“Azərişıq”da korrupsiya faktları – ŞOK DETALLAR


30 ilə yaxın bu qurumda çalışan Bəhram Allahverdiyevdən açıqlamalar; ““Azərişıq” ASC-nin talanması ilə bağlı bütün korrupsiya faktlarının sübut və dəlilləri məndə var”

Astara rayonu, Artupa kəndində anadan olan, 1962-ci il təvəllüdlü Allahverdiyev Bəhram Əhməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 30 ilə yaxındır ki, Bakı şəhərində “Azərişıq” ASC-nin Nəsimi rayonu istismar sahəsində hava xətt ustası işlədiyini bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“2012-ci ildə hava xəttində işləyərkən insult keçirdim. Həmin müddət ərzində “Azərişıq” ASC-nin Nəsimi rayonu İstismar şöbəsinin rəisi vəzifəsində işləyən Surxay Ocaqov tərəfindən mənə heç bir maddi-mənəvi kömək olunmadı.

2019-cu ildə yenə iş vaxtı təcili yardım maşını ilə xəstəxanaya aparıldım. Həkimlər təcili olaraq ürək əməliyyatı olunmağımı məsləhət gördülər. Mən işə zəng edib, mühəndis Rəsulov Caməddindən şöbə rəisi Surxay Ocaqovun göstərişi ilə gördüyüm işlərin müqabilində alacağım pulları ondan alıb, mənə gətirməsini xahiş etdim. Amma mənə heç bir cavab verilmədi.

1 ildən sonra işə qayıtdım. Həmin vaxt Surxay Ocaqovu işdən kənarlaşdırmışdılar. Bir müddət sonra yenidən “Azərişıq” ASC-nin Sabunçu rayonu, Maştağa qəsəbəsinə - İstismar şöbəsinə rəis vəzifəsinə təyin olundu. Həmin vaxt “Azərişıq” ASC-nin Nəsimi rayonunda region rəisi vəzifəsində işləyən Həbib müəllimə yaxınlaşdım və ondan cənab sədrin qəbuluna düşməyimə kömək etməsini xahiş etdim. O isə cavabında, "Bacarmaram, özüm Surxayla danışıb həll edərəm", - dedi. Yenə də heç bir nəticə olmadı.

2020-ci ildən indiyədək dəfələrlə cənab sədrə ərizə ilə müraciət etdim, amma Surxay Ocaqovun əli ilə qıraqdan olunan müdaxilələrə görə, heç cür cənab sədrlə görüşə bilmədim. Məcbur qalıb, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya teleqram vasitəsilə müraciət etdim ki, mənim şikayətlərimə baxılması üçün cənab sədr Vüqar Əhmədovla görüşməyimə köməklik göstərilsin.

Sonradan sədrin köməkcisi Qədir İsmayılov və “Azərişıq” ASC-nin hüqüqşunası Arif müəllim məni qəbul edib, şikayətimi dinlədilər. Görülən işləri və haqlı narazılığımı onlara bildirəndən sonra, Qədir müəllim məndən 1 ay möhlət istədi, mütləq cavab verəcəyini dedi. Həmin vaxtdan 5 ay keçib, amma mənə heç bir cavab verilməyib.

Bu müddət ərzində dəfələrlə yazılı və şifahi müraciətlər etmişəm, amma qarşısı alınıb. Müraciətlərimin cavabsız qaldığını görüb, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuroluğa və Korupsiyyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər etdim. Yenə də “Azərişıq” ASC-yə ünvanlanmış bütün məktubların cənab sədrə çatmasının qarşısı alındı və heç bir cavab verilmədi.

Mənim məktublarımın, şikayətlərimin qarşısının alınması məqsədilə 15 ildir “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsində çalışan, ali təhsilli energetic, nəzarətçi mühəndis oğlum Anar Allahverdiyevə təzyiqlər edilməyə başlandı. Dəfələrlə baş idarənin, eləcə də Nizami rayon ETSİ-nin rəisi Elşad Məmmədov tərəfindən qəbul edilib

"Atana bu işdən əl çəkməsini bildir, yoxsa sənə də təsiri olacaq" deyilib və nəticə olaraq oğlum işdən kənarlaşdırıldı.

Elşad Məmmədov heç bir rəhbər işçilərdən, rəis heyətindən bu işlə bağlı müdaxilə olmadığı üçün Surxay Ocaqovun xahişi ilə, yerli (Qazaxlı) olduğu üçün, oğluma təzyiqlər göstərmişdir. Baş verən bu özbaşınalıqlardan, Surxay Ocaqovun pul hesabına özünə tutduğu rəhbər işçilərdən cənab sədrin çox guman ki, xəbəri yoxdu. Bu səbəbdən də müraciətlərimin hansısa bir şəkildə ona gedib çatmasının qarşısı alınır.

Surxay Ocaqovun özbaşnalıqları, korrupsiya əməlləri bununla da bitmir. Nəsimi rayonu ETSİ-də şəbəkə rəisi işlədiyi dövrdə vəzifəsindən sui-istifadə edərək, yüksək kilovatlıq xətlər MTK-lara satılıb. Eləcə də “Azərişıq” ASC-nin balansında olan transformatorların yerləri dəyişdirilərək MTK-lara satılıb. Həmçinin, transformator məntəqələri üçün nəzərdə tutulmuş ərazilər özəlləşdirilərək satılıb və yerində obyekt tikintiləri həyata keçirilib. Bir çox obyektlərin, eləcə də MTK-ların texniki şərtlərinə müdaxilələr edib saxtalaşdırılmışdır.

Hörmətli Sədr Vüqar Əhmədov! Sizin ölkə ərazisində gördüyünüz işlərə, Qarabağımızın işıqlanmasında əvəzsiz fəaliyyətinizə bu cür kölgə salınmasına icazə verməyəcəyinizə inanıram. Sadaladığım bütün bu qanunsuzluqların, yəni “Azərişıq” ASC-nin talanması ilə bağlı bütün korrupsiya faktlarının sübut və dəlilləri məndə var. Bir daha Sizə müraciət edirəm və mənim haqlı narazılığımı nəzərə alıb, qəbul etmənizi xahiş edirəm. Bildirirəm ki, şikayətlərimin, məktublarımın qarşısı alındığı təqdirdə haqqımın bərpa olunması üçün mübarizəmdən əl çəkməyəcəm. Cənab Prezidentimizin, Birinci vitse-prezidentimizin ədalətli qərar çıxaracağına güvənərək, müraciət və məktublarıma davam edəcəyəm”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti