir ki, korrupsiya ittihamı ilə həbs olunan sabiq məmurların böyük əksəriyyəti vaxtından əvvəl azadlığa buraxılır. Bu, digər məmurlarda “tutulsam da, tezliklə azadlığa çıxacam” kimi arxayınlıq yaradır. Halbuki SSRİ dönəmində ən ağır cinayətlər sırasında rüşvətxorluq və mənimsəmə də vardı ki, maddənin (88-1) sanksiyasında ölüm cəzası da nəzərdə tutulurdu. Ekspertlərə görə, həbs olunan şəxs cəzasını günə-gün çəkməlidir və belə şəxslərə qarşı qanunun ən sərt üzü göstərilməlidir. Əks halda, korrupsiyaya qarşı mübarizə effekt verməyəcək.

Ekspertlər hansı üsullar təklif edir? Dərs çıxarmayan məmurlarla nə etməliyik?

DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə istənilən nəticə əldə olunmur: “Bunun bir neçə səbəbi var. Əsas səbəb məmurların gəliri haqda bəyannamə verməməsidir. Əgər məmur ilin əvvəlində bəyannamə verib göstərsə ki, 100 min manatlıq mal-mülkü, 100 min manat da vəsaiti var, növbəti ildə bəyannamə yazarkən bu rəqəm uzağı 10 faiz civarında arta bilər. Azərbaycanda isə məmurların mal-mülkü, vəsaitləri hər il 100-200 faiz artır. Yəni korrupsiya səviyyəsi yüksəkdir. Bu istiqamətdə institusional tədbirlər görülür. Əlbəttə ki, cəza tədbirləri də paralel olaraq aparılır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində həbsə alınanların sayında yüksəliş var. Bu yüksəliş vəziyyətin dəyişməsinə təsir etmək gücündə deyil. Vəziyyəti dəyişmək üçün radikal addımlara ehtiyac var. Amma bu addımlar görüntü xatirinə olmamalıdır”.

Hüquqşünas deyir ki, 2007-ci ildə “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” qəbul olunub: “Sonradan bu strategiya üzrə fəaliyyət planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi istiqamətində ciddi göstərişlər verildi. Ötən müddətdə isə mübarizəni sürətləndirmək üçün çox əhəmiyyətli prezident fərmanları oldu, bir sıra qanunlara əlavə və dəyişikliklər edildi. Bu proses bu gün də davam etməkdədir. Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar ümumilikdə ölkədə ab-havanı dəyişib, feodal təfəkkürlü icra başçılarının sərhədsiz qanunsuzluqları nisbətən də olsa aradan qalxıb. Belə tədbirlərin davamlı olması ümumilkdə duruma müsbət təsir edir. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan icra başçıları, nazirlər öz cəzalarını alırlar. Onları nəzarətdə saxlayırlar, araşdırırlar, yeri gələndə həbsə alır, cəzaya çatdırırlar. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını alacaq”.

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq”.Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq”.

Hüquqşünas deyir ki, Azərbaycanda müsadirə praktikası var: “15 ildir ki, bu praktika tətbiq olunur. Nazirlərin, məmurların əmlakları müsadirə olunur. Lakin çox vaxt hakimlər müsadirə məsələsində tərəddüd edirlər. Cəmiyyət müsadirə məsələləri haqda məlumatlanmır. Amma yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca ictimaiyyətə məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır. Başçılar, məmurlar tərəfindən sahibkardan, iş adamlarından alınan əmlaklar, pullar da həmin o müsadirə olunan əmlakların, pulların hesabına sahiblərinə qaytarılmalıdır. Bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar çəkinmədən istintaq orqanına müraciət etməlidirlər”.

Hüquqşünas deyir ki, antrikorrupsiya tədbirlərinə məhkəmə sistemi də uyğun qərarları ilə dəstək verməlidir: “Bu gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlarla həbsə alınan nazir, icra başçısı məhkəmələrin hesabına cəzadan tez bir zamanda azad ediləcəklərinə arxayındırlar. Ona görə də onlarda belə bir düşüncə formalaşıb ki, bacardığım qədər çox oğurlayım ki, həbsə alınsam, bir hissəsini xərcləyim, həbsdə kef edim, qısa müddətdə azadlığa çıxım və pulları da götürüb ölkə xaricində özümə gün ağlayım. Bu düşüncə məmurları daha çox oğurlamağa, daha çox talamağa sövq edir. Odur ki, məhkəmələr korrupsiya cinayətləri ilə bağlı həbsə alınanlara qarşı bacardıqca qanunun sərt üzünü göstərməlidirlər. Məhkəmələrdə korrupsionerlərə loyal münasibət göstərilməsi praktikasına birdəfəlik son qoymalıdırlar. Əks halda, korrupsiya ilə mübarizə istənilən effekti verməyəcək. 1 ildən artıqdır ki, Səlim Müslümovun məhkəməsi gedir. Kimdir bu adam? 5 il əmək və əhalinin sosial müdafiəsi naziri olub. Nə qədər büdcə pulunu oğurlayıb? İş üzrə 27 milyon manat büdcə vəsaitinin oğurluğu var! İlinə az qala 6 milyon manat oğurluq! Amma bir nə görürük? Səlim Müslümov məhkəməyə evindən gəlib gedir. Ona niyə belə münasibət göstərilir? Axı Azərbaycan türmələrində ağır xəstə olan neçə-neçə məhbuslar var. Bu adamları həbsdə saxlayıb Səlim Mülümovun azadlıqda gəzib dolanmasına şərait yaratmaq əlbəttə ki, korrupsiya ilə mübarizə tədbirlərinə kölgə salır. Görülən işləri sıfırlayır. Ona görə də korrupsiya əməli məhkəmə hökmü ilə təsdiqlənən məmurun əmlakı qeyd-şərtsiz müsadirə olunmalı, onun taladığı sahəyə, rayona qaytarılmalı, xalqın, millətin bu çətin günündə rifahına xərclənməlidir. Onun özü isə ən sərt cəzaya çatdırılmalıdır. Bu gün sadaladıqlarım yoxdur, ona görə də vəziyyət dəyişmir”.



Oxşar Xəbərlər

Xəbər lenti